“Xızı–Abşeron” Külək Elektrik Stansiyası “yaşıl keçid”ə önəmli töhfə olacaq

post-img

OPEC bu nəhəng infrastrukturun inşasına 50 milyon dollar kredit ayırıb

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) mediada yaydığı məlumata əsasən, bu təşkilat Azərbaycanda 240 MVt gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının (KES) inşası layihəsini maliyyələşdirmək üçün Səudiyyə Ərəbistanının “ACWA Power Wind” şirkətinə 50 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiqləyib.

Məlumatda bildirilir ki, kredit elektrik təc­hizatının yaxşılaşdırılmasına, enerji strukturu­nun diversifikasiyasına və karbon emissiya­larının azaldılmasını dəstəkləmək məqsədilə KES-in tikintisi üçün nəzərdə tutulub. Həmin layihənin Xızı rayonunun Sitalçay və Abşeron rayonunun Pirəkəşkül kəndlərində reallaşdırı­lacağı qərara alınıb. 

Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il yanvarın 13-də KES-in Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində çıxış edərək istehsal gücü 240 meqavata ça­tacaq stansiyanın Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik infrast­rukturu kimi fəaliyyət göstərəcəyini, ölkəmizin enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verə­cəyini, eyni zamanda, yeni iş yerlərinin yara­dılmasını şərtləndirəcəyini bildirib. 

İmzalanan müqaviləyə əsasən “Xızı–Abşeron” KES 2025-ci ildə istismara verilə­cək. Stansiyada ildə 1 milyard kVt/saat elektrik enerjisinin istehsal edilməsi planlaşdırılıb ki, bu da 220 milyon kubmetr təbii qaza qənaətə və 400 min tondan artıq CO2 emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan yaradacaq. 

Energetika naziri Pərviz Şahbazov media­ya müsahibəsində bildirib ki, adıçəliklən KES-in nəzərdə tutulan vaxtda istismara verilməsi qrafikinə uyğun işlər indiyədək uğurla davam etdirilib. Bu elektrik stansiyasının tikintisini hə­yata keçiriən Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə dənizdə və quruda ümumi gücü 2,5 QVt-dək külək layihəsinin hə­yata keçirilməsinə dair icra müqavilələri çərçi­vəsində bu ilin sentyabr ayında Batareya Ener­ji Saxlama Sistemi və quruda 200 MVt külək layihələri üzrə Yol Xəritəsi imzalanıb.

Hazırda, həmçinin Birləşmiş Ərəb Əmirlik­lərinin “Masdar” şirkəti ilə quruda 1 QVt gücün­də günəş və 1 QVt gücündə külək, dənizdə isə ilkin olaraq 2 QVt, növbəti mərhələdə 4 QVt gücündə külək enerjisi və hidrogen layihələ­rinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqavilələrinə uyğun olaraq torpaq sahələri və dənizdə potensial ərazilər müəyyənləşdirilir.

Energetika nazirinin sözlərinə əsasən, bu çərçivədə Neftçalada 390 MVt-lıq günəş, Biləsuvarda 445 MVt günəş və Qobustanda 200-300 MVt gücündə külək elektrik stansiya­larının inşası da nəzərdə tutulur. Bütün bunlar­la bərabər, Cəbrayılda BP tərəfindən gələn il 240 MVt gücündə günəş elektrik stansiyasının təməlinin qoyulacağı, eyni zamanda, bu rayon­da “Nobel Energy”, Füzulidə isə Çin şirkəti ilə günəş elektrik stansiyalarının tikintisi üçün hazırda ərazilər razılaşdırılır.

P.Şahbazov qeyd edib ki, Naxçıvanda “No­bel Energy”, “TotalEnergies” və “A-Z Czech Engineering”şirkətləri tərəfindən ümumi gücü 1150 MVt olan günəş elektrik stansiyalarının inşası məqsədilə ərazilərin seçilməsi və razı­laşdırılması prosesi də davam etdirilir. 

Energetika naziri bildirib ki, Böyükşor gö­lündə 100 kVt gücündə pilot layihə üzrə ölkə­mizdə ilk üzən günəş stansiyası da quraşdırılıb, tezliklə şəbəkəyə qoşulacağı nəzərdə tutulub. Ümumən mərhələli şəkildə 2030-cu ilədək 7 QVt həcmində istehsal güclərinin yaradılması planlaşdırılıb. İxrac tələblərindən asılı olaraq 2037-ci ilə qədər bu həcmlərin əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılıb. 

Bütün bunlar isə dövlət başçısı tərəfindən Azərbaycan enerji sisteminin qarşısında qoyu­lan hədəfin– 2030-cu ilə qədər ölkəmizin gene­rasiya güclərinin 30 faizini alternativ, yəni bər­paolunan enerji mənbələrinin təşkil etməsi ilə bağlı vəzifənin reallaşacağından xəbər verir. 

Bu əminliyi yaradan əsas səbəblərdən biri də respublikamızın güclü bərpaolunan enerji potensialına malik olması ilıə bağlıdır. Belə ki, ölkəmizin quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. 

Prezident İlham Əliyev çıxışlarının birində bütün Qarabağ zonasının, həmçinin Naxçıva­nın “yaşıl enerji zonası” olacağını bəyan edir. Azərbaycanın bərpaolunan enerji istehsalı si­yasətinin strateji əsasını dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul olunan “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir. Beş Milli Prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur. Bundan başqa, elekt­rik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması isə “Azərbaycan Respublikasının 2022-2026-cı il­lər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulur.

Yeri gəlmişkən, işğaldan azad olunmuş Qa­rabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroe­lektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəmin 270 meqavata çatdırılacağı nəzərdə tutulub. Bir neçə ildən sonra isə Qarabağda və Şərqi Zəngəzurda hidroelektrik stansiyaların ümumi gücünün 500 meqavat təşkil edəcəyi planlaşdırılıb.

Həyata keçirilən layihələrin nəticəsidir ki, cari ilin 11 ayında respublikada elektrik enerji­sinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqa­yisədə 0,8 faiz artaraq 26 milyon 487 min mil­yon kVt-st olub.

Energetika Nazirliyinin məlumatına əsasən, yanvar-noyabr ayları ərzində elektrik enerjisi istehsalı istilik elektrik satnsiyalarında (İES) 24 milyon 525 kVt-st, su elektrik stansi­yalarında (SES) 636 milyon kVt-st, digər mən­bələr üzrə isə 326 milyon kVt-st təşkil edib. 

Bu dövrdə külək elektrik stansiyalarında 54 milyon kVt-st, günəş elektrik stansiyalarında 70 milyon kVt-st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 202 milyon kVt-st elektrik enerjisi istehsal olunub.

Hesabat dövründə elektrik enerjisinin is­tehsalı İES-lərdə 22 milyon 363 min kVt-st, SES-lərdə 1 milyon 532 min kVt-st, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 444 milyon kVt-st (İES-lərdə 295 milyon kVt-st, SES-lərdə 92 milyon kVt-st, Günəş ES-də 58 milyon kVt-st), “Azərişıq” ASC üzrə külək elektrik stansi­yalarında 40 milyon kVt-st, müstəqil elektrik stansiyaları üzrə isə 2 milyon 108 min kVt-st təşkil edib.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat