Erməni polisi döyür...

post-img

Qərb isə üzünü yana çevirir

Maraqlı dövrdə yaşayırıq. Əslində, burada “maraqlı” sözünü “biabırçı” ifadəsi ilə əvəz etsək, daha məntiqli olardı. Çünki birinə bir söz, digərinə başqa söz deyilən dünyada nəfəs alırıq. Axı necə olur ki, özünü mütərəqqi dünyanın ölkələri elan edən Qərb Ermənisanda polis zorakılığına göz yumur, Gürcüstanda polisin qanuni tələblərinə tabe olmayanlara qarşı həyata keçirilən tədbirləri kəskin tənqid edir? Məsələ gün kimi aydındır, Ermənistan Qərbin yeni “ovudur” və erməni polisi istədiyi kimi sıravi İrəvan sakinini dəyənək altına sala bilər. Çünki Qərbin maraqlarına cavab verən istənilən ölkədə polis özbaşınalığına “yaşıl işıq” yandırılır.

Hələ 2019-cu ilin iyununda Ermənistan parlamentinin o zamankı spikeri, indi isə xarici işlər naziri Ararat Mirzoyan həm ölkə daxilində, həm də xaricdə çoxlarında gülüşə səbəb olan bəyanat səsləndirmişdi. Mirzoyan qürurla bildirmişdi ki, “...bu gün Ermənistan azadlığın və demokratiyanın qalasıdır”. Əlbəttə, sonrakı daxili siyasi proseslər də göstərdi ki, erməni “demokratiyası” boş söz, saxta, aldatmacadır. Çox keçmədi ki, “bütün dövrlərin və xalqların demokratı” Nikol Paşinyan siyasi düşmənlərinin ovuna başladı. Paşinyan sırf qisas hissi ilə keçmiş rəqibləri Robert Köçəryanı və Serj Sarqsyanı təqib etdi. Erməni baş naziri bu iki qatil sabiq prezidenti Azərbaycana qarşı cinayət əməllərinə görə təqib etmirdi. Əsla! Sadəcə, N.Paşinyan bu iki canidən şəxsi qisasını alırdı. “Siyasi əqidəsindən asılı olmayaraq hər bir insanın hüquqları qorunmalıdır” deyən Qərb isə erməni baş nazirinin qanunazidd addımlarına zəruri reaksiyanı göstərmirdi.

İndi də eyni mənzərəni müşahidə edirik. İrəvanda polis etirazçıların başına dəyənək endirir, gözyaşardıcı qaz sıxır, səsli qumbaralar atır, hətta bundan bir nəfər biləyindən olur, Qərbdə məzar sükutu hökm sürür. Guya bütün dünyada demokratiya və insan haqlarının müdafiəsinə qalxan Qərb dünyası Ermənistanda baş verən çoxsaylı pozuntu faktlarına biabırçılıqla göz yumur. Maraqlıdır ki, iyunun 12-də parlament qarşısına toplaşan etirazçılara İrəvan polisinin zorakılıq tətbiq etdiyini hökumət də etiraf edir. Məsələn, Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib ki, iyunun 12-də “Vətən naminə Tavuş” aksiyasının təşkilatçıları tamam başqa məntiqlə hərəkət etdiyindən polis parlament binası yaxınlığında güc tətbiq etməyə məcbur olub. Amma videokadrlardan da görünür ki, polis etirazçılara qarşı güc tətbiqində həddə aşır. 

Əslində, ilk dəfə deyil ki, İrəvan polisi zorakılıq nümayiş etdirir. Bunu sabiq Ombudsman  Arman Tatoyan da bildirib. Onun sözlərinə görə, polisin nümayişçilərə qarşı zorakılığı Ermənistan hakimiyyətinin birbaşa göstərişi ilə həyata keçirilib: “İyunun 12-də Baqramyan–Dəmirçyan kəsişməsində parlamentin binası qarşısında baş vermiş zorakılıq və polisin mitinq iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə etməsi halları kobud qanun pozuntusu ilə həyata keçirilib”. A.Tatoyan qeyd edib ki, polis xüsusi vasitələrdən istifadə etməzdən əvvəl daimi və düzgün məlumat verməli, onlardan istifadənin əsaslarını göstərməlidir: “Gözyaşardıcı qaz qumbaralarının və digər oxşar qurğuların insanlara vurduğu zərəri nəzərə alaraq addım atılmalıdır. Mitinq iştirakçılarının polis əməkdaşları tərəfindən qrup şəklində və fərdi şəkildə döyülməsi cinayət məsuliyyətinə səbəb olur”.

A.Tatoyan əmin olduğunu vurğulayıb ki, iyunun 12-də hökumət başçısının polisin, o cümlədən cinayət cəzası nəzərdə tutulan hərəkətlərini dəstəkləyən siyasi bəyanatlarla çıxış etməsi polisin daha radikal addım atmasına əsas verdi: “Parlament sədri səs qumbaralarından istifadəni dərhal “ədalətli” hesab etdi, halbuki buna onun haqqı çatmırdı. Bu bəyanatlar zorakılıq və nümayişçilərə qarşı xüsusi vasitələrdən istifadə baxımından hüquq-mühafizə orqanlarının əməkdaşlarına “sərbəst hərəkət etmələri” üçün siyasi siqnaldan, cəzasızlıqdan başqa bir şey deyil”. Onun sözlərinə görə, bu hərəkətlər nəticəsində həm nümayişçilər, həm də polislər zərər görüb.

Ermənistan KİV-i yazır ki, xüsusi texnikanın tətbiqi nəticəsində 10-a yaxın media nümayəndəsi xəsarət alıb, redaksiya avadanlıqları zədələnib. Mətbuatda aksiyanın keçirildiyi ərazidə işləyən jurnalistlər və operatorlar istiqamətində səs-küylü qumbaraatanların hədəfə alındığına dair görüntülər yayılıb. Üstəlik, internet resurslarında çox sayda videogörüntülər var ki, onlarla polis əlləri ilə başını və üzünü qorumağa çalışan nümayişçiləri sərt şəkildə döyür. Ermənistan polis rəisi polislərin bu hərəkətlərinə haqq qazandırmağa çalışıb, ancaq hadisələrin videogörüntüləri bunun əksini göstərir.

Yerli insan hüquqlarının müdafiəsi təşkilatları da erməni polisinin zorakılığından bəhs edirlər. Amma Qərbdən Paşinyan hökumətini qoruyan polisin etirazçılara qarşı qanunazidd əməllərini qınayan bəyanatlar səsləndirilmir. Arminfo.am saytının yazdığı kimi, “2018-ci ilə qədər Ermənistanda insan hüquqlarını canfəşanlıqla müdafiə edən hüquq müdafiə təşkilatları və xarici diplomatik nümayəndəliklər məzar sükutunu saxlayırlar”. 

S.ELAY 
XQ

 

Siyasət