Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın təşkilatçılığı ilə “Rəqəmsal idarəetmə platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda konfrans keçirilib. Tədbiri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, komissiya katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Rəqəmsal idarəetmə platforması və yeni innovativ sistemlər” mövzusunda çıxış edib.
Natiq bildirib ki, komissiyanın yeni rəqəmsal idarəetmə platforması müasir çağırışlara adekvat ekosistemin yaradılması məqsədilə maraqlı tərəflərin aktiv və koordinasiyalı iştirakı ilə inklüzivliyin, həmçinin vahid sinerjinin yaradılmasını, müxtəlif kommunikasiya kanallarının vahid rəqəmsal platforma ilə əvəz olunmasını, potensial islahat sahələrinin analitik innovativ alətlər vasitəsilə avtomatik müəyyənləşdirilməsini təmin edəcək. Rəqəmsal idarəetmə platforması, eyni zamanda, komissiyanın fəaliyyətinin səmərəliliyini, çevikliyini və proseslərin şəffaflığını daha da artırmağa imkan verəcək.
Konfrans zamanı digər yeni innovativ alət kimi “E-iştirakçılıq platforması” da təqdim olunub. Qanunvericilik təşəbbüslərində elektron iştirakı reallaşdıracaq yeni platforma komissiyanın işçi qrupları ilə interaktiv əlaqənin yaradılmasını, biznes sahələri üzrə hazırlanan layihələrə elektron platforma üzərindən münasibət bildirilməsini mümkün edəcək.
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini, “Beynəlxalq ticarət” işçi qrupunun rəhbəri Elnur Əliyev “Xarici ticarət fəaliyyətində rəsmiləşdirmənin təkmilləşdirilməsi: Malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı islahatlar” mövzusunda çıxışı zamanı ən son islahatlar barədə ətraflı məlumat verib və son dəyişikliklərə əsasən, gömrük dəyərinin müəyyənləşdirilməsində sadə meyarlara əsaslanıldığını, habelə dəyərin müəyyənləşməsi prosedurlarının malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməsi prinsipinin təsbit olunduğunu bildirib. E.Əliyev daha sonra bu sahədə ən son islahatlarla gömrük dəyərləndirilməsi prosesində gömrük-sahibkar kommunikasiyasının yazılı forma ilə yanaşı, elektron formada aparılması imkanının təmin olunması da xatırladıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi” mövzusunda təqdimatında biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiya çərçivəsində yaradılan xüsusi altqrupun fəaliyyəti, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi üzrə görülən işlər və əldə olunan nailiyyətlərdən danışıb. O, bu sahədə aparılan islahatlar nəticəsində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrinin ölkəyə idxalında əhəmiyyətli artımın olduğunu, bu sahədə maliyyə əlçatanlığının təmin edildiyini və elektrik doldurma məntəqələri ilə bağlı interaktiv xəritənin yaradıldığını qeyd edib.
“Xalq qəzeti”

