Serbiyanın Novi Sad şəhərində güləş üzrə U23 dünya çempionatı davam edir. Azərbaycan təmsilçisi Ziya Babaşov (63 kq) dünən finalda moldovalı Vitali Yeryomenkoya 6:3 hesabı ilə qalib gələrək dünya çempionu tituluna yiyələnib.
Davud Məmmədov (77 kq) debütdə macarıstanlı Levente Levaya 0:5 hesabı ilə məğlub olub. Laçın Vəliyev (87 kq) dünən təsəlliverici görüşlərin ikisində qalib gəlsə də, bürünc medal uğrunda son qarşılaşmada amerikalı Payton Yakobsona 3:5 hesabı ilə məğlub olaraq mundialı 5-ci pillədə başa vurub. Ayxan Mərdanov (130 kq) isə 1/4 finalda rusiyalı Aleksandr Melexovla bacarmayıb – 0:9.
İkinci yarış günündə Elmir Əliyev (55 kq) yarımfinalda iranlı Armin Şamsipurhacını “tuş”la yolundan kənarlaşdırıb. Əliyev bu gün finalda rusiyalı Alibek Amirovla güləşəcək.
Fəraim Mustafayev (67 kq) 1/4 finalda belaruslu Qleb Makarankaya minimal fərqlə (3:4) məğlub olub.
Ruslan Nurullayev (72 kq) yarımfinala vəsiqə uğrunda mübarizədə iranlı İman Məhəmmədiyə məğlub olub – 3:5. Rəqib finala yüksəldiyi üçün Nurullayev bu gün təsəlliverici görüşə çıxacaq.
Əli Quliyev (97 kq) isə təsnifat mərhələsində rusiyalı Maksim Averinə (UWW) uduzub – 1:5.
Qabil YUSİFOĞLU
XQ