İrəvan çalxalanır – Ter-Petrosyandan ölkə ilə bağlı qorxunc anons

post-img

İrəvanda İkinci Qarabağ müharibəsində həlak olmuş hərbçi Jora Martirosyanın anası Qayane Akopyanın həbsinə etiraz əlaməti olaraq aksiya keçirilib. Ümumən, bu məsələ ölkənin ictimai rəyini çalxalamaqdadır, – desək, yəqin ki, yanılmarıq. Əsgər anasının həbsi, eyni zamanda, onsuz da gərgin olan siyasi vəziyyətə yeni rəng qatıb. Baş nazir Nikol Paşinyan iqtidarına qarşı barışmaz mövqe tutan müxalif cinah hadisəni xalqı iqtidara qarşı qaldırmaq üçün növbəti bəhanə kimi istifadə etməkdədir. Bütün bunların isə nəticə etibarilə Paşinyan administrasiyasını Azərbaycanla sülh gündəliyindən yayındırmaq kimi bir mərama hesablandığı da gün kimi aydındır. 

Hələlik, qeyd edək ki, aksiya iştirak­çıları müharibədə həlak olan əsgərlərin yaxınları ilə birlikdə İrəvan Ümumi Yu­risdiksiya Məhkəməsinin Q.Akopyanın baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamağa cəhd göstərdiyinə görə bir ay müddətinə həbs edilməsi ilə bağlı qərarla razılaşmadıqlarını bildirirlər. Hökm elan edildikdən sonra məhkəmə binası yaxınlığında toplaşan vətəndaş­lar, o cümlədən, həlak olan hərbçilərin valideynləri İrəvanın mərkəzi küçələrin­də yürüşə başlayıblar. Onlar Akopyanın həbsdən azad edilməsi tələbi ilə pay­taxtın əsas küçələrini bağlayıblar. Yürüş zamanı etirazçılar müxtəlif ölkələrin, xü­susən də Rusiya və Fransanın diplomatik nümayəndələrinin qarşısında dayanaraq, diqqəti Ermənistandakı qanunsuzluqlara yönəldiblər. Onlar, həmçinin dünyadakı erməni diasporunu da etirazlara qoşul­mağa çağırıblar. Aksiya zamanı dəfələrlə vurğulanıb ki, Qayane Akopyan Ermənis­tanda ilk qadın siyasi məhbusdur. Etiraz­çılar hökumət binasının önündə müddət­siz oturaq aksiyaya başladıqlarını elan ediblər.

Q.Akopyanın həbsinə etiraz səsini ucaldan çoxsaylı siyasilər var ki, onlardan daha çox Ermənistanın ilk prezidenti Le­von Ter-Petrosyan diqqət çəkməkdədir. Ter-Petrosyan bildirib ki, oğlunu döyüş meydanında itirmiş ananın həbsi, hətta İrəvanın mərkəzində vətəndaşın üzünə tüpürən bədnam parlament sədrinin iy­rənc əməlindən də böyük biabırçılıqdır və bu iki hal onu göstərir ki, hakimiyyə­tin kini sərhəd tanımır. “Belə görünür ki, Ermənistanda daxili siyasi gərginliyin səngiməsi hakimiyyətin məsuliyyəti və narahatlığı olmalıdır. Lakin gördüyümüz kimi, onlar öz kinli hərəkətləri ilə gərginli­yi daha da artırırlar. Belə davam edərsə, ölkəmizi daha acınacaqlı, hətta partlayıcı bir perspektiv gözləyir. Bunu bildirərkən, eyni zamanda, qeyd etməyi zəruri hesab edirəm ki, dövlət məmurlarının ailə üzvlə­rinə qarşı nalayiq davranışın təzahürləri də yolverilməzdir”, – deyə Ermənistanın birinci prezidenti vurğulayıb.

Onu da qeyd edək ki, L.Ter-Petros­yanın hakimiyyətin kinli davranması məntiqini təsdiqləyən hadisələrdən biri də bir neçə ay əvvəl yaşanmışdı. Ölkə­nin Sünik bölgəsinə səfər edən baş nazir Nikol Paşinyan hücuma məruz qalmış­dı. Hadisənin əsli isə bu idi ki, bir qa­dın ona yaxınlaşmağa cəhd göstərmiş, hüquq-mühafizə orqanlarının təmsilçiləri bir neçə dəfə yaşlı xanımın qarşısını al­mış, axırda niyyətinə nail ola bilməyə­cəyini görən bu şəxs əsəbindən əlindəki çətiri baş nazirə atmışdı. Bu onun saxla­nılmasına səbəb olmuşdu. Qadın haki­miyyət nümayəndəsinə zorakılıq ittihamı ilə azadlıqdan məhrum edilmişdi. 

Əslində, hüquqi baxımdan istər haqqında söz açdığımız davranış, istər­sə də Q.Akopyanın hərəkəti pozuntu faktlarıdır. Demokratiya heç də qanunla­ra münasibətdə loyallıq demək deyil. Bu mənada hər iki həbs doğru qərardır. An­caq nəzərə alsaq ki, Paşinyanın qurduğu və dünyaya car çəkdiyi demokratiya son vaxtlar bu sayaq hallarla daha çox rast­laşmaqdadır, deməli, idarəçilik düzgün deyil. 

Demokratiklik Paşinyanın Avropa İt­tifaqı Şurasının rəhbəri Şarl Mişellə gö­rüşündəki kimi İrəvanın tır sürücülərinin geyimlərinə bənzər libasda özünü sadə göstərməkdən uzaq baxışdır. Yəni, Niko­lun zahiri “maskirovka”larına rəğmən, bu adamın mahiyyətində totalitarizm var. Bu mahiyyət vətəndaşın etirazını və etirazın­dan doğan çarəsiz addımını öz hakimiy­yətinə qarşı qəsd kimi dəyərləndirmək düşüncəsinə köklənib. Yəni, istənilən bu sayaq hərəkət az qala dövlət çevrilişi cəhdi olaraq “dəyər” qazanır. 

Baş nazir Nikol Paşinyan Avropadakı çıxışlarında Ermənistandakı demokra­tiyanı qorumaq naminə çağırışlar edir. Nəzərə alsaq ki, demokratiya həm də sosial və rifah dolu bir cəmiyyət demək­dir, qeyd etdiyimiz hər iki həbs vətəndaşa həssas münasibət anlayışına tam zidd davranışdır. Görünür, Nikol avropalı dost­larından belə həssasiyyəti deyil, despo­tizmi qorumağı xahiş edir. Daha doğrusu, yalvarır... 

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət