Bir neçə saatdan sonra 2024-cü il futbol üzrə Avropa çempionatının açılış mərasiminə start veriləcək. Futbol azarkeşlərinin böyük maraqla və səbirsizliklə gözlədikləri və bir ay davam edəcək turniri izləmək üçün Almaniyaya 3 milyon azarkeş toplaşacaq. 12 milyon turist isə sadəcə bu sehirli futbol mühitinə köklənmək üçün Almaniyanın 10 şəhərinə səyahət edəcək.
Mötəbər turnirin açılış matçı bu gün - iyunun 14-də Bakı vaxtı ilə saat 21:00-da Münxendəki “Alyans-arena”da 67 min azarkeşin qarşısında keçiriləcək. Açılış matçında turnirə evsahibliyi edən Almaniya millisi Şotlandiya yığma komandası ilə qarşılaşacaq.
Əvvəlki turnirlərdən fərqli olaraq, bu futbol bayramının açılışı elə də təmtəraqlı olmayacaq. Lakin bu ənənəni pozmaq da doğru olmazdı. Adətən turnirin açılış mərasimini oyuna 20-30 dəqiqə qalmış musiqiçilərin çıxışları, təmtəraqlı şou və atəşfəşanlıq müşayiət edir. Amma bu dəfə deyəsən ənənə pozulacaq...
Əminliklə demək olar ki, futbol azarkeşləri elə ilk matçdan başlayaraq böyük ehtirasla turnirin əsas favoritlərindən sayılan Almaniya millisinin oyununa köklənəcəklər. Avro 2024-ün əsas favoritlərindən sayılan Almaniya millisinin yer aldığı A qrupunda rəqibləri Şotlandiya ilə yanaşı, Macarıstan və İsveçrə milliləridir.
UEFA 2024-cü il Avropa çempionatının Almaniya və Şotlandiya yığmaları arasında keçiriləcək açılış oyununa Klement Tyurpinin rəhbərliyi altında çalışacaq Fransanın hakimlər briqadasını təyin edib.
Almaniya millisi üçün bu turnirin özünəməxsus əhəmiyyəti var. Komandaya kumiri Tomas Tuxel və ideoloji ilhamçısı Pep Qvardiola olan 36 yaşlı Yulian Naqelsmann rəhbərlik edir. O, Şotlandiya ilə açılış oyunundan sonra rəsmi olaraq Avropa çempionatları tarixində ən gənc məşqçi statusunu alacaq. Həmin gün onun 36 yaşı tamam olacaq.
Bu mənada alman mütəxəssis həm də Avropa çempionatını qazanan ən gənc mütəxəssis ola bilər. İndi bu rekord 44 yaşlı Xose Villalonqaya məxsusdur. Onun rəhbərliyi altında İspaniya komandası 1964-cü ilin finalında SSRİ yığmasını məğlub edib.
Alman məşqçiyə Vətənində qeyri-müəyyən münasibət var: bəziləri onu "şahmat" futboluna görə sevir, bəziləri isə onun milli komanda üçün deyil, klub səviyyəsinə uyğun olan çox mürəkkəb fikirləri təbliğ etdiyinə inanır.
Onun heyətlə bağlı son təklifi də bir çox mübahisələrə səbəb olub. Naqelsmann bu turda meydana çıxacaq milliyə Mats Hummels, Yulian Brandt, Leon Qoretzka, Kərim Adeyemi və Serje Qnabrini çağırmayıb. Eyni zamanda, Robin Koç, Valdemar Anton və Maksimilian Bayeri son heyətə daxil edib. Bir çoxlarına görə bu heyət heç də - ən bariz heyət deyil. Ancaq bütün bunlar Naqelsmannın seçimidir, o isə gözlənilməz hərəkətlər etməyi sevir.
Hazırkı Almaniya millisinin əsas ulduzu bizim “Qarabağ” klubunu UEFA Avropa liqasından kənarlaşdıran “Bayer”in lideri Florian Virtzdir. Əslində 21 yaşlı yarımmüdafiəçi 2022-ci il dünya çempionatının kəşflərindən biri olmalı idi. Lakin sonradan aldığı ağır zədə hər şeyi alt-üst etdi. İndi o, dünyanın ən yaxşı "on" nömrələrindən biridir və Bundestemin əsas ümididir. Bu mənada, əlbəttə, Bundestim azarkeşlərinin gənc perspektivli liderdən yüksək performans və ya heç olmasa parlaq oyun gözləməyə haqqı var.
Bundestimin turnirdəki ilk rəqibi Şotlandiya ilk baxışdan sıradan bir komanda təsiri bağışlasa da, amma heç də belə deyil. Düzdür, çoxları bu millini açıq-aydın turnirin autsayderi hesab edir. Lakin unutmaq olmaz ki, bu Erlinq Hollan və Martin Edeqorun heyətində top qovduğu Norveçi Avropa çempionatında iştirakdan məhrum edən komandadır.
60 yaşlı Stiv Klarkın rəhbərliyi altında şotlandlar sərt, gücə üstünlük verən futboldan uzaqlaşdılar. İndi onlar sürətlə hücuma keçirlər, topla oynayırlar və pressinq edirlər. Bu heç də tipik Britaniya üslubu deyil, amma çox maraqlı görünür.
Qrup rəqibləri ilə müqayisədə Şotlandiyanın heç bir parlaq ulduzu yoxdur, xüsusən də hücum xəttində. Amma əla ifaçılar var: Kiran Tirni, Endryu, Robertson və Con Makqinn, eləcə də təsnifat mərhələsində 8 matçda 7 qol vuran Skott Maktominay. Ona görə də ilkin olaraq pley-offa yüksəlmək heç də möcüzə olmazdı.
1 nömrəli favorit
Son 8 ildə Avropa futbolunun lideri olan fransızların bu nəsli üçün Avropa çempionatı müəyyən dərəcədə “qu quşu nəğməsi”nə çevrilməlidir. Ona görə də dünyanın bir çox tanınmış futbol mütəxəssisləri Fransa millisini Avro-2024-ün aşkar favoritlərindən biri hesab edirlər. Həqiqətən də son illər Fransa millisi həm dünya, həm də qitə səviyyəsində çox inamla və yüksək nəticələr nümayiş etdirir. Dünya və Avropa çempionatlarının son dörd finalından üçündə məhz fransızlar iştirak edib.
Üç böyük dünya finalında (2018 və 2022-ci illərdə iki dəfə) və bir qitə turnirində (2016) iştirak “xoruzları” Avropa çempionatında üçüncü kuboku qazanmaq üçün əsas iddiaçılar sırasına qoyur. Məlum olduğu kimi, fransızlar əvvəllər 1984 və 2000-ci illərdə bu turnirin qalibi olublar. Hücum xəttində top qovanların 27,6 yaşına baxmayaraq, hələ də tam döyüş hazırlığındadırlar. Qətər 2022-dən sonra Jiru (37 yaş və millidə 131 oyun) və Qrizmann (33 yaş və millidə 127 matç) böyük hesablı qələbədən məhrum oldular. Lakin onların özlərini sübut edəcəkləri bir turnir hələ qalıb.
Klub səviyyəsində özünün şıltaqlığı ilə diqqət çəkən Kilian Mbappe 2018-ci ilin iyulunda "Lujniki"də turnirdə qol vuran ən gənc fransız futbolçu və Peledən sonra Dünya Kubokunun finalında qol vuran ilk 20 yaşadək futbolçu oldu. Yığmada keçirdiyi 77 oyunda 46 dəfə rəqib qapısına zərbələr endirib. 2022-ci il mundialının finalında het-trik edən Mbappe, Cef Hörstdən (1966-cı ildə) sonra Dünya Kubokunun finalında üç qol vuran ikinci oyunçu oldu. Kilian Dünya Kubokunun iki finalında ardıcıl qol vurdu. Onun artıq böyük turnir matçlarında dörd dəfə hədəfə düşən rekordu var. İndi isə “Real” Madridə transfer Fransa millisinin əsas zərbə qüvvəsinə şübhəsiz böyük motivasiya verməlidir.
Avstriya, Hollandiya və Polşa milliləri ilə D qrupunda yer alan Fransa yığmasının, məşqçi Didye Deşamın heyətlə bağlı son anlaşılmaz qərarlarına baxmayaraq, bu turnirdə qalib olmaq şansları çox böyükdür və demək olar ki, qonşu Almaniyanın meydanlarında onlar 1 nömrəli favoritdirlər.
