Azərbaycan–Almaniya əməkdaşlığı yüksək templə inkişaf edir

post-img

Azərbaycan–Almaniya iqtisadi əlaqələri bu iki ölkə arasında diplomatik münasibətlərin mövcud olduğu 30 il ərzində davamlı inkişaf edib. Ötən müddətdə tərəflərin fəal əməkdaşlığı müxtəlif sahələrdə müsbət nəticələrlə diqqət çəkib. Prezident İlham Əliyevin Almaniyaya martın 13-də işgüzar səfəri də, şübhəsiz ki, iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsini şərtləndirib.

Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, respublikamızın regionda lider mövqeyini, həmçinin beynəlxalq sə­viyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda bu ölkə Azərbaycanın Avropanın enerji təh­lükəsizliyinin təmin olunmasında mü­hüm rolunu təqdir edir.

Xatırlatmaq yerinə düşər ki, dövlə­timizin başçısının Almaniyaya işgüzar səfəri Azərbaycan–Almaniya etibarlı, səmimi tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstə­ricisi olaraq bütün sahələr üzrə əmək­daşlığın daha yüksək səviyyəyə qaldı­rılmasına əhəmiyyətli təkan verəcək, gələcək iqtisadi inkişaf üçün böyük perspektivlər açacaq. 

Yeri gəlmişkən, Avropa İttifaqının (Aİ) aparıcı ölkələrindən olan Almani­ya 3,85 trilyon dollar ÜDM ilə dünya­da 4-cü, “köhnə qitə”də isə ən böyük iqtisadi gücdür. Son illərdə Azərbayca­nın belə bir potensiala malik dövlətlə iqtisadi əlaqələrində artım dinamikası nəzərə çarpır. Bunu belə bir fakt da təsdiq edir: 2020-ci ildə ölkələrimiz arasında xarici ticarət dövriyyəsi 817 milyon 622 min dollar idisə, ötən il bu göstərici 1 milyard 257 milyon dollara­dək yüksəlib. 

Beləliklə, son iki ildə ticarət həcmini 54 faizə yaxın artıran tərəflər arasın­da bu sektorda dövriyyə genişlənib, qarşılıqlı ixrac artıb. 2022-ci ildə Azər­baycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 591,3 milyon ABŞ dolları təşkil edib. Almaniya Azərbay­canın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub.

Azərbaycan neftinin dost ölkəyə tə­darükü ümumi ticarət həcmində əsas dayaq nöqtələrindən biridir. Belə ki, ötən il Almaniyaya neft ixracının həc­mi 881,4 milyon ton, dəyəri isə 563,7 milyon dollar təşkil edib. Eyni zamanda ötən il ərzində Almaniya Azərbaycan neftinin 10 əsas idxalçıları siyahısına daxil olub.

Onu da deyək ki, Azərbaycanda hazırda qeydiyyatdan keçən 239 al­man şirkəti var. Energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommuni­kasiya, tikinti, bank işi, sığorta, ticarət və servis kimi sahələrdə fəaliyyət göstərən həmin qurumların təqribən 170-i Azərbaycan–Almaniya Ticarət Palatasının üzvüdür.

Almaniya şirkətləri işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quru­culuq işlərində iştiraka maraq göstərir və bununla bağlı müraciətlər olunur.

İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR ilə Almaniyanın “Uniper” şirkəti 2013-cü ildə birgə uzunmüddətli qaz tədarükü haqqında müqavilə im­zalayıb. 2020-ci il dekabrın 31-dən isə Cənub Qaz Dəhlizi Azərbaycan təbii qazını İtaliyadakı qəbul nöqtəsi vasitə­silə Aİ bazarına çatdırır. “Uniper” Avropa bazarında təbii qazın əsas alıcılarından biridir. Bu, şirkətin ən uzunmüddətli (2020-2045) qaz alışı layihəsidir. 

İndiyədək “Azərbaycan Qaz Təc­hizatı” şirkəti tərəfindən “Uniper”ə 3,1 milyard kubmetr qaz ötürülüb. Bundan əlavə, ötən il SOCAR tərəfindən Alma­niya istiqamətində 1 milyon 764,5 min ton xam neft ixrac edilib.

Onu da qeyd edək ki, SOCAR və “Uniper” şirkətləri tərəfindən 2016-cı ildə Azərbaycanda enerji səmərəliliyi layihələrini inkişaf etdirmək üçün birgə müəssisə – (SOCAR (51 faiz), “Uni­per” (49 faiz)) yaradılıb. Birinci layihə Sumqayıtda “Azərkimya”nın uyğun müəssisəsində buxar və enerji isteh­salı kompleksinin təkmilləşdirilməsi və istismarı olub. Layihənin 2023-cü ilin yayında başa çatdırılması nəzər­də tutulub. Zavodda istehsal oluna­caq elektrik enerjisinin isə SOCAR-ın müəssisələrinə veriləcəyi və daha sonra respublikamızın milli elektrik şə­bəkəsinə çatdırılacağı planlaşdırılıb.

Ölkəmizdəki alman şirkətləri tərə­findən bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərilir. Bu ölkənin “Berlin Wind” şirkəti tərəfindən Xızı rayonunun Yeni Yaşma və Şora­bad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkın­da yenidənqurma işlərinin aparılması və 2018-ci il oktyabrın 11-də parkın is­tismara verilməsi də məhz bunun əyani nümunəsidir. 

Azərbaycanın işğaldan azad edilən torpaqlarının bərpası prosesinə gə­lincə, alman şirkətlərinin bərpaolunan enerji mənbələri ilə uzlaşan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiya­sı da Almaniya üçün maraq doğuran sahələrdən biridir.

İki ölkə arasında turist axını da son illər ərzində əhəmiyyətli dərəcədə ar­tıb. Belə ki, 2022-ci ildə Azərbaycana səfər edən almanların sayı təqribən üç dəfə artaraq 14 min 426 nəfər olub. Eyni zamanda, ötən il Almaniyaya səfər edən azərbaycanlıların sayı 21 min 791 nəfər olub ki, bu da 2021-ci illə müqayisədə 4 dəfə çoxdur.

Beləliklə, Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Alma­niya strateji tərəfdaşlığının parlaq nü­munəsi olmaqla iki ölkə arasında mü­nasibətlərdə yeni səhifə açır. Bu səfər Azərbaycanın iqtisadi və geostrateji üstünlüklərindən səmərəli şəkildə ya­rarlanaraq Cənubi Qafqazda əmək­daşlıq üçün getdikcə daha çox tərəfdaş cəlb edən aparıcı ölkəyə çevrildiyindən xəbər verir.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyat