Dünya bazarlarında, xüsusilə Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma çörəyin qiymətinin də enməsinə səbəb olub.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, bu qurum istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında mütəmadi monitorinqlər aparır. Monitorinq nəticələrinə əsasən, martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşdüyü müşahidə olunub. Un bazarında isə 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 2023-cü il martin 9-da 35,5 manat – 37,2 manat olub. Qeyd etmək lazımdır ki, 2022-ci ilin avqust ayında bu göstərici 40,7 manat – 41,5 manat təşkil edirdi.
Beləliklə, son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ölkəmizdə bazar prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşan unun qiymətlərinə təsirsiz ötüşməyib. Daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib.
Qeyd etmək lazımdır ki, cari ilin fevral ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307,4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354,4 ABŞ dolları) ilə müqayisədə 13 faiz aşağıdır.
Bundan əlavə, Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində müvafiq sahədə bazar iştirakçıları ilə mütəmadi görüşlər keçirir. Bu görüşlərdə buğda, un və çörək qiymətlərinin mütənasibliyinə, çörəyin etiketində göstərilən çəkisi ilə faktiki çəkisinin uyğunluğuna dair müzakirələr aparılır. Bu çərçivədə ictimaiyyətin məlumatlandırılması məqsədilə un istehsalçılarının təklif etdiyi unun topdansatış qiymətlərinə dair məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilərək mütəmadi yenilənir.
Çörəyin qiymətinin enməsi ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib: “Rusiya–Ukrayna müharibəsindən sonra buğdanın qiymətində artım müşahidə olundu. Hazırda buğda ixrac edən ölkələrin qiymətində azalma müşahidə edilir. Çünki dünya bazarına çıxarılan buğdanın həcmində artımlar oldu. Bu da nəticə etibarilə Azərbaycanın idxal etdiyi buğdanın xərcinə birbaşa təsir göstərir”.
İqtisadçı-ekspertin sözlərinə görə, bu, dünya bazarında buğdanın qiymətinin dəyişməsi ilə bağlıdır. Bu baxımdan buğda istehlakında xarici idxalın payının azaldılması üçün yerli istehsalın genişləndirilməsi çox vacibdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan çörək və un məmulatları istehlak edən ölkədir. Buğdanın qiymətinin optimallaşdırılması və qiymətinin azaldılması önəmlidir.
“Xalq qəzeti”

