İyulun 15-də "Sea Breeze"də yerləşən "Costa Coffe" məkanında Milli Olimpiya Komitəsinin təşkilatçılığı, Azərbaycan Olimpiya yığmasının tərəfdaşı VISA-nın dəstəyi ilə Paris Yay Olimpiya Oyunlarında iştirak edəcək olimpiyaçılarımızın yolasalma mərasimi keçirildi.
Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, VISA-nın Azərbaycan üzrə baş direktoru Nurlan Hacıyev, Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılar və idman ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Mərasimdə çıxış edən Çingiz Hüseynzadə Parisə yollanacaq idmançılara uğurlar arzuladı.
Qeyd etdi ki, Azərbaycan yarışa böyük komanda ilə yollanacaq:
-Paris Oyunlarında 48 idmançımız mübarizə aparacaq. Azərbaycanın 100 nəfərdən artıq nümayəndə heyəti olimpiadaya yollanacaq. İnanırıq ki, lisenziya qazanan atletlərimiz onlara bəslənilən ümidləri doğruldacaq, bayrağımızı fəxri kürsüdə qürurla dalğalandıracaqlar. Düşünürəm ki, mükafatlarımız bundan əvvəlki olimpiadadan daha çox olacaq. Yarışdan 9-10 medal gözləyirik.
O, tədbirin təşkilində əsas məqsədin Oyunlar ərəfəsində olimpiyaçılara mənəvi dəstək vermək və komanda ruhunu artırmaq olduğunu bildirdi.
Nurlan Hacıyev çıxışında 1986-cı ildən etibarən Visa Olimpiya hərəkatının sadiq tərəfdaşı olduğunu dedi. Vurğuladı ki, Visa şirkəti olaraq həmçinin çalışırıq ki, idmanın populyarlaşmasına, yerli idmançıların ustalıq səviyyələrinin artırılmasına və zirvələrə yüksəlməsinə öz töhfələrimizi verək.
Rəsmi hissədən sonra Azərbaycan Dövlət Reklam Agentliyi, "Paşa Holdinq"in tərkibində "Paşa Malls" şirkəti, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə Bakı, Sumqayıt və Gəncə şəhərlərinin müxtəlif yerlərində yayımlanan, idmançılarımızı bütün ölkəyə tanıdan videoçarx nümayiş etdirildi.
Tədbirdə, həmçinin VISA şirkəti tərəfindən idmançılara hədiyyələr təqdim edildi.
Tədbirdə jurnalistlərə açıqlama verən 3 qat Dünya, 4 qat Avropa çempionu, Olimpiya Oyunlarının bürünc, gümüş mükafatçısı Hacı Əliyev hazırlığın yaxşı getdiyini, formada olduğunu bildirdi. Vurğuladı ki, artıq 2 olimpiadada iştirak edib:
-Bu 3-cü olimpiadadır ki, mübarizə aparacağam. Karyeramın son yarışıdır. İstəyirəm gözəl nəticə qazanım. Olimpiya Oyunlarının bütün mükafatları dəyərlidir.
İdmançı qeyd etdi ki, Olimpiadaya lisenziya qazanan idmançılarla görüş güləşçilərin istirahət vaxtına düşüb:
-Olimpiada ərəfəsində idmançıların bir araya gəlməsi xoş oldu. Belə bir tədbir sayəsində üzərimizdə olan stressi ata bildik. İnanıram ki, komandamız böyük naliyyətlə Vətənə qayıdacaq.
Tədbir bədii hissə ilə davam etdi.
Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq.