Prezident İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında hazırda üzərində iş aparılan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə də fikirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı bu layihənin icrasından sonra Xəzər dənizinin suyundan həm suvarma, həm də içməli su kimi istifadə ediləcəyini bildirib. Ölkə rəhbəri daha sonra deyib: “Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik”.
Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi bir daha onu göstərir ki, respublikamızda belə bir təşəbbüsün gerçəkləşdirilməsində əsas məqsəd Azərbaycanın sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, son illərdə iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarının azalmasının qarşısını almaqdır.
Mütəxəssislərin bildirdiyinə görə, son 20-30 ildə respublikamızın su ehtiyatları 10-15 faizə qədər azalıb. Əlbəttə, bu, bir sıra amillərlə, məsələn, tələbatın artması, su ehtiyatlarından qeyri-səmərəli istifadə və su itkilərinin çoxalması ilə bağlı olub. Ona görə də vəziyyətdən çıxış yolu kimi alternativ su mənbələrindən biri–Xəzər dənizi suyunun duzsuzlaşdırılması qənaəti artıq qətiləşdirilib.
Yeri gəlmişkən, respublikamızda “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda alternativ su mənbələrindən istifadə ilə bağlı tədbirlərin görülməsi, xüsusilə, dəniz suyunun duzsuzlaşdırılaraq içməli su əldə edilməsi məsələsi öz ifadəsini tapıb. Şübhəsiz ki, ölkəmizdə bununla bağlı təcrübə də var. Məsələn, Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən kompleksin yaradılması bunun bariz ifadəsidir.
Xatırladaq ki, Xəzər dənizi suyunun duzsuzlaşdırılması kompleksi 2013-cü ildə istifadəyə verilib. 2016-cı ildə burada əlavə tikinti işləri aparılmadan ikinci xətt quraşdırılıb. Hər xəttin istehsal gücü 1000 kubmetrə bərabər olub. Yəni gün ərzində dənizdən qəbul edilən 2500 kubmetrə yaxın duzlu su müəssisəyə daxil olduqdan sonra həmin sudan 2000 kubmetri içməyə yararlı hala gətirilib.
Sözügedən infrastrukturda aparılan tikinti və yenidənqurma işləri nəticəsində dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr olan damba inşa edilib. Müəssisədə əks osmos membranları ilə təchiz olunan yüksək texnoloji avadanlıq və elektron idarəetmə sistemi qurulub. Həcmi 500 və 200 kubmetr olan xüsusi örtüklə izolyasiya edilən üç metal su çəni quraşdırılıb, tutumu 500 və 2500 kubmetr olan yeraltı su anbarları inşa edilib.
Onu da qeyd edək ki, Salyan rayonunun Xıdırlı kəndi və ətrafda olan yaşıllıqların salındığı ərazilərdə su ehtiyatları məhduddur. Ona görə də həmin zavoddan əldə edilən sudan istifadə hazırda əsas həll yolu kimi tətbiq olunmaqdadır. Bu gün həmin sudan Salyan rayonu ərazisində salınan 700 hektar yaşıllığın, o cümlədən zeytun plantasiyalarının və ildə bir milyondan artıq əkin materialları yetişdirilən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin balansındakı tinglik sahələrinin suvarılmasında istifadə edilir. 2013-cü ildən ölkəmizdə həyata keçirilməsinə başlanılan pilot layihə hazırda da uğurla həyata keçirilir.
Dəniz suyunun duzsuzlaşdırılması müəssisəsində gündəlik 2 min kubmetrədək suyun təmizlənməsi nəzərdə tutulub. Ötən il ərzində 600 min kubmetr su təmizlənərək istifadəyə verilib.
Prezident İlham Əliyevin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncamına əsasən, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində yeni pilot layihənin həyata keçiriləcəyi də nəzərdə tutulub.
