Macar nəşri: Macarıstan Azərbaycanın enerji resurslarına yönəlir

post-img

Macarıstanın ingilis dilində nəşr edilən nüfuzlu “Daily News Hungary” qəzetində Gürcüstan, Rumıniya və Qara dənizin dibi ilə Azərbaycan və Macarıstanı kabel vasitəsilə birləşdirən Cənubi Qafqazın “yaşıl” elektrik enerjisinin bu ölkəyə idxalında maraqlı olması barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, nəşrdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun sözləri sitat gətirilir. O, ötən cümə axşamı bəyan edib ki, Azərbaycan onun ölkəsi üçün əsas enerji mənbəyidir.

Nazir bildirib ki, hazırkı geosiyasi böhran Avropa tədarük yollarının mükəmməl olmadığını ortaya çıxarıb. Müəyyən bir zaman kəsiyində təbii qazın qiymətləri böhrana qədər olan dövrlə müqayisədə on dəfə artıb və Avropa dövlətləri öz ehtiyatlarını çox çətinliklə təmin edə biliblər. Siyarto “Şimal axını” boru kəmərində törədilən diversiyanı Avropanın mühüm infrastrukturuna olan terror aktı adlandırıb və müstəqil beynəlxalq təhqiqatın aparılmasına çağırıb.

O əlavə edib: “Əgər qış belə mülayim olmasaydı, Avropa daha ciddi problemlərlə üzləşə bilərdi”. Nazir diqqətə çatdırıb ki, ortamüddətli və uzunmüddətli problemlərə gəldikdə, artıq Avropaya tədarük edilməyəcək on milyardlarla kubmetr Rusiya qazı ilə yanaşı, Çin iqtisadiyyatının yenidən artması dünya bazarında tələbatın yüksəlməsinə gətirib çıxaracaq. Macarıstan ətraf mühitin mühafizəsini əsas məsələ hesab etsə də, hökumət bu problemi doqmatik və ideoloji prizmadan deyil, rasional həll edir və bu səbəbdən enerji təminatını ekoloji cəhətdən təmiz resurslar hesabına şaxələndirməyə çalışır. Bu kontekstdə daha realistik ssenari Cənubi Qafqazın ehtiyatlarından istifadədir. Macarıstan artıq Azərbaycanla bu il təxminən 100 milyon kubmetr təbii qazın tədarükünə dair saziş imzalayıb. Gələcəkdə bu həcm 2 milyard kubmetrədək artırıla bilər, lakin bunun üçün uzunmüddətli sənədin imzalanması lazımdır.

Nazir xatırladıb: “Azərbaycandan ekoloji cəhətdən təmiz elektrik enerjisinin tədarükü Macarıstanın energetika problemlərinin həllində daha bir addım olacaq. Qara dənizin dibi ilə çəkilən təxminən 1200 kilometr uzunluğunda kabel suyun altında dünyanın ən uzun xətti olacaq”.

Siyarto onu da bildirib ki, Macarıstan xərcləri bölüşməyə hazırdır. Nazir qeyd edib ki, onun ölkəsi Bolqarıstanın layihəyə qoşulmaq üzrə marağını dəstəkləyir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

İqtisadiyyat