“Qarabağ” daha bir sensasiyaya imza atdı
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyun saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürdü. Matçı Avstriyadan olan hakimlər briqadası idarə edirdi.
Azarkeşlər oyunun ilk dəqiqələrin çox sürətli futbol izləməyə başladılar. “Qarabağ” İngiltərə primyer liqasının favoritlərindən olan “Çelsi” komandası ilə başabaş mübarizə aparırdı. Mareskonun yetirmələri bir çox hallarda “köhlən atlar”ın qarşısını kiçik texniki qayda pozuntuları ilə almaqdan belə çəkinmirdilər. Bu da onu göstərirdi ki, ingilis klubu “Qarabağ”ın sürprizlərindən, sözün əsl mənasında, ehtiyat edir.
Qarşılıqlı hücumlarla başlayan görüşün 16-cı dəqiqəsində rəqibin heyətində sürətli oyunu ilə fərqlənən Estevao topu ağdamlıların qapısından keçirməyə nail oldu. Lakin “Çelsi”nin minimal üstünlüyü çox çəkmədi. Matçın 29-cu dəqiqəsində Qurban Qurbanovun yetirmələri ingilis komandasını cəzalandırmağı bacardı. “Köhlən atlar”ın hücumçusu Leandro Andrade dirəyə dəyib qayıdan topu “Çelsi”nin qapısından keçirdi.
Oyundakı sürət və gərginlik bununla səngimədi. 39-cu dəqiqədə cinahda topu ələ keçirən Andrade rəqibin qapısına güclü zərbə endirdi. Top cərimə meydançasında müdafiəçi Hatonun əlinə dəyib istiqamətini dəyişdi. Hakim dərhal 11 metrlik nöqtəni göstərdi. “Çelsi”nin qapıçısı ilə üz-üzə qalan Marko Yankoviç həmişə olduğu kimi, bu dəfə də qalib çıxdı.
“Zadəganlar” ikinci hissəyə daha sürətlə başladılar və 9 dəqiqə keçməmiş hesabı bərabərləşdirməyə nail oldular. Medinanın cərimə meydançasında topu uğursuz qəbul etməsindən sonra Qarnaço topu ələ keçirdi və azacıq fasilə verib qapının ən aşağı küncünə göndərdi. 2:2.
Oyun elə bu hesabla da başa çatdı. Bu, əslində Avropa futbolunda növbəti sensasiya idi. “Qarabağ”ın sensasiyası. Afərin, “Qarabağ”!
R.İLQAR
XQ


