Bakıda beynəlxalq iqtisadi forum

post-img

BMT Mərkəzi Asiya ölkələrinin inkişafı proqramını dəstəkləyir

Dünən Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində İqtisadi Forum işinə başlayıb. Tədbirdə iştirakçı dövlətlərin ümumi problemlərinin həlli ilə bağlı yeni strategiyaların hazırlanması, o cümlədən proqram çərçivəsində Etimad Fondunun yaradılması məsələsi müzakirə edilib. Xatırladaq ki, “SPECA regionunun qlobal bağlantı qovşağına çevrilməsi” başlığı altında iqtisadi forumun keçirilməsində məqsəd proqramın xidmətyönümlü, çevik və strateji platformaya çevrilməsidir. 

Azərbaycanın iqtisadiyyat naziri Mika­yıl Cabbarov forumda çıxış edərək bildirib ki, ehtiyatlarla zənginlik ölkəmiz region dövlətləri ilə, xüsusilə, Qazaxıstan və Özbəkistanla ticarət əlaqələrinin daha da genişləndirilməsinə, iqtisadi əməkdaşlığa töhfə verir. Azərbaycanla SPECA ölkələ­ri arasında möhkəm dostluq və iqtisadi əlaqələrin mövcudluğunu vurğulayan na­zir deyib ki, Mərkəzi Asiya Ölkələrinin İq­tisadiyyatları üçün Xüsusi Proqram regio­nal əməkdaşlığın təşviqinə diqqət yetirir. Azərbaycanın transsərhəd əməkdaşlığa xüsusi önəm verdiyini bildirən nazirin söz­lərinə görə, respublikamız digər SPECA ölkələri üçün Şərqlə Qərb arasında ticarət nöqtəsi rolunu oynayır. 

Qeyd olunub ki, Azərbaycan 2022-ci ildə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının əhatə etdiyi ölkələrlə ticarət dövriyyəsini 2021-ci illə müqayisədə 3,6 dəfə artıraraq 1,3 milyard ABŞ dollarına çatdırıb, cari ilin yanvar-oktyabr aylarında isə bu göstərici əvvəlki ilə nisbətən 16 faiz çox və ya 1,2 milyard dollar təşkil edib.

Nazir Azərbaycanın açıq dənizə çıxışı olmayan SPECA-ya üzv ölkələrinə inf­rastrukturlarının tam şəkildə inteqrasiya­sının təklif etdiyini diqqətə çatdırıb. “Bizim qonşularımızın qarşısında eyni bir çağırış var və bu, açıq dənizə çıxışın olmaması­dır. Beynəlxalq ticarətdə belə imkanın ol­maması müəyyən məhdudiyyətlər ortaya çıxarır. Biz belə olan halda bu dövlətlərin infrastrukturunun tam şəkildə inteqrasiya olunması, onlardan istifadə edilməsi üçün əməkdaşlığa hazırıq. Bizim Bakı Bey­nəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbili­si–Qars dəmir yolu kimi layihələrimiz bu əməkdaşlıqda mühüm rol oynayacaq”, – deyə M.Cabbarov bildirib. 

Azərbaycanın 30 il ərzində suveren­liyinin pozulmasından əziyyət çəkdiyini söyləyən nazir Mikayıl Cabbarov SPECA ölkələrinin işğaldan azad edilmiş ərazilə­rimizdə aktiv fəaliyyət göstəridiklərini yük­sək qiymətləndiririb. 

BMT-nin Avropa üzrə İqtisadi Komissi­yasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin çıxışında üzv ölkələrin əməkdaşlıq potensialından bəhs edib. Qeyd olunub ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının əhatə etdiyi ölkələrin təhcizat zəncirindəki problemləri aradan qaldır­ması onların nəqliyyat xərclərini 30 faizə qədər azalda bilər. Onun fikrincə, bununla SPECA ölkələrinin dəmir yolu infrastruk­tu imkanları və paralel olaraq konteyner daşımaları 4 dəfə arta, Orta Dəhliz üzrə konteynerlərin sayı 200 minə çata bilər. Hazırda SPECA Fondunun yaradılması üzərində fəal iş aparıldığını diqqətə çat­dıran icraçı katibinin müavini fonda daxil olacaq vəsaitin faydalı işlərə, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma­ğa yönəldiləcəyinə əminliyini ifadə edib. 

