Qafqaz lideri və Asiya nəhəngi gələcəyə körpü salır

post-img

Söhbət Azərbaycanın və Çinin “Bir kəmər, bir yol” layihəsinə önəmli dəstəyindən gedir

Çinin Sian şəhərində 7-ci İpək Yolu Beynəlxalq Sərgisi çərçivəsində keçirilən konfransda bu ölkə ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Tədbirdə Çinin Şansi vilayətindən başlayan tarixi İpək yolunun əsrlər boyunca təkcə ticari əlaqələrinin deyil, həm də xalqlarımızın dostluğunun formalaşmasında mühüm rol oynadığını bildirilib. Eyni zamanda, “bir kəmər, bir yol” təşəbbüsünün icrasında Çin ilə Azərbaycanın birgə çalışdığı, dövlət başçıları Si Cinpin və İlham Əliyevin ötən il Səmərqənd görüşündə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı, qarşılıqlı etimadın və dəstəyin gücləndirilməsi ilə bağlı razılıq əldə etdikləri vurğulanıb. Xatırladaq ki, qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan–Çin münasibətləri illərin sınağından uğurla keçərək hazırda dinamik, hərtərəfli inkişaf dövrünü yaşayır və keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. 

Dövlət başçılarımızın Şanxay Əmək­daşlıq Təşkilatının Səmərqənddəki sam­miti çərçivəsində keçirdikləri son görüş zamanı iqtisadi əməkdaşlığın diversifika­siyası və onun keyfiyyətcə yeni məzmun ilə zənginləşdirilməsinə dair tapşırıqları bu gün diqqət mərkəzində saxlanılır. Ha­zırda iqtisadiyyatın müxtəlif sahələri-ener­getika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və qarşılıqlı fəaliyyətin digər istiqamətləri üzrə əməkdaşlıq spektrinin genişləndirilməsi imkanları nəzərdən ke­çirilir. Bu, statistik rəqəmlərdən də aydın görünür. 2022-ci il Azərbaycan–Çin ticarət əlaqələrinin həcmi əvvəlki illə müqayisə­də 21 faizdən çox artaraq, təxminən 2,2 milyard dollara çatması, bu müsbət dina­mikanın bu il də davam etməsi və cari ilin 9 ayında qarşılıqlı ticarət həcminin, təq­ribən, 50 artması bunun bariz ifadəsidir.

Bu rəqəmlər Azərbaycanın Çinin Cə­nubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu göstərir. Həmçinin enerji sahəsi də ölkələrimiz arasında ikitərəfli əmək­daşlığın mühüm komponenti kimi diqqət çəkir. Bu, həm də Çinin alternativ enerji sahəsində qabaqcıl təcrübəsinin və tex­nologiyasının Azərbaycan üçün böyük maraq doğurduğundan xəbər verir.

İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsidir. Ötən müddətdə bu sektorda Azərbaycandan keçən nəqliyyat arteriya­ları, yaradılan müasir infrastruktur, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ba­kı-Tbilisi-Qars dəmir yolu xətti və digər la­yihələrin Çindən Avropaya və geriyə yük­lərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutlarının formalaşmasında oynadığı rol bunun bariz ifadəsidir. Yeri gəlmişkən, Çinin tranzit operatorları və logistika şirkətlərinin Orta dəhlizə marağı getdikcə artır. Bu baxımdan blok qatar­larının formalaşdırılması, logistika məlu­matlarının mübadiləsi və yüklərin yerləş­dirilməsi sahəsində əməkdaşlığı xüsusi diqqət çəkir. 

Orta Dəhliz Xəzər dənizi vasitəsilə Qazaxıstan, Azərbaycan, həmçinin Gür­cüstan ərazilərindən keçməklə Çin və Türkiyə arasında ən qısa marşrutdur və Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün mühüm tərkib hissəsidir.

