Erkən və qohum nikahlar keçmişdə qalacaq

post-img

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclasında komitə sədri Hicran Hüseynova gündəlikdə olan 4 məsələyə 2 qanun layihəsinin də daxil edildiyini bildirib. Qeyd edilib ki, Ailə, eləcə də Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə hazırlanıb. 

Əslində, qanunvericilikdə üzürlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılması  əksər hallarda yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Komitə sədri diqqətə çatdırıb ki, layihədə adları çəkilən məcəllələrə dəyişiklik edilməklə, nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğvi, erkən evliliyin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Bildirilib ki, bununla yanaşı, qanun layihəsində aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsinə dair təkliflər yer alıb. Belə ki, Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı, qardaşların və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, eləcə də bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi gündəmdədir.

Məsələ ətrafında müzakirələrdə çıxış edən komitə sədrinin müavini Jalə Əliyeva, deputatlar Rəşad Mahmudov, Sədaqət Vəliyeva, Tamam Cəfərova, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov təklif olunan dəyişikliklərin zəruri olduğunu bildiriblər.

Xatırladaq ki, “Xalq qəzeti” son dövrdə hər iki mövzuda “dəyirmi masa” müzakirəsi təşkil etmiş, bununla bağlı  ekspertlərin rəylərini öyrənmiş, geniş ictimai diskussiya təşkil etmişdir. Milli Məclis komitəsində aparılan müzakirə ilə bağlı yenidən mütəxəssis və ekspertlərə müraciət etdik.

Müvafiq qanun dəyişikliyinə münasibət bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova XQ-yə açıqlamasında bildirdi: 

– Qohum və erkən evlilikdə narahatedici məqam Azərbaycanda xəstə doğulan uşaqların artan statistikasıdır. Əlilliyi rəsmiləşdirilənlərin sayı 70 minə yaxındır. Qohum evliliyinin ən ağır fəsadlarından biri belə nikahlardan doğulan uşaqların sağlamlıq vəziyyətidir. Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması riski 2–4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4–8 faizdir. Yəni, bu risk 2 dəfə artır. 

Genetik xəstəliklərlə doğulan uşaqların 8,4 faizi bu ailələrin payına düşür. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evlilklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı da digər evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərində ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ-sinir, ürək-damar və şəkər xəstəlikləri, ağıldankəmlik kimi anormallıqlardır. Buna görə də layihədə təklif edilən dəyişiklikləri zəruri hesab edirəm. 

Azərbaycan Tibb Universiteti  II mamalıq-ginekologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Hicran Bağırova isə dedi:

– Hər insanın DNK-nı formalaşdıran 23 cüt xromosom və funksiyalarını müəyyənləşdirən, kodlaşdıran genlər var. Həmin genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Qohumla evlənəndə zərərli genlərin qarşılaşma ehtimalı yüksək olduğundan doğulan uşaqların müəyyən xəstəliklərə tutulması riski yüksək olur. Qohum evliliklər zamanı yaranan bəzi genetik xəstəlikləri uşaq ana bətnində olarkən aşkarlamaq mümkündür. 

Bəzi xəstəliklər isə uşaqlıq, gənclik dövründə aşkarlanır. Hətta 40 yaşlarında da özünü büruzə verən genetik xəstəlik mövcuddur. Qanuna dəyişiklik edilməsi gələcəkdə doğulan uşaqların sağlam olmasına zəmanət verir. Sağlam uşaq şansları normal olanda problem yaranmır. Bütün bunlardan sonra gənclər, eləcə də valideynlər bir şeyi bilməlidirlər ki, ailəyə, cəmiyyətə sağlam uşaq bəxş etməyin ən düzgün yolu qohumlarla və erkən nikaha girməməkdir.

“Leyla” Klinikasının şöbə müdiri, pediatr Sahib Cəfərov da qanun layihəsinin problemin həllinə meydan açacağını söylədi:

– Statistikaya görə, respublikamızda qeydə alınan nikahların təxminən 60 faizi qohumlar arasındadır. İrsi xəstəliklərin yayılma tempi 15 faiz təşkil edir. Bunlar arasında ən çox yayılanı talassemiyadır. Bu xəstəliyin daşıyıcıları arasında qohumla evlənmə faizi yüksəkdir. Onların isə dünyaya xəstə uşaq gətirmə ehtimalı 25 faizdir. Uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşaqların aşağı çəki ilə dünyaya gəlməsi faktlarına ən çox qohum nikahlarında rast gəlinir. İnsan bu zaman bəlli bir genetik yüklə, mutasiya ilə doğulur. Xəstəliyin irsiyyət tipinə görə uşaq mütləq ya xəstə, ya da daşıyıcı olacaq.  

