Gürcüstanda yaşayan azərbaycanlıların Avropaya daha asan inteqrasiyasına kömək etmək üçün həm dövlət, həm qeyri-hökumət təşkilatları, həm də ayrı-ayrı vətəndaşlar tərəfindən müəyyən addımlar atılır. Bu işlərdən biri də azərbaycanlı gənclər üçün icma mərkəzlərinin yaradılmasıdır.
Bu sözləri Gürcüstanın Bolnisi rayonunun Arıxlı kənd icma mərkəzinin direktoru Çinarə Nəbiyeva XQ-yə açıqlamasında bildirdi. İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetini bitirdikdən sonra doğma kəndində gürcü dili müəllimi işləyən soydaşımız həm də Bolnisi meriyasında tərcüməçi vəzifəsini icra edir. Onun sözlərinə görə, Gürcüstan parlamentinin deputatı Qoqi Meşvelianinin təşəbbüsü ilə azərbaycanlıların kompakt yaşadığı 4 kənddə – Arıxlı, Faxralı, Kəpənəkçi və Darvazda gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün icma mərkəzləri yaradılıb.
İcma mərkəzinin rəhbəri daha sonra dedi: “Ölkədə yaşayan milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası elə formada həyata keçirilməlidir ki, onların etnik və milli mənsubiyyəti qorunub saxlanılsın. Mərkəzlərin açılması olduqca vacib layihədir və ümid edirəm ki, bu məkanlar yerli azərbaycanlıları narahat edən bəzi məsələlərin həllində, onların milli, mədəni və mənəvi irsinin təbliğində mühüm rol oynayacaq”.
Müsahibimiz əlavə etdi ki, yeni yaradılmış icma mərkəzlərində gənclərə layihə hazırlamaq qaydaları, hüquqların qorunması, zorakılığa qarşı mübarizə, büdcə planlaşdırılmasında iştirak və milli bayramların keçirilməsinin təşkili və s. kimi məsələlər öyrədilir. Bundan başqa, ölkənin milli-mənəvi, mədəni, tarixi irsi, həmçinin Azərbaycan və gürcü tarixi abidələri ilə tanışlıq üçün gənclərin ekskursiyaları təşkil olunur. Mərkəzlərdə Azərbaycan və gürcü dillərində uşaq kitabxanasının açılması üçün artıq rayon meriyasına müraciət olunub. Bu məsələnin tezliklə öz həllini tapacağı gözlənilir.
Paşa ƏMİRCANOV
XQ