Ulu öndərin xalqla tarixi təmasları

post-img

Atatürk Mərkəzində bu adlı çoxcildliyin təqdimat mərasimi keçirilib. Tədbiri açan mərkəzinin direktoru, akademik Nizami Cəfərov müasir Azərbaycan tarixinin bütöv bir mərhələsinin ilk dəfə düz 55 il öncə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. 

Akademik qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı ölkəmi­zin dünəni, bu günü və gələcəyi ilə birlikdə çəkilir. O qeyd edib ki, Ulu öndər haqqın­da saysız-hesabsız kitablar yazılıb və ya­zılmaqdadır. Onlardan biri də yazıçı-publi­sist Vəsimə İsmayılqızının ərsəyə gətirdiyi “Heydər Əliyevin vətən səfərləri” adlı çox­cildlik kitabıdır. Müəllif nəşrin üzərində uzun illər işləyib. Kitab Ümummilli liderin 100 illik yubileyi münasibətilə hazırlanıb. Akademikin fikrincə, 3 seriyadan ibarət nəşrdə müəllif fərqli baxış ortaya qoyub.

Ulu öndərin xalq və Vətən qarşısında əvəzedilməz xidmətlərini qeyd edən ya­zıçı-publisist Vəsimə İsmayılqızı çoxcild­liyin ilk kitabının çapdan yenicə çıxdığını diqqətə çatdırıb. Qeyd edib ki, ensiklope­dik toplunun 1-ci kitabı Ulu öndərin res­publikaya rəhbərlik etdiyi ilk dönəmi əhatə edir. Həmin illərdə Heydər Əliyevin rayon­lara səfərləri, Bakı şəhərində Mərkəzi Ko­mitədən kənarda iştirak etdiyi tədbirlərlə bağlı materiallar öz əksini tapıb. Seriyaya daxil olan “Goranboyda izim qaldı”, “Bey­ləqanda izim qaldı”, “Şuşada izim qaldı” kitablarının hər birində rəhbərin bu rayon­lara səfərləri haqqında geniş söhbət açılır.

“Silsilə kitabın 2-cisi “Daxili səfərlər” seriyasından olan çoxcildlikdir. Bu cilddəki məqalələr Heydər Əliyevin siyasi kursu­nun layiqli davamçısı – Prezident İlham Əliyevin respublikaya rəhbərliyinin 20 illik dövrünü əhatə edir. Nəşrin 1-ci cildi dövlətimizin başçısının 2004–2006-cı il­lərdə ölkədaxili siyasi fəaliyyəti, bölgələrə səfərlərini özündə əks etdirir. 2006–2008-ci illəri əhatə edən 2-ci cilddə isə Prezi­dent İlham Əliyevin regionların inkişafı istiqamətində fəaliyyətindən bəhs olunur.

Seriyanın çapdan çıxan növbəti kitabı isə “Zəfər səfərləri” adlanır və bu nəşrdə 44 günlük Vətən müharibəsində qazandı­ğımız tarixi qələbədən sonra 2020–2022-ci illərdə Müzəffər Ali Baş Komandan İl­ham Əliyevin bölgələrə səfərləri ilə bağlı materiallar toplanıb. Bu cilddə ümumilikdə Zəfəri şərtləndirən amillərdən, dövlət–ordu–xalq birliyindən danışılır və dövləti­mizin başçısının möhtəşəm Qələbəmiz­dən sonra regionlara səfərləri təfsilatı ilə verilib.

Elm və Təhsil Nazirliyi Neft-Kimya Prosesləri İnstitutunun direktoru akade­mik Vaqif Abbasov, professor, tibb elm­ləri doktoru Fuad Sərdarlı, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, ADA Universitetinin müəllimi, “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva, kitabın re­daktorlarından Əməkdar jurnalist Əbülfət Mədətoğlu, Əməkdar müəllim İsgəndər Səklikov, filologiya üzrə fəlsəfə doktoru Fi­rudin Qurbansoy və digərləri çıxış edərək nəşrlə bağlı fikirlərini bölüşüblər. Vurğu­lanıb ki, kitabı vərəqləyərkən Ulu öndərin zəngin fəaliyyəti, Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü işlər, yürütdüyü uzaqgörən siyasət, Vətən müharibəsində Zəfərimiz və regionlarda görülən işlər göz önündə canlanır.

Qeyd edək ki, silsilə nəşrin məsləhət­çiləri və “Ön söz”ün müəllifləri Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, profes­sor, Azərbaycanın Bosniya və Herseqo­vinadakı səfiri Vilayət Quliyev, redaktoru şair Dilsuz Mustafayevdir.

XQ

Sosial həyat