Ölkəmizin yaşıl hidrogen ixracı üçün imkanları genişdir

post-img

Azərbaycanın zəngin qaz ehtiyatları uzun illərdir ki, Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verir. Elə Xəzər dənizinin Azərbaycan sahillərindən “köhnə qitə”yə doğru səmt götürən “Şahdəniz” qazının ölkələrin enerji təhlükəsizliyinin təminatında artan rolu da bunu təsdiqləyir. İndi Avropa ölkələri “mavi yanacaq”a olan tələbatının ödənilməsində Azərbaycana daha çox ümid bəsləyirlər. Təsadüfi deyil ki, hazırda Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş hesab edir. 

Nizami Gəncəvi Beynəlxalq Mərkə­zinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda Prezident İlham Əliyev ölkəmizin Avropanın enerji təhlükəsiz­liyinin təminatına verdiyi töhfələrdən söhbət açaraq deyib: “Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Əgər biz 2021-ci ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdiksə, bu il o, 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql edilə­cək. Bu, hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində onlara birmənalı olaraq yardım etdi və yardım etməkdə davam edəcək”. 

Məlum olduğu kimi, Xəzər dəni­zi ilə Avropa bazarları arasında körpü rolunu oynayan Cənub Qaz Dəhlizinin əsas təşəbbüskarı Azərbaycandır. Cə­nub Qaz Dəhlizinin mühüm seqmenti sayılan Trans-Anadolu Qaz Kəməri (TANAP) 2018-ci ildə istifadəyə verilib. “Şahdəniz” yatağından çıxarılan qaz adı çəkilən boru kəmərinə Gürcüsta­nın Türkiyə ilə sərhədində daxil olur. Buradan Türkiyə ərazisi ilə Yunanıs­tanla sərhədə nəql olunur. Yunanıstan sərhədindən TANAP Cənub Qaz Dəhli­zinin sonuncu seqmenti olan Trans-Ad­riatik Boru Kəməri (TAP) ilə birləşir. Bu kəmərlə isə Azərbaycan qazı Türkiyə sərhədindən Avropa ölkələrinə çatdırı­lır. 

BP şirkətinin hesabatına əsasən, 2022-ci ildə il ərzində aparılan inten­siv axın sınaqları ilə əlaqədar olaraq TANAP-ın ötürücülük qabiliyyəti gücü­nü üstələyib. Belə ki, ötən il TANAP va­sitəsilə Türkiyəyə 5,6 milyard kubmetr qaz nəql olunub. Hazırda TANAP-ın il­kin ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Gələcəkdə isə kəmərin nəq­letmə gücünün 32 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Eyni za­manda genişləndirmə işləri çərçivəsin­də kəmər boyu 7 kompressor stansiya­sının inşası tələb olunur.

Cənub Qaz dəhlizinin sonuncu seqmenti sayılan TAP kəməri ilə qaz nəqlinə 2020-ci il dekabrın 31-də baş­lanılıb. 2022-ci ildə bu kəmərlə təqribən 11,5 milyard kubmetr qaz nəql edilib. Ötən il Azərbaycandan İtaliyaya qaz nəqli 8,21 milyard kubmetr təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 34,3 faiz çoxdur. Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan və po­tensial olaraq 20 milyard kubmetrdən çox qaz nəqli üçün nəzərdə tutulmuş TAP bu gün artıq İtaliyanın qaz ehtiya­cının 10 faizindən çoxunu qarşılamaqla ölkənin enerji təhlükəsizliyini təmin edir. Bundan əlavə, TAP vasitəsilə Yunanıs­tan və Bolqarıstanın hər birinə ildə bir milyard kubmetr həcmində qaz nəql olunur. 

Avropa bazarlarının “mavi yana­caq”a artan tələbatını qarşılamaq üçün XXI əsrin nəhəng enerji marşru­tu sayılan Cənub Qaz Dəhlizinin əsas seqmentləri olan Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin ötürücülük imkanlarının genişləndiril­məsi tələb olunur. Artıq bu istiqamətdə imkanlar araşdırılır. Təsadüfi deyil ki, X Qlobal Bakı Forumunda Prezident İlham Əliyev bu məsələyə toxunaraq deyib: “Hazırda biz hətta ixrac boru kəmərlərinin genişləndirilməsi üzərində işləyirik. Cənub Qaz Dəhlizi istismara verildi. Boru kəmərinin sonuncu hissə­si 2020-ci il dekabrın 31-də istismara verildi. Hazırda iki ildən bir az çox vaxt keçir və biz sistemi genişləndirməliyik – TANAP-ı 16-dan 32 milyard kubmetrə, TAP-ı isə 10-dan 20 milyard kubmetrə. Bu, sırf Avropada artan tələbatla bağlı­dır. Belə olmasaydı, biz sərmayə qoy­mazdıq. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra biz qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan ar­tıq Avropa ölkəsindən müraciət almışıq və onun üzərində işləyirik”.

