İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində 2016–2022-ci illər ərzində 470-dən çox sahibkarlıq subyektinə 570-dən artıq investisiya təşviqi sənədi verildiyini, sahibkarların həyata keçirdikləri layihələr nəticəsində 5,5 milyard manatdan çox investisiyanın yatırıldığını, 38 minədək yeni iş yerinin yaradıldığını bildirib. Nazir daha sonra layihələrin 14 faizinin Bakı şəhəri və ətraf qəsəbələrin, 86 faizinin isə regionların payına düşdüyünü qeyd edib.
Yeri gəlmişkən, Mikayıl Cabbarovun digər bir paylaşımında Sahibkarlığın İnkişafı Fondu tərəfindən özəl sektorun inkişafına yönəldilən son bir ildəki maliyyə həcmləri də diqqətə çatdırılaraq hesabat dövrü ərzində verilmiş güzəştli kreditlərin məbləğinin 69,7 faizinin regionların payına düşdüyü bildirilib. Həmçinin regionlarda bizneslərin dayanıqlılığının artırılması və sahibkarlıq mühitinin təşviqinin prioritet istiqamətlərdən olduğu diqqətə çatdırılıb.
Burada onu da vurğulayaq ki, adıçəkilən fond tərəfindən 2022-ci ildə verilmiş güzəştli kreditlərin əhəmiyyətli hissəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb. Ötən il həmin biznes subyektlərinə ayrılan kreditlər layihə sayı üzrə 99,9 faiz, məbləğ üzrə isə 98,3 faiz təşkil edib.
Güzəştli kreditlərin tətbiqi, eləcə də sahibkarlığın inkişafına yönəldilən digər layihələr nəticəsində 2022-ci ilin yekunlarına görə, Azərbaycanda ÜDM-də özəl sektorun payı 83,5 faizə çatıb. Sahibkarlıq subyektlərinin 99 faizi kiçik və orta müəssisələrin payına düşüb.
Özəl sektora göstərilən belə bir diqqət və qayğının nəticəsi, şübhəsiz ki, ölkədə əldə edilən bütün sosial-iqtisadi uğurları şərtləndirib, iqtisadiyyatın dinamik inkişafına həlledici təsir göstərib.
Hazırda ölkə iqtisadiyyatının dayanıqlılığının şaxələndirilməsi və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya iqtisadi islahatlar üzrə əsas vəzifə kimi qoyulub. Bu məqsədlə son illərdə sahib-karlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətlərində bir sıra mühüm qərarlar qəbul edilib. Bütün bunların sayəsində Azərbaycan hazırda dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib.
Özəl bölmənin dövlət dəstək alətlərindən daha geniş istifadəsi qeyri-neft sektorunda müasir texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılmasına, real sektora investisiya qoyuluşlarının sürətlənməsinə əlverişli şərait yaradır.
Kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi formalaşdırılıb ki, bu da yuxarıda xatırlatdığımız kimi, əsas etibarilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli maliyyələşmə mexanizmlərinin tətbiqi ilə səciyyələnir. Fondun vəsaiti qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
Sahibkarların investisiya təminatının gücləndirilməsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin xüsusi rolu var. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə vermək, həyata keçirilən əlverişli layihələrə investisiya qoymaq, rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə ixracyönümlü və ya idxaləvəzləyici layihələrdə iştirak şirkətin əsas məqsədlərindəndir.
Hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6 faizini kiçik və orta sahibkarlıq qurumları təşkil edir. Onların isə əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisyalarda payı getdikcə artır.
Kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin yüksəldilməsi, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması və institusional dəstək mexanizmlərinin formalaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyi tərəfindən kiçik və orta biznes strukturlarının iqtisadiyyatda rolunun, həmçinin rəqabət qabiliyyətinin artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi istiqamətində müxtəlif təşviq və dəstək mexanizmləri həyata keçirilir. KOB dostu ofisləri, KOB İnkişaf Mərkəzləri, KOB-lar üçün təhsil, elm, tədqiqat layihələrinin maliyyələşdirilməsi, “Startap şəhadətnaməsi”nin verilməsi buna misal ola bilər.
Samir HEYDƏROV, iqtisadçı-ekspert
Son illər ölkəmizdə özəl sektorun dinamik inkişafı məqsədilə bir sıra əhəmiyyətli layihələr həyata keçirilib. Sahibkarlıq sahəsində lisenziya tələb olunan fəaliyyət növləri əhəmiyyətli dərəcədə azaldılıb. İnvestisiya qoyuluşunun stimullaşdırılması üçün investisiya təşviqi sənədinin verilməsi diqqətdə saxlanılıb.
Hazırda sahibkarlığın inkişafına müsbət təsir göstərən amillərdən biri olan satınalmalar sahəsində kotirovka sorğusu proseduru tamamilə elektronlaşdırılaraq vahid internet portalı – etender.gov.az vasitəsilə həyata keçirilir. Özəl sektorda müsbət göstəricilərin əldə edilməsi məqsədilə vergi qanunvericiliyində həyata keçirilən köklü islahatlar bu gün də davam etdirilir. Bu tədbirlər özəl sektorun fəaliyyətinin gücləndirilməsini, şəffaflığın və hesabatlılığın artırılmasını, rəqəmsallaşmanın geniş vüsət almasını, rəqabət mühitinin inkişafını şərtləndirir.
Sahibkarlığın inkişafına sistemli və ardıcıl dövlət dəstəyinin daha bir nümunəsi kimi Export.az elektron ticarət portalını göstərmək olar. Portal sahibkarlıq subyektlərinin biznes əlaqələrində etibarlı vasitəçi, dünya biznesinə asan çıxış imkanının yaradılması missiyasını yerinə yetirir.
Hazırda rəqabət üzrə yeni elektron, keyfiyyət portallarının hazırlanması, həmçinin dövlət satınalmaları portalının funksiyalarının genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə, Azərbaycanda ÜDM-də özəl sektorun payı 83,5 faiz təşkil edib. Sahibkarlıq subyektlərinin 99 faizi kiçik və orta müəssisələrin payına düşür.
Bütün bu tədbirlərin həyata keçirilməsi sahibkarlığın yaxın gələcəkdə yeni bir mərhələyə daxil olacağını deməyə əsas verir. Bu, Azərbaycan Respublikasının 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında da bildirilir. Həmin sənədə əsasən, növbəti 10 il ərzində özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılacağı, sahibkarlıq fəaliyyəti üzərində izafi tənzimləmənin tam optimallaşdırılacağı gözlənilir.
Qarşıdakı illər ərzində sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin effektivliyi, ünvanlılığı və şəffaflığı daha da gücləndiriləcək. Uğurlu ölkələrin təcrübələri əsasında biznes startaplarının və inkubatorlarının, ixracyönümlü istehsal və xidmətlər üzrə biznes layihələrinin dəstəklənməsi mexanizmləri təkmilləşdiriləcək. Nəticədə, sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud fəaliyyətini genişləndirmək istəyənlər, xüsusilə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmləri yaradılacaq. Bu əsasda sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20‒30 faizi mikro, 35‒45 faizi kiçik və 25‒35 faizi orta sahibkarlara yönəldiləcək.
Bir sözlə, həyata keçirilən genişmiqyaslı layihələr iqtisadi artım üçün ölkədə makroiqtisadi dayanıqlığı, maliyyə sektorunun bütün seqmentlərinin sabitliyini şərtləndirəcək.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