Çoxillik təcrübəmə əsaslanıb valideynlərə demək istəyirəm ki, qohumluq bağlarını möhkəmlətmək və ya nəyinsə naminə balalarınızı oda atmayın. Qohum və erkən evliliyi unudun. Xəstəliklə uzunmüddətli mübarizə insanın ömrünü həm mənəvi, həm də fiziki cəhətdən qısaldır. Milli Məclisdə qaldırılan bu məsələ, əminəm ki, gələcəkdə sağlam nəsil yaranmasına təkan olacaq.

Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyevanın açıqlaması:

– Qanunvericilikdə qeyd olunur ki, üzürlü səbəb olduqda, müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 il müddətinə azaldılmasına icazə verə bilər. Üzürlü səbəb sözü artıq problem yaradırdı. Nikaha daxil olmaq istəyən şəxslərin yaxın qohumlarının, 
valideynlərinin xəstəliyi, uzunmüddətli ezamiyyət, başqa ölkəyə köçmək və ən çox rast gəlinən hamiləlik məsələsidir. Biz yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi işi üzrə komissiya olaraq bu məsələləri müzakirə edəndə baxırdıq ki, nə nənənin, nə atanın xəstəliyi, nə ezamiyyətə getmək məsələsi uşaqların hüquqlarını müdafiə etmir. 

Burada yeganə hal hamiləlik məsələsidir ki, biz belə olanda nikah yaşının azaldılmasına razılıq verirdik. Çünki hamilənin qeydiyyata alınması, doğulan uşağın sosial hüquqlarının müdafiəsi istiqamətində lazımi tədbirlərin görülməsi məqsədilə nikah bağlanmalıdır. 16–18 yaş arası cinsi azadlıq belə erkən hamiləliyə səbəb olur. O da özlüyündə uşaq evliliyinin bir il azaldılmasına təkan verir. İlk növbədə, 16–18 yaş arası cinsi azadlıq qadağan olunmalıdır ki, bu hal erkən evliliyə yol açmasın. Çünki biz cinsi azadlığa razılıq veririksə qızların hamilə olması ehtimalını da düşünməliyik.  

Genetik Ehtiyatlar İnstitutunun doktorantı, Şəfa Müalicəvi Diaqnostika Mərkəzinin həkim-genetiki Mircavid Müslümov da qanuna dəyişikliyin günün tələbindən irəli gəldiyini vurğuladı:

– Hazırda dünyada 8 mindən çox genetik xəstəlik müəyyən edilib. Statistikaya əsasən yeni doğulanların təxminən 2 faizi irsi xəstəliklər və ciddi inkişaf qüsurları ilə dünyaya gəlir. Genetik xəstəliklər, ya ana bətnində döldə öz-özünə və ya irsi olaraq valideynlərdən genetik kodlarda baş verən dəyişikliyin bizlərə ötürülməsi ilə əmələ gəlir. Normal halda hər kəs düşünür ki, nəslimizdə genetik xəstəlik yoxdur, buna görə də uşağımızda problem olmaz. Amma bu, tamamilə yanlış fikirdir. İstər qohum, istərsə də yad evliliklərdə genetik xəstə uşaq doğulması ehtimalı var. 

Qohumla qurulan ailələrdə yad evliliklərə nisbətən qüsurlu uşağın doğulma ehtimalı iki dəfə çoxdur. Təbii ki, yadlarla qurulan evliliklərin daha çox olması arzuolunandır ki, gizli keçən xəstəliklər özünü büruzə verməsin və xəstə uşaqlar doğulmasın. Dünyada ailə quranların 20 faizi qohumlardır. Xəstə doğulan uşaqların 8,4 faizi bu ailələrin payına düşür. Qohum evliliklərində ən çox rast gəldiyimiz qan, sümük-əzələ, ürək-damar sistemi və metobolik xəstəliklərdir. Araşdırmalara görə, daun sindromu hər 800 doğuşdan bir olursa, tək gen xəstəlikləri hər 100 doğulanın birində üzə çıxır. 

Qanun layihəsinə münasibət bildirən ekspertlərin ümumi fikri belə oldu ki, erkən və qohum evliliklərə, nəhayət, hüquqi baxımdan son qoyulmalıdır. Bu, cəmiyyətə sağlam uşaq verməyin düzgün yoludur.

Zərifə BƏŞİRQIZI 
XQ

 









Sosial həyat