Eldəniz ƏMİROV,
iqtisadçı-ekspert
Dövlətimizin başçısı İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında son illər ölkəmizdə həyata keçirilən infrastruktur obyektləri barədə danışarkən Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi haqqında fikirlərini də diqqətə çatdırıb. Hazırda adıçəkilən bu layihə üzərində işin aparıldığını bildirən dövlətimizin başçısı deyib ki, sözügedən təşəbbüs gerçəkləşəndən sonra Xəzər dənizinin suyundan həm suvarma üçün, həm də içməli su kimi istifadə ediləcək. Dünyanın bir neçə ölkəsinin duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayan Azərbaycan Prezidenti respublikamızın Xəzər dənizi kimi böyük su hövzəsi olduğunu, bu imkandan səmərəli istifadə ediləcəyini vurğulayıb.
Qeyd edim ki, Azərbaycan Cənubi Qafqazda su hövzəsi ehtiyatlarına görə, Gürcüstan və Ermənistandan geridə qalır. Lakin buna baxmayaraq müəyyən imkanlar da var. Xəzər dənizi suyunun duzsuzlaşdırılması layihəsi də məhz bunun bariz nümunəsidir.
Fikrimcə, ölkəmiz su emalı sahəsində İsrailin aparıcı şirkətləri ilə əməkdaşlıq etməlidir. Xəzər dənizinin duzsuzlaşdırılması və Azərbaycan ərazilərindən bundan istifadə edilməsi əvvəlki illərdə də aktual bir mövzu olub. Çünki buna çox böyük ehtiyac var. Belə ki, Cənubi Qafqazın su ehtiyatının 62 faizi Gürcüstana, 28 faizi Ermənistana məxsusdur. Azərbaycanda isə bu göstərici cəmi 10 faizdir. Bunun da 70 faizi transsərhəd çayların payına düşür.
Bir müddət öncə Azərbaycan və İsrail şirkətləri arasında Xəzər dənizinin duzsuzlaşdırılması ilə əlaqədar anlaşma memorandumu imzalanıb. İsrail şirkəti öz sahəsi üzrə kifayət qədər böyük təcrübəyə malikdir və indiyə qədər 40 ölkədə fəaliyyət göstərib, indiyədək 400-dən artıq sutəmizləyici zavod tikərək istismara verib.
Azərbaycanın su ehtiyatlarının məhdud olması ondan səmərəli istifadəni aktual edir. Bütün hallarda bu məsələyə kompleks yanaşma tələb olunur. Başqa sözlə, respublikamızın su ehtiyatlarının məhdud olması ondan səmərəli istifadəni zəruri edir. Xəzər dənizinə onu ən çox su ilə təmin edən Volqa çayı da daxil olmaqla, irili-xırdalı 130-dan çox çay axır. Buna rəğmən, Azərbaycanın qarşıdakı dönəmlərdə də su ehtiyatları baxımından problem yaşayacağı istisna deyil.
Bu kimi çətinliklərin yaşanmaması üçün, ilk növbədə, sudan səmərəli istifadənin müasir texnologiya üsulu ilə həyata keçilməsinə ciddi ehtiyac var. Eyni zamanda, Xəzərin suyundan istifadə olduqca vacibdir. Çünki bu, su anbarlarına olan ehtiyacı nisbətən azaldacaq. Duzsuzlaşdırmadan öncə su anbarlarında suyun saxlanılması məsələsinin həlli də yəqin ki, gündəlikdə olacaq. Digər tərəfdən, çayların Xəzərə tökülüb duzlaşandan sonra duzsuzlaşdırılaraq istifadə olunmasına da diqqət yetiriləcək. Təbii ki, su duzlaşmadan öncə anbarlarda istifadə olunarsa, bu, daha çox rentabelli fəaliyyət olar. Amma bütün hallarda Xəzərin suyunun duzsuzlaşdırılması, ondan içməli su və suvarma üçün istifadə edilməsi səmərəli olacaq.
Vaqif BAYRAMOV
XQ