Qazaxıstan, Azərbaycan və Gür­cüstan dəmiryolçuları arasında birgə müəssisənin yaradılması tarif şərtlərini birləşdirməyə və “bir pəncərə” prinsipi ilə xidmətlər göstərməyə, çatdırılma müd­dətlərini tənzimləməyə, Çindən Avropaya və əks marşrutda multimodal xidmətin inkişafı üçün razılaşdırılmış siyasət apar­mağa imkan verəcək. Bu da yekunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşru­tu üzrə daşımaların həcminin artmasına müsbət təsir göstərəcək. 

Qeyd edək ki, hazırda Qazaxıstan iri infrastruktur layihələri istiqamətində di­gər dəmir yolu xətlərinin tikintisi ilə Çin­lə əlavə keçid məntəqəsi açır ki, bu da yükdaşımaların həcmini ildə 50 milyon ton artıracaq. Eyni zamanda, dəmir yolu şəbəkələrinin inkişaf etdirilməsi ilə daşı­maların həcmi və sürəti 5 dəfə artacaq, Xəzərdə dəniz limanlarının inkişafı sürət­lənəcək.

Bu məqamda onu da qeyd edək ki, ölkəmizin iqtisadi-ticari potensialı, biznes və sərmayə mühiti, nəqliyyat-logistika infrastrukturu, “Bir kəmər-bir yol” təşəb­büsünün icrasındakı rolu əməkdaşlığın inkişafını sürətləndirir. Siyasi və iqtisadi sabitliyin təmin olunduğu Azərbaycanda Çin şirkətləri üçün iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, “yaşıl enerji”, rəqəmsal iqtisadiyyat, nəqliyyat və kənd təsərrüfatında cəlbedici imkan­lar mövcuddur. Həmçinin 30 illik işğal dövründə böyük dağıntıya məruz qalan Qarabağ və Şərqi Zəngəzur iqtisadi ra­yonlarının bərpası prosesində Çin şirkət­lərinin fəal iştirak arzusu da dost ölkələr arasındakı münasibətlərin dərinliyindən xəbər verir. 

Azərbaycanın fəal təşəbbüskarı oldu­ğu Transxəzər Beynəlxalq Nəqliyyat Mar­şrutunu bu gün digər marşrutlar arasında önə çıxarır. 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə ger­çəkləşdirilməsinə başlanılan bu layihəyə sonradan Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazi­sindən keçərək Avropaya qədər uzanan marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipinin tətbiqinə baş­lanıb. 

Azərbaycan Bakı Ələt dəniz limanı­nın ötürücülük gücünü 25 milyon tona çatdırmaq işlərinin mühüm hissəsini ta­mamlamaq üzrədir. Bu ilin sonuna qədər isə Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin Gürcüstan ərazisində genişləndirilməsinin yekunlaşdırılacağı gözlənilir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun Bakıda “Daya­nıqlı maliyyə və investisiya” mövzusunda keçirilən II Bakı Forumunda verdiyi məlu­mata görə, bu layihənin tam reallaşdırıl­ması Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rol oynadığını təs­diqləyir. Bu isə Şərq–Qərb və Şimal–Cə­nub beynəlxalq nəqliyyat dəhlizlərinin kə­sişməsində yerləşən respublikamızın bir sıra strateji nəqliyyat layihələrinin təşəb­büskarı kimi çıxış etməsindən xəbər verir. 

Bundan əlavə, hazırda Orta Dəhliz ölkələri arasında tranzit daşımalara aid məlumatların öncədən mübadiləsini re­allaşdırıan elektron gömrük qeydiyyatı portalının yaradılmasına başlanıb. Azər­baycan Dövlət Gömrük Komtəsinin sədr müavini Natiq Şirinovun verdiyi məlumata görə, cari ilin mart ayında 6 ölkə arasında protokol imzalanıb. Bu sənədə əsasən, Orta Dəhliz boyu malların hərəkət edəcə­yi ölkələrin sistemə daxil edilməsi, tranzit məsələlərinin maksimum sadələşdirilmə­si qarşıya mühüm vəzifə kimi qoyulub. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat