İspaniya – Avropa futbolunun kralı

post-img

Mikelin qızıl qolu və Olmonun qələbəni xilas edən seyvi

Bu Avropa çempionatının finalı bir-birinə əks olan iki komandanın oyunu ilə diqqət çəkirdi. Bir tərəfdə hücuma şığıyan, gözəl oyun nümayiş etdirən, romantik futbola inanan İspaniya, digər tərəf­də isə darıxdırıcı və həddən artıq rasional, oyunu heyət­dəki ulduzların səviyyəsinə belə yaxın olmayan İngiltərə var idi. Belə bir final matçı üçün ideal cütlük idi. Necə deyərlər, tam harmoniya təş­kil edirdilər.

İspanların heyətində ən mühüm ha­disə Yamalın artıq 16 yaşlı yox, 17 yaşlı vunderkind olması idi. Hələ yeniyetmə sayılacaq ulduz futbolçu final ərəfəsin­də ad gününü qeyd etmişdi. Qalan hər şey proqnozlaşdırıla bilən və anlaşılan idi: de la Fuente eksperimentlərin bö­yük fanatı deyil. Karvaxal və Le Nor­man diskvalifikasiyadan sonra start heyətində idilər, amma bunu dəyişiklik adlandırmaq olmazdı.

İlk 45 dəqiqədə matçın ingilis sse­narisi ilə getdiyi təəssüratı yaranırdı. Qaret Sautgeyt düzülüş seçimi ilə bir qədər təəccübləndirirdi. Baş məşqçi möcüzəvi 3-4-2-1 düzülüşündən imti­na edib, “şirlər”in turnirə üzücü oyunla başladıqları 4-2-3-1-ə qayıtmışdı. Sanki qərar doğru idi - İngiltərə topu bilərək­dən rəqibə verir və yüksək sürətli, ener­jili ispan hücumunun nəfəsini kəsirdi. “Qırmızı roho”nun enerjidayzerləri isə ümidsizlik içində qapı önünə mənasız asma ötürmələr etmək məcburiyyətində qalırdılar.

Birinci hissənin ortalarında ispanlar topa sahibolmada artıq 70:30 üstünlüyə malik idilər. Onlar 45 dəqiqənin əksər hissəsini topdan ayrılmayıb ingilis mü­dafiəsində boşluqlar tapmağa çalışır­dılar. Amma heç nə alınmırdı. İnsafən, hər iki komanda təkcə müdafiədə deyil, keçid mərhələlərində də qüsursuz oy­nayırdı. Sürətli hücum etmək şansı yox idi. İspaniya çarəsizlikdən ümidsiz gö­rünürdü. Amma hücumlarını bir an belə dayandırmaq fikrində deyildi.

Yüksək səviyyəli futbol, amma qə­tiyyən qol vəziyyətləri yoxdur. Rəqibi­ni birtəhər dolaşdırmaq üçün təcrübəli Karvaxal Sakanın balansını pozmağa qərar verdi: ingilis yıxıldıqdan sonra saqqallı ispan ona “ağlayan körpə” jes­tini göstərdi. Dərhal ötən Avronun fi­nalında Kellininin çox gənc Sakanı boynundan tutub necə sürüklədiyi yada düşdü. Sonradan bu məqam İtaliyanın qələbəsinin simvollarından birinə çev­rildi... 

İlk hissədə bu matçı ən yaxşı sə­ciyyələndirən iki məqam yadda qaldı. Birincisi, Stounsun öz cərimə meydan­çası qarşısından topu götürüb sürətlə hücuma şığıması oldu. İngilis müda­fiəçi topu rəqibin cərimə meydançasına qədər gətirdi və onu faydalı olmayan şəkildə itirdi. Buna cavab olaraq is­panlar rəqibin bir neçə anlıq qırılmış strukturuna əks-hücum təşkil etdilər. Bu da ispanların istədiyi sonluğa gətirib çıxarmadı, amma əsl rok-n-roll oldu! İkincisi məqam isə bu idi ki, birinci hissədə rəqiblər hədəfə cəmi bir zərbə endirdilər. 

Sautgeyt işlək mexanizmi ikinci hissədə də sındırmaq istəmədi. Niyə də sındırsın, nəticə verirdi. Yenə üç mərkəz müdafiəçisi, Saka sağ kənar müdafiə­çisi rolunda, Lyuk Şou isə əks cinahda oynadı. Bu Lyukun fevral ayından bəri start heyətdə oyuna ilk çıxışı idi. O, bu mövqedə ideal seçim olmayan sağ ayaqlı Tripieri əvəzləyirdi. 

Fasilə zamanı bütün İspaniya üçün əsl şok yaşandı – komanda oyununun dirijoru zədələnmiş Rodrini əvəz et­mək lazım gəldi! Rodri meydançaya çıxmayanda, düşünmək olardı ki, de la Fuentenin komandası çətinlikləri hət­ta bellə deyil, ekskavatorla kürəyəcək. Ancaq bu şok terapiyası yalnız İspaniya komandasına xeyir verdi: artıq ikinci dəqiqədə "Qırmızı roho" nəhayət İn­giltərənin müdafiəsini qırmağı bacardı! Komandanın iki ən parlaq gənc oyunçu­sunun anlaşıqlı oyunu nəticə verdi - Ya­mal bu Avroda daha bir gözəl məhsul­dar ötürmə etdi, Uilyams isə qol vurdu. İkinci hissənin elə ikinci dəqiqəsində İspaniya önə keçdi. 

Bundan sonra oyun sanki alovlandı. Açığı, gözlənilən idi. İspanlar müdafiə yox, pressinqə davam etdilər. Bu yolla da topu meydanın mərkəzində ələ keçi­rir və bir-birinin ardınca hücumlar təşkil edirdilər. İngilis qapıçı Pikford cərimə meydançasında gah sağa, gah sola, gah da havaya tullanıb qapısını xilas etməyə məcbur olurdu. İngilislər qolun şokun­dan ayılanadək, az qala qapılarında ikin­ci qolu görsünlər. Lakin Olmo əlverişli mövqedən fürsəti qaçırdı. “Şirlər” üçün çətin anlar olsa da, bu Avroda kambek etmək onlar üçün adi hal almışdı.

Bu qoldan sonra Sautgeytin reak­siyası dərhal özünü göstərdi. O, 60-cı dəqiqədə Keyni əvəzlədi. Deyəsən Har­rinin lənətlənməsinə artıq baş məşqçi də inanırdı. Bellingem isə İngiltərəni aya­ğa qaldırmağa çalışsa da, onun zərbəsi dirəkdən yan keçdi. Ancaq bu, sadəcə bir epizod, qığılcım idi. Daha sonra is­panlar oyuna nəzarəti bərpa etdilər və Rodrinin ehtiyat oyunçular skamyasın­da olduğunu belə hiss etmədilər. Yamal bu matçda hər şeyi sona çatdırmağa yaxın idi, lakin onun sürətli zərbəsinin qola çevrilməsinə Pikford imkan ver­mədi.

İngiltərə nə qədər pis görünsə də, hesabda bir qolla geri qalmaq onlar üçün problem deyildi. Bu avronun qa­nunu finalda da işlədi. Sautgeyt yenə uğurlu əvəzetmə etdi və Palmeri mey­dana buraxdı. 

Yamal artıq ikinci qol fürsətini qa­çıranda aydın görünürdü ki, "Qırmızı roho" asanlıqla uğur qazanmayacaq. Çünki bu Avroda ingilislər çox vaxt öz rəqiblərini soyuqqanlı olmadıqlarına görə cəzalandırıblar. Elə belə də oldu. Bellingemin ötürməsindən sonra, 70-ci dəqiqədə meydana çıxmış “Cold” (so­yuq) ləqəbli Koul Palmer uzaq məsafə­dən endirdiyi güclü zərbə ilə ispanların çatdığı tonqalı söndürdü - 1:1!

De la Fuente də bir qədər əvvəl öz gedişini etmişdi. Onun komandası ehti­yatla oynayıb əlavə vaxt gözləmək fik­rində deyildi. Onlar 90 dəqiqə ərzində hər şeyi həll etmək istəyirdilər. Yamalın daha bir şansı yarandı və Pikfordla qar­şı-qarşıya gəldi. Lakin bu duel də Pik­fordun qələbəsi ilə başa çatdı. 

Buna baxmayaraq, "Qırmızı roho" məqsədinə çatdı! İngilisləri sürətli hü­cumda yaxalayan ispanlar cərimə mey­dançasındakı böyük boşluqdan ustalıqla yararlandılar. Müdafiəçi Mark Kukurel­la sol cinahda topu qəbul etdi və Oyar­zabalın Cordan Pikfordla üz-üzə qaldığı qapı xəttinə doğru kəskin zərbə endirdi. O, özü Kukurellaya qol öncəsi ötür­mə etmişdi. Mikel Oyarzabal Stounzu qabaqlayıb İspaniyanı mütləq Avropa çempionu edəcək qızıl qolu vurdu: 2:1.

Epizodun təkrarından sonra qo­lun ləğv oluna biləcəyi ehtimal edilir­di - Oyarzabal ingilis müdafiəçisi Con Stounzla təxminən eyni xəttdə idi. Of­saydı dəqiq müəyyən etmək üçün tex­niki yardım lazım idi. Amma VAR heç bir qayda pozuntusu aşkar etmədi və sonradan epizodun yayımında Mikelin düzgün mövqedə olduğu təsdiqləndi. Stounzun dizi ispaniyalının ayaqların­dan bir qədər irəlidə idi.

Oyarzabal bu Avroda ilk dəfə idi ki, qol vurdu. Amma necə dəyərli qol idi. Hücumçu bütün turnir boyu əvəzedici kimi çıxış etmişdi və ilk dəqiqələrdən yalnız qrup mərhələsinin son turunda Albaniya ilə oyunda, Luis de la Fuen­tenin heyətdə kütləvi rotasiya həyata keçirdiyi zaman meydana çıxmışdı. Bü­tün digər görüşlərdə ehtiyat oyunçular skamyasından meydana çıxan Mikel finalda vurduğu “qızıl qoldan” əvvəl Gürcüstanla 1/8 finalda yalnız məhsul­dar ötürmə ilə yadda qalmışdı.

Əlbəttə, bu, hamısı deyildi. Bu fina­lın daha bir qəhrəmanı Dani Olmo oldu. Əsas vaxtın son dəqiqəsində Dani Olmo ingilislərin ikinci həmlədə başla qapıya vurduqları topu Olmo elə başı ilə də qapı xəttinin üzərindən çıxarıb qələbəni xilas etdi. O, təkbaşına turnirin bombar­diri ola bilərdi, lakin belə bir xilasetmə istənilən qoldan daha dəyərlidir! Bun­dan sonra ispanlar öz qapıları qarşısında ingilislərə heç bir şans vermədilər. İn­giltərə finalda uduzdu. İndi bütün dünya mətbuatının və azarkeşlərin Sautgeyti “məhv etməyə” haqqı çatır. 

İngilis azarkeşləri də, yəqin, etiraf edərlər ki, İspaniyanın Avro-2024-dəki qələbəsi layiqli və ədalətli oldu. De la Fuentenin komandası turnirdən uğurla keçdi və bütün matçlarda qalib gəldi. Üstəlik, ispanlar demək olar ki, bütün favoritlərlə qarşılaşıb, hamını öz yolun­dan kənarlaşdırıblar. Siyahı həqiqətən çox qibtə ediləsidir: Xorvatiya, İtaliya, Almaniya, Fransa, İngiltərə. Ona görə də İspanlar qeyd-şərtsiz bu turnirin ən yaxşısı idi. Hücuma önəm verən balans­laşdırılmış oyun təkcə gözəl tamaşa ol­madı, həm də əla nəticə verdi. Üstəlik, İspaniya dörd qələbə ilə Avropa çempi­onatları tarixinin ən titullu komandası oldu! Bir sözlə, həm bu turnirin, həm də Avropa çempionatları tarix boyu mütləq çempionlar!

Avro 2024-də finalda təkcə turnirin ən parlaq və ən emosional komandası britaniyalıların praqmatizmini və usta­lıq səviyyəsini üstələyərək qalib gəlmə­di. Finalda həm də milyonların sevimli tamaşasına çevrilmiş futbol qalib gəldi. Turnir boyu eşidirdik ki, bu Avropa çempionatı darıxdırıcıdır, komandalar çılpaq nəticəyə üstünlük verirlər, ona görə də əyləncəni, həyəcanı qurban verirlər. Bəlkə də belədir, həqiqətən də son onillikdə bu tendensiya çox nəzərə çarpır.

Amma sevindirici hal budur ki, fut­bolu rəqəmsal matrisalara nə qədər sı­ğışdırmağa çalışsalar da, o milyonların sevimli oyun olaraq qalır. Bu oyunun özünün izaholunmaz, bəzən ziddiyyət­li, lakin çox zərif məntiqi var. İspaniya millisi bu yay onun təcəssümü oldu.

Biz İngiltərənin yarımfinaldakı oy­nundan sonra yazmışdıq ki, “Futbol evə qayıdır. Amma sən demə o İngiltərəyə deyil, İspaniyaya qayıdırmış. El fut­bol vuelve a casa! Futbol evə gəlir! – Minlərlə ispan azarkeşi indi Madridin küçələrində ürək dolusu bu ifadəni uca­dan hayqırırlar. Haqları çatır, nə demək olar…

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ







İdman