Türkiyə ən gənc milli komandalardan biridir
Turnirin maraqlı məqamlarından biri də milli komandaların məşqçilərinin Avropa çempionatında iştirak üçün heyət formalaşdırarkən gənc istedadları təcrübəli oyunçularla birləşdirməyə çalışmalarıdır. Ümumilikdə, Almaniyada keçiriləcək turnirdə futbolçuların orta yaşı 27 olacaq. Amma əsasını gənclər təşkil edən milli komandalar da var.
Almaniyaya ən gənc heyəti Çexiya gətirəcək. Komandanın orta yaş həddi 25,3 ildir. Bu turnir onlar üçün artıq səkkizinci Avropa çempionatıdır. Komandaya 2024-cü ildən məşhur xokkey qapıçısı Dominik Haşekin əmisi oğlu 60 yaşlı İvan Haşek rəhbərlik edir. O, əvvəllər həm milli komandanı çalışdırıb, həm də Çexiya Futbol Assosiasiyasının rəhbəri olub.
Turnirdə iştirak edən ikinci ən gənc milli komanda isə 25, 8 illə Türkiyə millisidir. Qardaş ölkə Avropaya gənc istedadlarla dolu komanda aparıb. Avro–2024 turniri komanda üçün altıncı olacaq. Türkiyənin ən yüksək nailiyyəti Avro–2008-də yarımfinala çıxmaq olub. İndi isə türklər Xorvatiya millisini qabaqlayaraq, öz qruplarında birinci yerdən Avro–2024-ə vəsiqə qazanıblar. Yeri gəlmişkən, turnirdə türklər Çexiya ilə eyni qrupda çıxış edəcəklər.
Ümumi transfer dəyəri 324,1 milyon avro olan Türkiyə millisinin lideri və kapitanı 30 yaşlı yarımmüdafiəçi Hakan Çalxanoğludur. O, həm də komandanın ən bahalı oyunçusudur və transfer dəyəri 45 milyon avrodur. Çalhanoğlu təkcə müdafiədə deyil, həm də hücumda faydalı ola bilər. 2023/24 mövsümündə Hakan "İnter"in heyətində İtaliya çempionu olub.
19 yaşlı türkiyəli iki istedad Arda Gülər və Kənan Yıldız turnirdə kapitanlarının köməkçisi olacaqlar. Arda Gülər ötən yay 20 milyon avroya "Fənərbaxça"dan “Real” Madridə keçib. Transfer qiyməti 30 milyon avro olan Yıldız isə İtaliya A Seriyasının kəşflərindən biridir. Türkiyəli gənc ulduz ötən mövsüm "Yuventus"da 32 oyun keçirib və 4 qol vurub.
Əminəm ki, milyonlarla futbol azarkeşi Avropa çempionatında qitənin ən yaxşı 5 liqasında yer alan ölkələri təmsil edən İngiltərə, Almaniya, İspaniya, İtaliya və Fransa komandalarını yaxından izləyəcəklər. Düşünürəm ki, onlardan biri çempion olacaq. Buna baxmayaraq, “Fənərbaxça"nın yeni baş məşqçisi Joze Mourinyo Almaniyada keçirilən Avropa çempionatının nəticələrinə özünəməxsus münasibət göstərib. Tanınmış futbol mütəxəssisi Portuqaliya millisini turnirin qalibi, İngiltərə komandasını gümüş mükafatçı, turnirin sürprizini isə Portuqaliya, İngiltərə və Fransadan başqa istənilən komandanı görür. Onun fikrincə, “bunlar üçü favoritdir və onlardan başqa istənilən komandanın, hətta Almaniya kimi yüksək statuslu komandanın uğuru” onun üçün təəccüblü olardı.
Əlbəttə, doğma ölkəsinin milli komandasını kim çempion görmək istəməz ki? Biz bu Avropa çempionatında Türkiyəni öz təmsilçimiz hesab edirik və təbii ki, azarkeşliyimiz də onun uğuru üçün olacaq. Amma nəticə nə olur-olsun, təki hakimlərin səhvləri, tərəfkeşlikləri və yanlışları azarkeşlərin futbol sevincinə peşmançılıq qatmasın. Belə olarsa, futbol turnirləri, həqiqətən, böyük bayram olaraq azarkeşlərə sevinc gətirəcək.
İlqar RÜSTƏMOV
XQ