QHT layihəsi çərçivəsində “Vətən və Zəfər nəğmələri” kitabı çap olunub

post-img

“Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı”  İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” adlı layihə ilə qalib olub. Layihəyə bu il 1 iyundan start verilib. 

Əsas məqsəd İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır. 

Layihə çərçivəsində ilk dəfə hərbi marşlardan ibarət “Vətən və Zəfər nəğmələri” adlı kitab çap olunub. Bu kitaba I və II Qarabağ savaşları zaman ifa edilən və eyni zamanda, digər dövrləri əhatə edən hərbi marşlar salınıb.

Kitabın müəllifi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov bildirib ki, kitabda “Kitabi Dədə Qorqud”dan üzü bəri vətənpərvərlik mövzusunda poetik mətnlərdən istifadə edilib. Cümhuriyyət dövrü və ondan sonrakı dövrdə Azərbaycan və türk şairlərinin milli nəğmələri, marşları, zəfər duyğuları dərc olunub. O qeyd edib ki, kitabdan orta və ali məktəblərdə, eləcə də hərbi məktəblərdə milli və vətənpərvərlik tərbiyəsinin formalaşmasında istifadə etmək mümkündür.

Bədirxan Əhmədov daha sonra qeyd edib: “Qarabağın işğalından sonra Azərbaycan şairlərinin, demək olar, hamısı bu mövzuda əsərlər yazıb. Bu şeirlərdə Türkiyə-Azərbaycan ictimai, siyasi, hərbi birliyi ilə yanaşı, mənəvi birliyindən doğan böyük bir ümid və gələcəyə yönəlik mesajlar vardır. Həm Türkiyə, həm Azərbaycan şeirində Qarabağ mövzusunda birlik və bərabərlik mesajları verilir. Araşdırmalar göstərir ki, ictimai, siyasi, hərbi birlik olan zaman ədəbiyyat, poeziya da bu birliyi tərənnüm edir və yaşadır. XX yüzilin əvvəllərindən başlayan bu birlik mesajları bütün türklərin birləşməsi üçün bir örnək xarakteri daşıyır. Bütün bunlar türklüyün gələcək həyat yolunda Turan ideyasının və Turançılığın poetik dərketməsinin ilk mərhələsidir. Düşünürük ki, hələ bundan sonra da Türkiyə və Azərbaycan ordusunun zəfərlərinə yeni şeirlər həsr olunacaq. Yüz il əvvəl Nuru Paşaya poetik öygülər olduğu kimi, bugünün müharibə qəhrəmanlarına da yeni öygülər yazılacaq”.

P.Əmircanov
XQ

Elm