Yeri gəlmişkən, hazırda Azərbaycan Avropa İttifaqının prioritet elan etdiyi “yaşıl keçid” platformasının fəal iştirak­çılarından biri kimi tanınır. Belə ki, uzun illərdir, dünya bazarına nefti, neft məh­sulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edən ölkəmiz özünün zəngin bərpaolunan enerji po­tensialını hərəkətə gətirməklə Avropa­ya “yaşıl enerji” ötürməyə hazırlaşır. Eyni zamanda ölkəmiz gələcəkdə yaşıl hidrogen ixrac etməyi planlaşdırır. 

Burada maraqlı bir məqama da toxunmaq lazım gəlir. Belə ki, hazırda Trans-Anadolu qaz boru kəməri ilə hid­rogen qarışığının nəql imkanları öyrə­nilir. Texniki nöqteyi-nəzərdən TANAP vasitəsilə nəql olunan təbii qazda hid­rogenin miqdarı 2 faiz səviyyəsində ola bilər. Elə mütəxəssislər də Azərbay­canın bunun üçün çox yaxşı imkanlara malik olduğunu düşünürlər. 

 

İlham ŞABAN, 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri:

– Müasir ekologiyanın əsas problemlərindən biri neft və təbii qaz kimi hidrogenlərin istifadəsi nəticəsində atmosferə buraxılan çoxlu miqdarda istixana qazları­nın olmasıdır. Məhz buna görə də emissiyaları azaltmaq üçün istifa­də edilən enerji mənbələrini eko­loji cəhətdən daha təmiz olanlarla əvəz etmək mühüm vəzifə kimi qarşıda durur. Bu istiqamətdə inki­şafın perspektivli sahələrindən biri də hidrogenin daşınması və sax­lanmasıdır. Hidrogen özü yüngül qaz olduğu üçün yanma zamanı ondan üç dəfə çox istilik almaq mümkündür. Bu baxımdan da ha­zırda alternativ enerji sırasında hidrogenə daha çox diqqət yetirilir.

Sənayenin və insan həyatının müxtəlif sahələrində hidrogen­dən istifadə etmək mümkündür. Məsələn, hidrogendən neft, qaz, kimya sənayesində, eləcə də ya­nacaq enerjisi kimi nəqliyyatda geniş istifadə edilə bilər. Hazırda hidrogenin ən böyük problemi onun nəqletmə və avtomobil­lərdə istifadəsi ilə bağlıdır. Yəni hidrogen metandan fərqli olaraq oksigenlə birləşdiyi zaman yan­ğınla müşayiət olunan partlayışa səbəb olur. Ona gərə də Avropa İttifaqı yaxın 10 il ərzində hidroge­nin daha təhlükəsiz istifadəsi ilə bağlı tədqiqatların gücləndirilmə­si, bunun praktikikada tətbiqinin sadələşdirilməsi üçün 3 milyard avro vəsait ayırıb. 

Hidrogenin boru kəmərləri ilə nəqli ən optimal variant hesab olu­nur. Hazırda bunun üçün məqbul sayılan iki variant üzərində iş ge­dir. Birinci variant hidrogenin nəqli üçün ayrıca boru kəmərlərinin çə­kilməsi ilə bağlıdır. Digər variant isə mövcud magistral qaz kəmər­lərinin hidrogenin daşınması üçün modernləşdirilməsini və yenidən qurulmasını nəzərdə tutur. 

Cənub Qaz Dəhlizinin seq­mentləri sayılan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kəmərləri yeni olduğundan metan nəqlindən hidrogenə çevirilmək üçün texniki və texnoloji baxım­dan daha münasibdir. Hazırda bu məsələ öyrənilir. Hesab edirəm ki 2035-2040-cı illərdə istər el­min, istərsə də qaz sənayesinin hidrogenin ötürülməsi ilə bağlı oturuşmuş bir baxışı olacaq. Bu zaman hidrogen istehsalçılara və istehlakçılara, o cümlədən onu nəql edən qurumlara daha sərfəli qiymətlərə başa gələcək.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

13-3.jpg

İqtisadiyyat