İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata əsasən, ötən il ərzində Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 3,05 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci illə müqayisədə 12,4 faiz artıb. Aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dollarına çatıb. 2022-ci ilin yanvar-dekabr ayları ərzində ixrac olunan meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4 artıb.
Burada diqqətçəkən bir məqam da Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən 2022-ci ildə dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatlarının həyata keçirilməsi, 121 ölkəyə məhsul ixrac edilməsidir.
Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci illə müqayisədə ölkəmizin xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7 faiz, real ifadədə 6,4 faiz, o cümlədən ixrac 8,7 faiz, idxal isə 1,7 faiz artıb. Ötən il qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 12,3 faiz, real ifadədə 4,2 faiz artaraq 3 milyard 47,7 milyon dollar təşkil edib.
Heç şübhəsiz, belə bir müsbət göstəricilərin əldə olunmasında Azərbaycanın ixrac coğrafiyasının getdikcə genişlənməsi önəmli rol oynayıb. Bu gün ixrac ünvanları sırasında qonşu ölkələrlə yanaşı, ABŞ kimi dövlətlər də yer alıb. Yeri gəlmişkən, İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına əsasən, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC tərəfindən ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarına (Miçiqan ştatına) aqrotexnikalar üçün ehtiyat hissənin (yedək parça) ixracı həyata keçirilib. Bu ölkəyə ilkin mərhələdə 36,3 ton məhsul göndərilib.
Qeyd edək ki, “Azertexnolayn” MMC 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və şirkət parkın ərazisində müxtəlif diametrli polad boruların, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, xüsusi təyinatlı polietilen boruların istehsalını həyata keçirir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur. Müəssisənin məhsulları daxili bazara satılmaqla yanaşı, dünyanın 20-dən çox ölkəsinə ixrac edilir.
Göründüyü kimi, Azərbaycanın ixrac marşrutunun okeanın o tayınadək uzanması bir sıra amillərlə yanaşı, son illər ərzində fəaliyyətə başlayan sənaye parkları və məhəllələrində keyfiyyətli məhsul istehsal ilə sıx bağlıdır. Bu, eyni zamanda, respublikadakı mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparkların idarəetməni, habelə nəzarət mexanizmlərini daha yüksək səviyyədə təşkil etməsindən xəbər verir. Həmçinin həmin müəssisələrdə həyata keçirilən tədbirlərin səmərəliliyini, sıx koordinasiya, sistemlilik prinsiplərinə böyük əhəmiyyət verildiyini göstərir. Bütün bunlarla yanaşı, son illərdə iqtisadiyyatda kiçik və orta biznesin dominantlığının xeyli yüksəlməsi, xüsusilə dövlət investisiyaları hesabına yaradılan müasir iqtisadi infrastrukturların fəaliyyətində ixrac prosesi önəmli yer tutur.
Burada onu da deyək ki, respublikamızın ixrac əməliyyatlarının getdikcə genişləndirilməsi ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.
Azərbaycanın ixrac əməliyyatlarından danışarkən qeyd edək ki, son illər ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisi xeyli artıb. Məlumat üçün bildirək ki, ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı reallaşdırılan tədbirlər nəticəsində bu səhədə rəqabətqabiliyyətli məhsulların istehsalı xeyli artıb. Bu vacib məqama toxunan Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Əgər biz keçmişi yada salsaq görərik ki, o vaxt yerli məhsulları heç tapmaq mümkün deyildi. İndi bizim yerli məhsullarımız heç bir xarici məhsuldan geri qalmır–həm keyfiyyəti, həm də onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından... Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir”.
Buradan aydın olur ki, ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. xarici ticarət əlaqələrin həcminin və coğrafiyasının daha da genişlənməsinə müsbət təsir göstərib.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

