Ermənistan BMT tərəfindən tanınan qanuni sərhədlərdə işğalçılıq siyasəti apararaq Azərbaycanın torpaqlarına iddia edirdi. Bu münaqişənin həlli üçün aparılan müzakirələr isə uzun illər davam etdi. Ancaq nəticə olmadı. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə bu haqsızlığa son qoyaraq, BMT tərəfindən tanınan sərhədlərini bərpa etdi və işğala son qoydu. Bu, nəticə etibarilə sülhə xidmətdir, müharibə deyil. Ona görə də, biz UNESCO üzrə Türkiyə Milli Komissiyası olaraq, BMT-nin sisteminə qarşı olmayan bu zəfəri, müvəffəqiyyəti, azərbaycanlı qardaşlarımızın yenidən öz doğma torpaqlarına qayıdışını təbrik edirik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz söyləyib.
O deyib: “Şuşaya gələndə yol boyu işğal dövründə bir çox şəhərlərin, kəndlərin, memarlıq əsərlərinin və təbiətin məhv edildiyinin şahidi oldum. Bu cür dağıntılar insanlığa yaraşmır. Buna görə də ən qısa zamanda regionda sülhə nail olunmalı, hər bir dövlət öz ərazisində xalqının rifahını yaxşılaşdırmaq üçün çalışmalıdır. Belə bir prosesin başlanması həm UNESCO-nun sülh istəyinə, həm də biz türklərin mədəni dəyərlərinə uyğundur”.
İşğal dövründə Şuşada 200-ə yaxın tarixi memarlıq əsərinin dağıdıldığını xatırladan Öcal Oğuz bildirib ki, Azərbaycan dövləti tərəfindən onların yenidən qurulmasına başlanması insanlıq üçün dəyərlidir. “UNESCO üzrə Türkiyə Milli Komissiyası olaraq Azərbaycanın bu insanlıq dəyərləri üçün çalışmağa davam edəcəyinə inanırıq”, - deyə o diqqətə çatdırıb.