TÜRKSOY-un Baş katibinin müavini: Şuşanı Türk dünyasına, eyni zamanda, dünyaya daha yaxından tanıdacağıq

post-img

Şuşa bu il Türk dünyasının mədəniyyət paytaxtı elan olunub. May ayında “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin açılış mərasimi ilə bu qədim şəhəri bütün Türk dünyasına, eyni zamanda, dünyaya daha yaxından tanıdacağıq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı deyib.

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının Şuşada təşkil edilən 9-cu iclasının çox faydalı keçdiyini vurğulayan Bilal Çakıcı, yolboyu gələrkən gözəl təbiətə malik olan Türk dünyasının mədəniyyət paytaxtının işğal dövründə viran qoyulmasının da şahidi olduğunu söyləyib: “Yolboyu buraların əslində necə təbii gözəlliyə sahib olduğunun, ancaq dağıdıldığının şahidi oldum. Çox məşhur mədəniyyət xadimləri yetişdirən qədim Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı olmasının nə qədər dəqiq qərar olduğunu gördüm. Bu şəhərdə ilboyu davam edəcək çoxsaylı tədbirlər ümidvaram ki, tarixi dəyərlərimizin dirçəlməsinə, Şuşanın yenidən qurulması işlərinə də vəsilə olacaq. Mədəniyyət paytaxtı Şuşa buna layiqdir. Əminəm ki, yaxın gələcəkdə Şuşanın Türk dünyasında, xüsusən də Azərbaycanda inciyə çevrilməsinə şahidlik edəcəyik”, - deyə Bilal Çakıcı vurğulayıb.

Son xəbərlər