Cüdo Federasiyası Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib

post-img

Azərbaycan Cüdo Federasiyası (ACF) 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirib.
Tədbirdə çıxış edən ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu Azərbaycanda cüdo ilə məşğul olanların sayının günü-gündən artdığını bildirib. O mötəbər yarışlarda yüksək nəticələr əldə edən cüdoçuların uğurlarından danışıb. Milli komandaların performansının artırılması üçün görülən işlərdən danışan R.Rəsullu 2022-ci ildən Bakı və rayonların 86 idman zalına 6214 tatami paylanılıb:
-1000-dən çox gənc və yeniyetmə cüdoçu həmin tatamilərdən ödənişsiz istifadə edib. Azərbaycanda cüdo ilə məşğul olanların sayı artıb. 2024-cü il iyuluna olan göstəriciyə əsasən ölkədə 19454 idmançı cüdo ilə məşğuldur. 

Azərbaycan Cüdo Federasiyasının 2024-2028-ci illər üçün hədəflərini açıqladığını bildirən qurum rəsmisi əsas məqsədin Azərbaycanı dünyanın qabaqcıl cüdo ölkələrindən birinə çevirmək olduğunu söyləyib.

Rəşad Rəsullu idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi baxımından kəmər imtahanlarının əhəmiyyətindən də danışıb. O qeyd edib ki, məşqçilərin, hakimlərin və idmançıların təhsili və inkişafı ACF-nin əsas fəaliyyət istiqamətlərindən biridir. 
Onun sözlərinə görə, 36 ay ərzində federasiya 106 təlim və seminar keçirib. 130 məşqçi Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının müvafiq sertifikatını əldə edib. 

Tədbirdə Azərbaycan və Gürcüstan arasında cüdo üzrə qarşılıqlı liqanın təşkil olunacağı vurğulanıb. Bildirilib ki, hər iki federasiya arasında razılıq əldə olunduğunu bildirib.

Sonra “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlıq barədə məlumat verilib:
-Hazırlıq məqsədilə idmançılar üçün 11 beynəlxalq, 6 yerli təlim-məşq toplanışı baş tutub. Paris Olimpiadasına lisenziya qazanan Azərbaycanın 9 cüdoçunun hər biri medal uğrunda mübarizə aparacaq.  
Sonra media nümayəndələri Azərbaycan Cüdo Federasiyasının həyata keçirdiyi sosial layihələr - “Doğru yol budur!”, Adaptiv cüdo, “Qızlara ağ yaraşır”, “Söz verirəm” haqqında məlumatlandırılıb.
Tədbirdə, həmçinin media nümayəndələrinin sualları cavablandırılıb.
Olimpiya iştirakçıları haqqında videoçarx nümayiş olunduqdan sonra tədbir bədii hissə ilə davam edib.

L. Qurbanova
XQ









İdman