Keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olmuş Azərbaycan və Litva arasında iqtisadi və mədəni əlaqələr ölkələrimiz müstəqillik əldə etdikdən sonra tam sərbəst, yeni reallıqlar əsasında formalaşıb. Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin noyabr ayının 27-də qurulub. Ötən müddətdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində bir sıra zəruri addımlar atılıb, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri yaradılıb. Bütövlükdə iki ölkə arasında ötən müddətdə 41 sənəd imzalanıb.
Litva Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının təşviqinə fəal töhfə verən ölkələrdən biridir. Belə ki, Azərbaycan Litva üçün Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində vacib ölkə olmaqla yanaşı, həm də Aİ üçün strateji enerji tərəfdaşıdır. Yeri gəlmişkən, Azərbaycan Avropa İttifaqının Tvinninq proqramı üzrə Litvanın ən yaxın tərəfdaşlarından biridir. Litvanın respublikamızdakı səfiri Eqidiyus Navikasın bildirdiyinə görə, ötən müddətdə ölkəsi Azərbaycanda keçirilən 26 layihə seçimində iştirak edib və onlardan 17-də qalib gəlib. Ümumi dəyəri 20 milyon avro olan bu layihələrdən 12-si artıq reallaşdırılıb, 5-i isə icra mərhələsindədir.
Fərqli məkanda yerləşən Azərbaycan və Litva arasında iqtisadi əlaqələrin genişləndirilməsi illik ticarət dövriyyəsinin də artmasına səbəb olub. Müqayisə üçün qeyd edək ki, 2005-ci ildə ölkələrimiz arasında 6 milyon 975,8 min dollar məbləğində idxal-ixrac əməliyyatları aparıldığı halda, 2022-ci ildə bu rəqəm 32 milyon 912 min dollar təşkil edib. Bununla belə, ticarət dövriyyəsinin indiki səviyyəsi bu sahədə mövcud potensialı tam əks etdirmir. Bu baxımdan Vilnüsdə hər iki ölkədən kifayət qədər sahibkarın iştirakı ilə keçiriləcək Azərbaycan–Litva biznes forumu ticarət sahəsində əlaqələrin genişləndirilməsi üçün yaxşı fürsət sayıla bilər.
Ötən müddətdə ölkələrimiz arasında investisiyaların təşviqi istiqamətində də mühüm işlər görülüb. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində Litva investisiyası əsasında 20 kommersiya qurumu fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycandan Litvaya 36 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub. Baltikyanı ölkə, həm də bərpaolunan enerji sahəsində yüksək texnologiyalara sahibdir. Elə Litvanın Azərbaycandakı səfiri E.Navikas da ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğulayaraq deyib ki, enerji sahəsində əməkdaşlığa dair əvvəllər aparılmış danışıqlar zamanı coğrafiya, eləcə də texniki imkanlar nəzərə alınıb. O bildirib ki, ölkəsi bərpaolunan enerji ilə bağlı texnolgiyaları Azərbaycana təklif edə bilər. Hazırda svop qaz tədarükü ideyasının müzakirə olunduğunu diqqətə çatdıran litvalı diplomatın fikrincə, burada texniki detallara girəcək biznes tərəfdaşları arasında dialoq qurmaq vacibdir. Səfirin sözlərinə görə, günəş və külək enerjisi texnologiyalarının ixracatçısına çevrilən Litva Azərbaycanın bərpaolunan enerji layihələrinə maraq göstərir və qarşı tərəfə bununla bağlı təkliflər veriləcək.
Dövlət başçılarının qarşılıqlı səfərləri və həmin səfərlərin nəticələri olaraq imzalanmış mühüm sənədlər, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən mütəmadi görüşlər münasibətlərin inkişafına, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verir. Ötən ilin mayında Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə səfərinin də bu baxımdan xüsusi əhəmiyyət daşıdığını söyləmək olar. Xatırladaq ki, səfər çərçivəsində keçirilmiş biznes forumu zamanı Azərbaycan və Litva arasında nəqliyyat, ticarət, sənaye, kiçik və orta biznesin inkişafı, innovasiya və s. sahələr üzrə bir sıra mühüm sənədlər imzalanmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə imzalanmış sənədlərin isə hər biri ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Elə bu il yanvarın 18-də Davos forumu çərçivəsində Azərbaycan və Litva prezidentləri İlham Əliyev və Gitanas Nauseda arasında keçirilmiş görüş zamanı da ikitərəfli əlaqələrin mövcud vəziyyəti, Azərbaycan–Avropa İttifaqı əlaqələri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rol xüsusi vurğulanmış, bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı ötən ilin dekabrında Buxarestdə imzalanmış sazişin əhəmiyyəti qeyd edilmişdi. Yeri gəlmişkən, həmin görüş zamanı Prezident Gitanas Nauseda dövlətimizin başçısı İlham Əliyevi Litvaya səfərə dəvət etmişdi.
Dəvəti məmnunluqla qəbul edən Prezident İlham Əliyev mayın 21-də Litvaya rəsmi səfərini geçəkləşdirib. Qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən budəfəki səfər çərçivəsində dövlətimizin başçısının Vilnüsdə litvalı həmkarı Gitanas Nauseda ilə məhdud və geniş tərkiblərdə görüşü keçirilib. Söhbət zamanı ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti üzərində dayanılaraq ikitərəfli məsələlər müzakirə olunub, iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulanıb. Bu xüsusda informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Bununla yanaşı, Litvada keçiriləcək biznes forumun əhəmiyyəti və biznes dairələri arasında birbaşa təmasların qurulmasının vacibliyi qeyd olunub. Söhbət zamanı, həmçinin nəqliyyat məsələləri, o cümlədən Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr barəsində müzakirələr aparılıb, səfər çərçivəsində imzalanmış sənədlərin əhəmiyyəti önə çəkilib.
Bütövlükdə isə, Prezident İlham Əliyevin Litvaya növbəti rəsmi səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə, eləcə də ticarət dövriyyəsinin artmasına təkan verəcəyi şəksizdir. Elə səfərin yekunu olaraq prezidentlərin mətbuata bəyanatlarla çıxışlarında səsləndirdikləri fikirlər, eləcə də ikinci Litva-Azərbaycan biznes forumu də bunu təsdiqləyir.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

