Ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxslərinin iştirakı ilə Şabran şəhərində növbəti şəbəkələşmə görüşü təşkil olunub. Görüş Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı keçirilib.
Təhsil ocağının Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi və Beynəlxalq Reytinqlərlə iş üzrə işçi komandasının koordinatoru İranə Axundova bildirib ki, adıçəkilən tədbirin təşkilində əsas məqsəd ali təhsil müəssisələrinin reytinq komandaları arasında mümkün əməkdaşlığın daha da möhkəmləndirilməsinə nail olunması idi.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın iştirak etdiyi görüşdə beynəlxalq reytinqlərdə təmsilçilik hüququnun yaratdığı imkanlardan, qazanılan nailiyyətlərdən və prioritet hədəflərin vacibliyindən bəhs olunub. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Zülfiyyə Şəfiyeva təqdimat–çıxışında 2024-cü ilin I yarımili ərzində görülən işlər barədə məlumat verib.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mətbuat xidmətindən XQ-yə bildiriblər ki, Şabran şəhərində keçirilən növbəti şəbəkələşmə görüşü Elm və Təhsil üzrə Dövlət Agentliyinin profayler və insan davranışları üzrə mütəxəssisi Təbriz Hacınskinin apardığı interaktiv komanda oyunları ilə başa çatıb.
Z.HÜSEYNOVA
XQ