Oktyabrın 14-16 tarixlərində Avstriyanın Vyana şəhərində Avropa Probasiya Konfederasiyasının (CEP) 15-ci Baş Assambleyası və “Probasiya sahəsində gender əsaslı zorakılıq: çağırışlar və öyrənilmiş dərslər” mövzusunda beynəlxalq konfrans keçirilib.
XQ-yə bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, NEUSTART təşkilatı ilə əməkdaşlıq çərçivəsində keçirilən və Avropanın müxtəlif ölkələrindən 100-dən artıq CEP üzvü, probasiya xidmətlərinin rəhbər şəxsləri, probasiya mütəxəssisləri, habelə ekspert və alimlərin qatıldığı tədbirdə ölkəmizi Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayev təmsil edib.
İki hissədən ibarət olan tədbirin birinci hissəsində CEP-in 15-ci Baş Assambleyası tərəfindən qurumun üçillik fəaliyyəti qiymətləndirilib, qarşıdakı illər üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib, eləcə də quruma yeni üzvlərin yekun təsdiqi həyata keçirilib, CEP İdarə Heyətinin yeni üzvləri, o cümlədən prezident və vitse-prezidentlər seçilib.
Eyni zamanda, oktyabrın 15-də CEP-in Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin quruma tam üzvlüyü Baş Assambleya tərəfindən yekdilliklə təsdiq edilib və artıq xidmətin adı CEP-in rəsmi saytında üzv kimi qeyd olunub.
Qeyd edək ki, tam üzvlük statusunun əldə edilməsi Azərbaycana CEP-in təqdim etdiyi bütün imkanlarından tam faydalanmaq hüququ verir. Bununla da ölkəmiz digər üzv dövlətlərlə bərabər hüquq və vəzifələrə malik olur, CEP tədbirlərinə həm iştirakçı, həm də spiker qismində qatılmaq, ekspert qruplarının və şəbəkələrinin fəaliyyətində yer almaq, habelə müxtəlif tədbirlərdə iştirak etmək üçün güzəştlərdən yararlanmaq imkanı qazanır.
Tədbir çərçivəsində keçirilən seminarlar reabilitasiya sahəsində qabaqcıl təcrübələrin öyrənilməsinə, qurumlararası əməkdaşlığın gücləndirilməsinə, həmçinin bərpaedici ədliyyə və zərərçəkmiş şəxslərlə işə yönəlmiş yanaşmaların təkmilləşdirilməsinə həsr edilib.
Nurəngiz Adilqızı
XQ