Dini mərasimlərdə azyaşlıların iştirakı qəbuledilməzdir!

post-img

Ölkəmizdə adət-ənənə məclislərinin təşkili qanunla tənzimlənir

Təkrar etməyə ehtiyac yoxdur ki, həm ulu öndər Heydər Əliyev, həm Prezident İlham Əliyev, həm Birinci vitse-prezident Mehriban xanım Əliyeva, həm də Heydər Əliyev Fondu daim milli-mənəvi və dini dəyərlərimizin qorunması istiqamətin­də lazım olan bütün addımları atıblar. Bu istiqamətdə yada salınmalı məqamlar yüzlərlə olsa da, onlardan cəmi birini – cənab Prezidentin və Birinci vitse-prezi­dentin işğaldan azad edilmiş ərazilərdəki dini abidələrimizin bərpasında şəxsən iştirak etmələrini xatırlatmaq kifayətdir. 

Ancaq xaricdən istiqamətləndirilən bəzi qaraniyyətli adamlar Azərbaycanda hansısa dini mərasimlərin keçirilməsinə imkan olmadığını söyləyirlər. Qətiyyən belə deyil. Ölkədə nəinki müsəlmanlar, hətta başqa dinlərin təmsilçiləri də öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər. Bugünkü Aşura günü kimi... 

Əslində, Aşura günü (Məhərrəm ayı­nın 10-u) dini ibadət və ya ayin deyil, müqəddəs dinimizin tarixindəki ən faciəli günlərdən birinin xatırlanmasıdır. Hic­ri təqvimi ilə 61-ci ilin həmin günündə Məhəmməd Peyğəmbər (s.) nəvəsi İmam Hüseyn, onun ailə üzvləri və tərəfdarları Kərbəlada qətlə yetirilmişlər. O tarixdən bəri müsəlmanlar Məhərrəm ayının 10-da əzadarlıq edirlər.

Bəli, dindar soydaşlarımız bu gün Aşuranı qeyd edəcəklər. Allah bütün şə­hidlərə rəhmət eləsin! Ancaq Azərbay­can qanunlarının bizə verdiyi mühüm hüquqların biri də uşaqların həyatının və sağlamlığının qorunması, onların düzgün istiqamətdə tərbiyə edilməsidir­sə, əsas vəzifələrimizdən biri də onların psixoloji zədə almaması üçün lazım olan addımların atılmasıdır. Bu baxımdan döv­lət qurumları öz vəzifələrini yerinə ye­tirərək, uşaqların, xüsusən, azyaşlıların və körpələrin dini mərasimə aparılmasını məqsəduyğun saymırlar. Üstəlik, o da xa­tırladılır ki, son zamanlar müşahidə edilən isti havada uşaqların kütləvi tədbirlərə aparılması təhlükəlidir.

Əvvəlki illərin təcrübəsi göstərir ki, müvafiq dövlət qurumlarının maariflən­dirmə tədbirlərinə baxmayaraq, bəzən azyaşlıların psixikasına mənfi təsir edə­cək hadisələr yaşanır. Bu baxımdan da, mərasimlərdə azyaşlı uşaqların iştirakı onların təhlükəsizliyi və sağlamlığı baxı­mından məqsədəuyğun deyil. Son günlər bununla bağlı Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vətəndaşlara ünvanladığı müraciət də məhz ötən illərdə müşahidə edilmiş fakt­lara əsasən qələmə alınmışdır. 

Həmin müraciətdə qeyd edilir ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dini mərasimlər yalnız məscid və ziyarət­gahların ərazisində keçirilməlidir. Bütün mərasimlər zamanı, o cümlədən cari il iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkəti­nin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür.

Dövlət qurumları xatırladırlar ki, bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur: “Vali­deynlərdən xahiş edirik ki, kütləvi məra­simlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların işti­rakının onların təhlükəsizliyi və sağlamlı­ğı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara diqqətlə yanaş­sınlar”.

