Mobilliyin transformasiyası proqramı isə daxili tələbatın dolğun ödənilməsinə xidmət edir
Dünən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatı keçirilib.
Mərasimdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanın nəqliyyat sektorunda il ərzində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bu il ölkədə mobillik sahəsində görülən işlərin, əsasən, qanunvericiliklə bağlı olduğunu diqqətə çatdıran nazir müavini bununla yanaşı, taksi xidmətinin yaxşılaşdırılmasının da diqqət mərkəzində saxlanıldığını bildirib.
Qeyd olunub ki, ötən dövr ərzində bir sıra qanunlara lazımi dəyişikliklər edilib. Növbəti mərhələdə alt qaydalara ediləcək dəyişikliklərdən sonra yeni qanunvericiliyin tətbiqinə başlanılacaq. Yaxın vaxtlarda nəqliyyat sahəsində yeni layihələrin tətbiqinə başlanılacağını vurğulayan R.Hümmətov artıq paytaxtın “rəqəmsal əkiz”inin hazırlanaraq istifadəyə verildiyini və 20-dən artıq layihənin simulyasiyasına start verildiyini bildirib: “Mobillik layihəsində kiçik təkərli nəqliyyat vasitələri – velosiped və skuterlər də nəzərə alınıb. İlk mərhələdə Bakıda uzunluğu 7 kilometr olan velosiped yolu salınacaq. Piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də işlər davam etdirilir”.
İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin yüksək standartlara çatdırılması və avtobus parkının yenilənməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirən nazir müavini sərnişindaşıma sahəsində mövcud vəziyyətin narahatlıq doğurduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, hazırda Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən 400-dək avtobus fəaliyyət göstərir ki, onların da yenilənməsinə ciddi ehtiyac var. Bu məqsədlə artıq daşıyıcıların avtobus parkının yeniləməsi üçün iş aparılır, sərnişinlərə daha keyfiyyətli xidmət göstərmək üçün yeni avtobusların gətirilməsi nəzərdə tutulur. Gələn il Azərbaycanın “COP-29”a ev sahibliyi edəcəyini xatırladan Rəhman Hümmətov qeyd edib ki, növbəti ildə Bakıda avtobusların, əsasən, elektrik avtobusların hesabına yenilənməsi layihəsi icra ediləcək.
Nazir müavini Bakıda avtobus zolaqlarının təşkili ilə bağlı görülən işlər barədə məlumat verərkən deyib ki, hazırda paytaxtda 21 belə zolaq var. Bununla belə, şəhərdə avtobus zolaqlarının sayının artırılmasına ehtiyac olduğu diqqətə çatdırılıb. Bildirilib ki, il ərzində Bakı – Sumqayıt yolunda da avtobus zolağı təşkil edilib ki, bu da həmin istiqamətdə 1800-dən çox avtobusun rahat hərəkət etməsinə imkan yaratmaqla sərnişinlərin yollarda 20 dəqiqədən çox vaxt itirməsinin qarşısını alıb.
Tədbirdə Bakı şəhərinin parkinq sahəsində görülən işlər nəqliyyat sektorunun ən uğurlu layihələrindən biri kimi dəyərləndirilib. Qeyd olunub ki, mobilliyin təmin edilməsi üçün atılan addımlardan biri də parklanma yerlərinin düzgün təşkil edilməsidir. Parklanmaya tələbatdan asılı olaraq Bakı şəhərinin müəyyən hissələrinin 4 ödənişli zonaya bölündüyünü xatırladan nazir müavini bildirib ki, ötən müddətdə paytaxtda 17 mindən artıq parklanma yeri təşkil edilib.
Yeri gəlmişkən, son zamanlar parklanmaya görə tələb olunan ödənişlər də sürücülər arasında müəyyən çaşqınlıq yaradır. Məsələyə münasibət bildirən Rəhman Hümmətov deyib ki, parklanmaya görə sürücülərdən nağd pul tələb edilməsi qanunsuzdur: “Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlər yalnız nağdsız qaydada mobil tətbiq və SMS üzərindən həyata keçirilir. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Həftənin bazar günü, eləcə də hər gün axşam saat 10-dan səhər saat 7-dək parklanma pulsuzdur”, – deyə nazir müavini bildirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi idarə heyətinin sədri Anar Rzayev isə bildirib ki, Bakıda sıxlığı azaltmaq üçün şəxsi nəqliyyatdan ictimai nəqliyyata keçmək hədəflənir. Bu məqsədə nail olmaq üçün isə 2025-ci ilədək 300 milyon səfər sayını şəxsi nəqliyyat vasitələrindən ictimai nəqliyyat vasitəsinə keçirmək lazımdır. O qeyd edib ki, səfərlərin 240 milyonu ictimai nəqliyyat vasitələrinə, 60 milyonu isə mikro mobilliyə keçməlidir. Bakıda yeni marşrut şəbəkəsinin hazırlandığını diqqətə çatdıran agentlik rəhbəri deyib ki, yaxın günlərdə yeni şəbəkəninin rəqəmsal əkizlə simulyasiyası həyata keçiriləcək.
Eldəniz CƏFƏROV,
avtomobil nəqliyyatı üzrə ekspert
Bakı şəhərində mobilliyin artırılmasına ciddi ehtiyac var. Hazırda bu məqsədlə müxtəlif proqramlar həyata keçirilir. Onlardan biri də “Azərbaycanda mobilliyin transformasiyası proqramı”dır. Sözügedən sənədi 2019-2023- cü illəri əhatə edən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nın davamı kimi də qəbul etmək olar. Təbii ki, şəhər mobilliyinə nail olmaq üçün ictimai nəqliyyatın üzərinə də böyük iş düşür. Bu məqsədlə ictimai nəqliyyatın yenilənməsi, optimallaşdırılması nəzərdə tutulub.
Düşünürəm ki, ictimai nəqliyyatın avtobus seqmentində bank kartları, yəni debit və kredit kartları ilə ödəmələrin həyata keçirilməsi doğru addımdır. Bundan əlavə, yaxın vaxtlarda marşrutların optimallaşdırılması, yeni avtobusların xəttə buraxılması da gözlənilir. Eyni zamanda, ictimai nəqliyyatın avtobus seqmentində ekoloji təmiz nəqliyyat vasitələrinin sayı artırılacaq. Yeri gəlmişkən, ötən il paytaxtda pilot layihə olaraq ilk elektrobus xəttə buraxılmışdı. Bu da effektiv olmuşdu və görünür, yaxın vaxtlarda belə nəqliyyat vasitələrinin sayı artırılacaq.
Bir məqamı da qeyd edim ki, şəhər mobilliyi dedikdə, ağlımıza, ilk növbədə, parklanma yerlərinin təşkili gəlir. Məlum olduğu kimi, hazırda bu məqsədlə “Azparkinq” layihəsi həyata keçirilir. Bunun da nəticəsində parklanma yerlərinin sayı getdikcə artır. Hesab edirəm ki, 2024-2026-cı illərdə dövlətin balansında olan parklanma yerlərinin sayı daha da artacaq. Bu da öz növbəsində vətəndaşların sərbəst hərəkətini, eləcə də nəqliyyat sıxlığının azaldılmasını təmin edəcək.
Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Dövlət Komissiyanın alt qrupunda 2022-ci ildə ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinin istismarı ilə bağlı proqram hazırlanmışdı. Həmin sənədin nəticəsi olaraq bu gün ölkəmizdə vətəndaşlar tərəfindən ekoloji təmiz nəqliyyat vasitələrinin, xüsusən də minik avtomobillərinin istifadəsi getdikcə populyarlaşır.
Onu da qeyd etmək istəyirəm ki, 2030: Milli Prioritetlərə əsasən, Azərbaycan Respublikası “yaşıl” artım və təmiz ətraf mühit ölkəsinə çevrilməlidir. Düşünürəm ki, “Azərbaycanda mobilliyin transformasiyası proqramı” həmin hədəfə çatmaq üçün mühüm vasitələrdən biri olacaq.
Mirbağır YAQUBZADƏ
XQ