Çörək bahalaşmayacaq

post-img

Dövlət unun qiymətində artımı nəzarətdə saxlayır

Son günlər Azərbaycanda unun bahalaşması müşahidə olunur. Belə ki, aprel ayında 25 manat 5 qəpiyə satılan 50 kiloqramlıq bir kisə un may ayında  27 manat 35 qəpiyə yüksəlib. Qiymət artımı iyun ayının əvvəllərindən etibarən də davam edib. Belə ki, əvvəlki aylarda 26-27 manata satılan 50 kiloqramlıq un kisəsi hazırda satış məntəqələrində 30-32 manata təklif edilir. Əla növ unun kisəsinin fabrik qiyməti isə ötən ay 26,8 manat olduğu halda, artıq 28,5 manata çatıb. 

Yeri gəlmişkən, hazırda Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Həmin qurumların bəziləri hətta ötən ilin oktyabr-noyabr aylarında 50 kiloqramlıq unun bir kisəsini 1 manat bahalaşdırmışdılar. Araşdırmalara əsasən, bu sahədə ən yüksək artım Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən fiziki şəxs İsgəndər Mirzəyevə məxsus topdansatış mərkəzində qeydə alınmışdı. Belə ki, avqust ayının sonunda burada satılan 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26 manat 10 qəpik olduğu halda, oktyabr ayının əvvəlində 27 manat 25 qəpiyə qaldırılmışdı. Bununla yanaşı, ötən müddətdə “Dəvəçi-Dəyirman”, “Dəvəçi-Taxıl”, “Şəmkir Un-Yem” və “Sünbül 2012” məhdud məsuliyyətli cəmiyyətlərə məxsus topdansatış mərkəzlərində də unun satış qiymətləri qaldırılıb. 

Bu sahədə çalışan şirkətlər isə bahalaşmanı, əsasən, Rusiyanın taxıl ixracına qoyulan məhdudiyyətlə izah edirlər. Ölkənin bir sıra tanınmış ekspertləri isə unun qiymətindəki bahalaşmanı dünya iqtisadiyyatında baş verən proseslərlə əlaqələndirirlər. Onların fikrincə, son zamanlar maliyyə sektoru ilə real istehsal sektoru arasında problemlərin, uyğunsuzluqların getdikcə artması ilə yanaşı, ölkələr arasındakı iqtisadi və geosiyasi ziddiyyətlər də kritik dərəcədə böyüyür. Bütün bunlar da qiymət amilinə öz təsirini göstərir. Ekspertlər yaxın aylarda dünya bazarında qiymətlərin pul-kredit siyasətinin sərtləşməsi hesabına bir qədər sabit saxlanmasına baxmayaraq, kəskin bahalaşmanın baş verəcəyini də istisna etmirlər. Bu da qlobal və regional bazarlarda qiymət artımına səbəb olacaq. Onlar qeyd edirlər ki, Azərbaycan idxaldan asılılığı azaltmasa, bu bahalaşma ölkə iqtisadiyyatına öz təsirini göstərəcək. Bunun qarşısını almaq üçün isə dövlət yerli istehsala daha çox sərmayə yatırmalı, kənd təsərrüfatı sektorunun inkişafı maksimum şəkildə təmin edilməli və regional iqtisadi əməkdaşlıq çərçivəsində zəngin resurs bazasına malik olan qonşu ölkələrlə iqtisadi əməkdaşlıq dərinləşdirilməlidir. 

Unun satış qiymətlərində belə bir artım, hələlik, çörəyin bahalaşmasına səbəb olmasa da, istənilən halda bu, əhali arasında narahatlığa səbəb olub. Hətta bunu növbəti qiymət artımının anonsu kimi dəyərləndirənlər də var. Bəziləri iddia edirlər ki, unun qiymətində bahalaşma tezliklə digər məhsullarda da qiymət artımına gətirib çıxara bilər. Artıq unun qiymətinin qalxması dövlət qurumlarını da hərəkətə gətirib. Belə ki, Azərbaycanda unun bahalaşması ilə əlaqədar olaraq bu sahədə çalışan şirkətlərə və sahibkarlara xəbərdarlıq edilib. 

Bu arada, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətində ölkədəki un istehsalçıları ilə görüş keçirilib. Görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində rəis müavini Elnur Bağırov, antiinhisar nəzarəti və istehlak bazarına nəzarət şöbələrinin rəhbərləri Fuad Yadigarov və Yusif Tapdıqlının iştirakı ilə dövlət–özəl dialoqu çərçivəsində müvafiq sahədə fəaliyyət göstərən iri sahibkarlıq subyektləri və onları təmsil edən assosiasiyalar iştirak edib. Onların arasında ölkənin ən iri un istehsalçıları sayılan “Karat Holdinq” MMC, “Karmen” MMC, fiziki şəxs İskəndər Mirzəyev, “ATS Mill” MMC, “Dəvəçi Dəyirman” MMC və digərləri də olub. Rəsmi məlumata görə, görüşdə unun qiymətinin artması, Azərbaycan üçün əsas idxal bazarlarında, yəni Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın hazırkı qiyməti və bu qiymətlərin Azərbaycanda unun qiyməti ilə uyğun olub-olmaması müzakirə edilib.

Tədbirdə şirkətlərə bildirilib ki, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinin tələblərinə ciddi riayət olunmalıdır. Üstəlik, onların nəzərəinə çatdırılıb ki, cari ilin iyul ayının 1-dən etibarən ölkədə Rəqabət Məcəlləsi qüvvəyə minəcək. Bununla əlaqədar iş adamlarına sözügedən sənəddəki  tələblər xatırladılıb. Eyni zamanda, qeyd olunub ki, əsassız, süni qiymət artımının qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görülür.

Eldəniz ƏMİROV, 
iqtisadçı-ekspert 

Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, Rusiya–Ukrayna münaqişəsi bir çox məhsullara, eləcə də taxıla olan tələbatın ödənilməsində müəyyən problemlər yaradacaq. Nəzərə almaq lazımdır ki, həm Rusiya, həm də Ukrayna ciddi taxıl istehsalı və ixracına malikdirlər. Dünya üzrə buğda istehsalının 25 faizi, qarğıdalı istehsalının isə 20 faizdən çoxu məhz bu iki dövlətin payına düşür. Ona görə də bir çox ölkələrdə, xüsusilə də idxaldan asılı olan dövlətlərdə taxıl tələbatının ödənilməsi ilə bağlı ciddi problemlər yaşana bilər.

Taxıl ixracı potensialına malik ölkələrdə istehsalın zəifliyi, eyni zamanda, ixraca qoyulan rüsumların qaldırılması qiymət artımına səbəb olacaq. Qiymətlərin bahalaşması da yerlərdə unun, eləcə də çörəyin bahalaşmasına gətirib çıxaracaq. Bu, real gözləntidir. Sadəcə olaraq, qiymət artımının qarşısının alınması üçün dövlət dəstək proqramlarının işə salınması, subsidiyaların verilməsi mümkündür. İstənilən halda, Azərbaycanda qıtlıq olacağını hesab etmirəm, çünki ölkənin valyuta ehtiyatı hesabına taxıla olan tələbatın ödənilməsi mümkündür. Nəzərə almaq lazımdır ki, Azərbaycanın valyuta ehtiyatı artır. Müharibənin inflyasiya, qiymət artımı, taxıl qıtlığı yaratmaq ehtimalı olsa da, eyni zamanda, bu müharibə dünya bazarında neftin və qazın qiymətinin qalxmasına gətirib çıxarıb. Bu da ölkəmizə daha çox valyuta ehtiyatının daxil olmasına zəmin yaradıb.

O ki, qaldı ölkəmizdə unun qiymətinin artmasına, ilk növbədə, qeyd etmək istəyirəm ki, 50 kiloqramlıq un kisəsinin 25 manat 5 qəpikdən 27 manat 35 qəpiyə qədər qalxması bu sahədə 2 manat 30 qəpiklik bahalaşma deməkdir. Bu isə qiymətin hər 1 kiloqram un üçün 4,6 qəpiklik artımıdır. Belədə isə 500 qramlıq hər çörəyə 2-3 qəpik artım payı düşür. Odur ki, 50 kiloqramlıq un kisəsinin 2,3 manat artmasının hazırda çörəyin qiymətinə təsir etməyəcəyini demək olar. Amma bir məsələ də var ki, istehsalçılar qiyməti nəzarət səbəbindən qaldıra bilməsələr də, hər çörəkdə 2 qəpik itirməmək üçün çəkini 20 qram azalda bilərlər. Ona görə ki hazırkı qiymətlərlə hər 10 qram çörəyin satış qiyməti, təxminən, 1 qəpikdir. Odur ki, 2 qəpik itirmək istəməyənlər çörəyin çəkisini 20 qram kəsmək fikrinə düşə bilərlər. 

Bir məqamı da qeyd etmək istəyirəm ki, Azərbaycanda kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin həcmini, torpağın keyfiyyətini, taxıl əkini sahələrinin həcmini və yetişdirilə bilən buğdanın keyfiyyət göstəricilərini, eləcə də artan əhali sayını nəzərə alsaq, deyə bilərik ki, biz hər zaman ərzaqlıq buğdanın böyük hissəsini hansısa ölkədən idxal edəcəyik. Bu isə unun qiymətində bu cür artıb-­azalmaları qaçılmaz edəcək. Ona görə də çörəyin qiyməti dövlət tərəfindən müxtəlif alətlərin köməyi ilə tənzimlənir və onun hər kəs üçün əlçatan olması təmin edilir.



İqtisadiyyat