Adıçəkilən nazirlik və dövlət komitəsi ümidvar olduğunu bildirirlər ki, ölkə əhali­si hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, qanuni mənafelərinin qo­runması məqsədi daşıyan bu müraciətə həssas yanaşacaq. 

Xatırladaq ki, islamşünas alimlərin fikrincə, Məhərrəm “haram olan, qada­ğan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Quranda “məhərrəm” sözü ay adı olaraq keçmir. Lakin dolayı olaraq, dö­yüşün haram olduğu aylardan bəhs olunur və bu aylara hörmət göstərmək əmr edilir. Peyğəmbərimiz (s.) ayədəki haram ayla­rın Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb ayları olduğunu bildirmişdir. İndi ortaya sual çıxır: Müqəddəs kitabımız Məhərrəm ayında döyüşün ( deməli, həm də qan tökülməsinin ) haram olduğunu yazırsa, onda nə üçün biz həmin ayda özümüzü döyüb, başımızı yarır, qan tökürük? 

Onu da əlavə edək ki, Məhərrəm ayı­nın özünəxas xüsusiyyətlərindən biri bu ayda Aşura gününün olmasıdır. Aşura “onuncu gün” deməkdir. Yəni Hicri təqvi­minin ilk ayı olan Məhərrəm ayının onun­cu günüdür. İslam tarixçiləri yazırlar ki, bu günə “aşura” deyilməyinin səbəbi Allahın məhz həmin gün özünün peyğəmbərlə­rinə etdiyi lütflərə bağlıdır. Dini mənbələr­də yazılır ki, Aşura günü Allahın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış, Musa peyğəmbər (ə.) Firon və ordusunun təqi­bindən xilas olmuşdur. Nuh peyğəmbərin gəmisi Cudi dağının üstünə aşura günü çıxmışdır. Adəm peyğəmbərin (ə.) töv­bəsi həmin gün qəbul olunmuşdur. İbra­him peyğəmbərin oğlu İsmail aşura günü dünyaya gəlmişdir və sair. 

Yeri gəlmişkən, bir neçə il qabaq Qafqaz Müsəlmanları İdarəsinin təşəbbü­sü ilə bilavasitə Aşura günü kütləvi qan­vermə aksiyaları keçirilirdi. Dünən mətbu­at və sosial şəbəkələrdə oxuduq ki, həmin aksiyalar bu Aşura günü də davam edə­cək. Yəni biz ehtiyacı olan insanlara qan verməklə öz müsəlman humanizmimizi və birliyimizi nümayiş etdirəcəyik. Əminik ki, o zaman Kərbəla şəhidləri başda olmaqla bütün şəhidlərimizin ruhu şad olacaq. Bir daha Uca Allahdan Kərbəla şəhidlərinə və Vətən müharibəsi şəhidlərinə rəhmət diləyirik! 

İlahiyyatçı Yaşar Qurbanov:

– Düşünürəm ki, azyaşlıların, körpələrin belə mərasimlərə apa­rılması düzgün deyil. Çünki təhlükəsizlik və psixoloji baxımdan müəyyən fəsadlar ya­rana bilər. Doğrudur, qançıxarma, insanların özünü zəncirlə vurması İslamda qadağan olunsa da, bunu edənlər var. Buna görə uşaqların Aşura mərasim­lərində azyaşlıların iştirakına icazə veril­məməlidir. Bunu dinimiz də caiz saymır. Azyaşlıların, körpə uşaqların elə yerlərdə nə işi var axı? Uşaqlar həddi-buluğa çata­na qədər namaz, oruc vacib buyrulmayıb. Əgər dinimizin əsası olan oruc, namaz vacib deyilsə, belə mərasimlərdə onların iştirakı, ümumiyyətlə, doğru deyil. 

İttifaq MİRZƏBƏYLİ
Rizvan FİKRƏTOĞLU
XQ

 



Sosial həyat