Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 25-də Moskvada keçiriləcək görüş öncəsi Ermənistan cəmiyyətində Qərb və Rusiya vasitəçiliyinin ölkəyə, Qarabağ məsələsinə təsirinə dair fikirlər yayılmaqdadır. Təbii, hər bir baxışda başlıca xətti baş nazir Nikol Paşinyana qarşı çıxmaq təşkil edir. Mövcud xüsusda isə Qərbin və Rusiyanın Azərbaycanla Ermənistan arasındakı münaqişəli duruma yanaşması üzərinə gəlinir. Təbii ki, Cənubi Qafqaz müstəvisindəki qlobal maraqlar da ön plana çəkilir.
Məsələn, ermənistanlı politoloq Beniamin Matevosyan bildirir ki, N.Paşinyan bütün hazırkı proseslərin hara getdiyini yaxşı bilir, lakin onlardan imtina etmir, çünki onun üçün yolun alternativi yoxdur. Politoloqun fikrincə, Rusiya və Qərbin təkliflərində əsas fərq zəmanət məsələlərindədir. “Rusiya öz imkanları daxilində Ermənistanın və Qarabağın təhlükəsizliyinə və gələcəyinə zəmanət verməyə hazırdır. Lakin Nikol Paşinyanın şəxsən özünə siyasi dəstək nəzərdə tutulmur. Qərb Paşinyana kömək göstərməyə, onu təbliğ etməyə və dəstəkləməyə hazırdır. Amma Ermənistana və Qarabağa hər hansı təminatdan uzaqdır. Nikol Paşinyan ikinci yolu seçir”, – deyə Matevosyan bildirib. O, əmindir ki, Qərb nəinki heç bir zəmanət vermir, hətta təzyiq göstərir ki, İrəvan təklif olunan sənədi imzalasın.
Matevosyan Ermənistana imzalamaq üçün təklif olunan sənədin uzunmüddətli hədəflərinə toxunub və qeyd edib ki, vaxtilə ölkəni tərk etmək məcburiyyətində qalmış azərbaycanlıların geri qaytarılması məsələsi fəal şəkildə təbliğ olunur. Bəli, söhbət 1988-1991-ci illərdə özlərinin dədə-baba yurdlarından deportasiya olunmuş azərbaycanlılardan gedir. O azərbaycanlılardan ki, ölkəmiz onların geri qayıtması ilə əlaqədar məsələyə Qərbi Azərbaycana qayıdış kontekstində yanaşır və bununla bağlı dinc məqsədli konsepsiyanın da hazırlanması son dərəcə qəti şəkildə irəli sürülməkdədir.
Matevosyan bu mənada maraqlı məqama diqqət çəkməkdədir. Onun sözlərinə görə, artıq avropalı müşahidəçilər yerli əhali arasında köçürülməzdən əvvəl azərbaycanlılara Ermənistandakı münasibətlə bağlı sorğular aparırlar. Onlar (avropalı müşahidəçilər) xüsusilə Sünikdə fəaldırlar. Bu proseslərin hara apardığı bəllidir”, – deyən erməni politoloq əlavə edib ki, Qərb, xüsusən də ABŞ Cənubi Qafqaz regionunda ümumi təhlükəsizlik sisteminin formalaşdırılmasında israrlıdır.
Qərbin əsas məqsədinin Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaq və Ermənistanı İrana zərbələr endirmək üçün bazaya çevirmək olduğunu deyən Matevosyan onu da bildirib ki, indiki məqamda Ermənistan dövləti və erməni cəmiyyəti qarşısında qoyulan tələb tarixi stereotiplərdən əl çəkilməsidir. Başqa sözlə desək, tarixi düşmənçilikdən əl çəkilməsi. Bu tələb nə üçündür? Matevosyanın sözlərinə görə, belə olmalıdır ki, Rusiyaya və İrana qarşı düşmənçilik, Azərbaycana və Türkiyə münasibətdə isə müttəfiqlik yaransın.
***
Qarabağ bir çox güc mərkəzlərinin istifadə etməyə hazır olduqları məsələdir. Bunu diplomat, Ermənistanın Sankt-Peterburqdakı keçmiş baş konsulu Vardan Akopyan deyib. Onun sözlərinə görə, Qarabağ məsələsi regiona daxil olmaq üçün stimul kimi qiymətləndirilir. Bu nöqteyi-nəzərdən problemin bölgədə tamhüquqlu hakimiyyətin bərqərar olması ilə həlli heç kəs, o cümlədən, bu gün danışıqlar prosesini irəlilətməyə və sürətləndirməyə çalışan Qərb üçün sərfəli deyil.
Həqiqətən də otuz ilə yaxın müddətdə Qərb Qarabağ münaqişəsinin həllində maraqlı olmayıb, mövcud xüsusda manipulyasiyalara yol verib. Bu strategiyanın ermənipərəstlik notlarına kökləndiyi də aydındır. Deməli, həm ermənipərəstlik, həm də Azərbaycana təzyiq. Keçmiş baş konsulu, müəyyən mənada, haqlı saymaq mümkündür. Çünki Qərb 44 günlük müharibəyə qədər Qarabağ kartını hər zaman Azərbaycana təzyiq üçün istifadə edib. Rusiya da eyni cür davranıb.
Lakin Azərbaycanın 44 günlük müharibədəki Zəfəri vəziyyəti dəyişdi. Bakının diktə edən tərəfə çevrilməsi məntiqi də bundan qaynaqlanmaqdadır. İndi baş rolda Azərbaycandır. Ancaq V.Akopyanın fikirlərindən anlaşılan budur ki, ölkəmiz tək deyil. Nəzərə alaq ki, 44 günlük müharibə Cənubi Qafqaz siyasi akvatoriyasında Türkiyənin də nüfuzu reallığını doğurub. “Əgər Azərbaycan və Türkiyə hər şeyə tam nəzarət etsələr, bu, ərazidə Qərbə yerin olmayacağı anlamı verəcək. Eyni şey Rusiya və İrana da aiddir”, – deyə Akopyan bildirib.
“Əgər belədirsə, o zaman nə üçün Qərb Qarabağın Azərbaycanın olmasına töhfə verməyə çalışır” sualını cavablandıran keçmiş baş konsul bildirib: “Onlar həmişə ərazi bütövlüyü, sərhədlər və sülh kimi anlayışlardan danışacaqlar. Bu siyasətdir. Amma Qarabağ məsələsi təzyiq faktoru kimi (Azərbaycana və Türkiyəyə - red.) hələ də qalır”.
Əslində, Akopyanın fikirlərini həm də təzadlı saymaq mümkündür. Çünki, o, bir yandan deyir, Qarabağ problemi həll olunmamış qalacaq, digər tərəfdən isə problemin həlli ilə “Zəngəzur dəhlizi” məsələsinin də yoluna qoyulacağını vurğulayır. Onu da vurğulayır ki, gedişat Türkiyəni Yaxın Şərqdə həlledici faktora çevirəcəkdir.
Sonda onu da qeyd edək ki, diqqətə çatdırdığımız fikirlər erməni cəmiyyətində Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşü öncəsi ortaya çıxan isterik durumun kiçik, amma belə demək mümkünsə, nisbətən şüurlu təzahürləridir. Bu təzahürlər də onu göstərir ki, İrəvan bütün mənalarda dalana dirənmiş durumdadır və bu situasiyada onun yeganə çıxış yolu Bakının şərtlərini qəbul etməkdir.
R.ƏVƏZ, “Xalq qəzeti”