Forumda Qazaxıstanın iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov, Öz­bəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Badriddin Abidov, Taci­kistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda və başqa­ları çıxış edərək BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramını uğurlu əməkdaşlıq üçün mü­hüm platforma kimi dəyərləndiriblər. Tə­chizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd mübadiləsi, nəqliyyat bağlantısı, SPECA bölgəsində “yaşıl enerji” bağlılığı mövzularında mü­zakirələr aparıldığı forumda yeni çağırış­lar fonunda Orta Dəhlizin artan əhəmiy­yətinə də diqqət çəkilib. 

Qeyd edək ki, SPECA 1998-ci ildə ya­radılıb. Proqrama üzv dövlətlər Azərbay­can, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıs­tandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklən­məsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan həyata keçirir.

Təbriz YADİGAROV,
ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent

Qloballaşan dünya iqtisadiyyatının in­kişaf tendensiyası göstərir ki, artıq plane­tin geosiyasi reallıqları maraqların mərkə­zini bir regiondan digərinə çevirərək satış bazarlarının Avropadan Asiyaya doğru də­yişməsinə istiqamətlənib. BMT-nin məlu­matına görə, dünyanın 30 ən böyük şəhə­rindən 21-i siyasi və geoiqtisadi amillərlə əlaqədar olaraq Asiya ölkələrində yerləşir. 

Hazırda dünya düzənindəki dəyi­şikliklərlə əlaqədar regional təşkilatların rolu əhəmiyyətli dərəcədə artır. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyat­ları üçün Xüsusi Proqramının Azərbay­can və region ölkələri üçün əhəmiyyəti yüksəkdir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında birgə investisiya fondla­rının yaradılması, növbəti 3 ildə 1 milyard dollardan artıq qarşılıqlı investisiyaların həcmi ilə bağlı razılığın əldə edilməsi də diqqət çəkir. Artıq respublikamız Mərkəzi Asiya ölkələri ilə sənaye kooperasiyası, maşınqayırma, avtomobil sənayesi, gə­miqayırma və kənd təsərrüfatı,o cümlə­dən, pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində bir çox layihələr həyata keçirir. Bundan əlavə, mehmanxa­na biznesi və turizm sahəsində investisiya layihələrinin həyata keçirilməsi üzrə ge­niş işlər aparılır. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağı daha da artır. 

Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa ba­zarlarına gedən yolda və əks istiqamətdə etibarlı tranzit ölkədir. Mərkəzi Asiyada Azərbaycanın bütün nəqliyyat və logistika infrastrukturu üzrə aparılan uğurlu işlər bu əlaqələrin inkişafında mühüm rol oynaya­caq. Şərq–Qərb marşrutu üzrə yükdaşı­malara artan tələbatını ödəmək üçün Ba­kı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu yolda yük daşınmasını get­dikcə artırır. Bununla yanaşı, Bakı Ticarət Limanının imkanları 15 milyon tondan 25 milyon tona çatdırılacaq. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə daha böyük həcmdə tranzit yüklərin cəlb edilməsi üçün tariflərin optimallaş­dırılması, tənzimləyici və gömrük prose­durlarının sadələşdirilməsi və uyğunlaşdı­rılması təmin edilərək Mərkəzi Asiya ilə ticarət əlaqələri genişlənir. Bütün bunlar onu göstərir ki, Azərbaycan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyat­ları üçün Xüsusi Proqramın icrasında həlledici rol oynayaraq SPECA-nın fəal iştirakçısı kimi dövlətlər arasında əmək­daşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsində bundan sonra da əhəmiyyəti rol oynayacaq.

 

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat