II məqalə
Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik.
Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Respublikasının Prezidenti
Öncəki məqalədə Şuşa Bəyannaməsi haqqında vurğuladığımız məqamlar müasir mərhələdə Azərbaycan dövlətçiliyi üçün əhəmiyyəti olan iki faktorun rəmzidir. Onlardan biri bu bəyannamənin Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfər savaşının siyasi və hüquqi nəticəsi olması ilə bağlıdır. İkincisi, 2020-ci ildə 44 gündə təcavüzkar üzərində böyük qələbənin məntiqi ifadələrindən biri kimi Şuşa Bəyannaməsi müstəqil dövlətçilik maraqları kontekstində başqa türk dövləti ilə uğurlu müttəfiqliyin özəl təsbitidir. Səfəvidən bu yana buna bənzər hadisə baş verməmişdir. Məsələnin bu tərəfi üzərində bir qədər geniş dayanmağa ehtiyac vardır.
İmperiyadan respublikaya transformasiya
İki türk imperiyası olan Səfəvi ilə Osmanlı əsrlərlə çəkişmişlər. Onlar bir-birinə dost və qardaşdan çox nüfuz uğrunda rəqib kimi baxmışlar. Uzun müddət davam edən bu münasibət türklər üçün bir acı həqiqəti ortaya çıxardı: imperiya üsul-idarəsi çərçivəsində türk dövlətləri dost və qardaş olmağı bacarmırlar! Həmin acı həqiqət hər iki güclü türk imperiyası üçün faciəvi oldu – Azərbaycan milyon kvadratkilometrlik ərazidən kiçik dövlətə çevrildi. O da birbaşa olmadı: əvvəlcə ikiyə bölündü, sonra bir il müstəqil respublika oldu, daha sonra isə sovetlərin tərkibinə qatıldı. Osmanlı isə XX əsrin əvvəllərində aldığı zərbələrdən parçalandı və bir hissəsində Türkiyə Cümhuriyyətini yarada bildi. Artıq həmin mərhələdə türk siyasətçilərə aydın idi ki, türklər imperiya kimi perspektivli deyillər – yeni dövlətçilik modeli zəruridir. Bu da respublika oldu! İndiki vəziyyət göstərir ki, respublika üsul-idarəsini seçmək türklərin tarixi qələbəsidir.
Ancaq bir ciddi strateji məsələ həllini tapmalı idi. Azərbaycan Demokratik Respublikasının sürətlə süquta yetirilməsi göstərdi ki, azərbaycanlılar respublikanı qorumaq üçün fərqli dövlət quruculuğu strategiyası seçməlidirlər. Bu vəzifənin öhdəsindən ulu öndər Heydər Əliyev gəldi.
Digər tərəfdə Türkiyə Respublikası formalaşdı. Bu proseslər keçən əsrin 90-cı illərindən yeni geosiyasi şərtlər daxilində Azərbaycan–Türkiyə münasibətlərini müsbət əsasda məzmunlaşdırmaq zərurətini meydana çıxardırdı. Məhz həmin mərhələdə ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı Azərbaycanla Türkiyənin müstəqil dövlətlər kimi əlaqələrini qurmasında və onu davamlı inkişaf etdirməkdə istiqamətverici rol oynadı. Şuşa Bəyannaməsi məhz bu kontekstdə çox əhəmiyyətli bir sənəddir. Çünki həmin sənəd Azərbaycanla Türkiyənin “bir millət, iki dövlət” formulu üzrə əməkdaşlığının konkret siyasi-hüquqi təsbitidir.
Beləliklə, dövlətçilik tariximizdə Şuşa Bəyannaməsi türk dövlətlərinin uğurlu əməkdaşlığının ilk siyasi-hüquqi təcəssümüdür! Burada nə Qars müqaviləsinin, nə də öncəki məqalədə vurğuladığımız digər sənədlərin əhəmiyyətinə qətiyyən kölgə salmırıq. Lakin ilk olaraq Şuşa Bəyannaməsində iki dost və qardaş türk dövlətinin respublika kimi müttəfiqiliyinin strateji məqamları konkret bəndlərdə məzmunlaşdırılmışdır. Azərbaycanla Türkiyənin müttəfiqliyini bu dərəcədə ifadə edən digər sənəd hələlik yoxdur.
Əlbəttə, belə bir sənədin Azərbaycanın mədəniyyət və dövlətçilik tarixində xüsusi rolu olan Şuşada imzalanmasının da bir rəmzi mənası vardır. Həmin məna ondan ibarətdir ki, Azərbaycanla Türkiyənin münasibətləri müstəqillik və bərabərhüquqluluq əsasında beynəlxalq hüquq normaları çərçivəsində perspektivli ola bilər. Ankara və Bakı türk dövlətçiliyinin müasir iki rəmzidirlər və əbədi olaraq qoşa dayanmağa istiqamətlənmişlər. Buradan fəlsəfi xarakterli iki nəticə çıxara bilərik.
Strateji müttəfiqliyin inteqrativ potensialı
Bəli, Şuşa Bəyannaməsi dövlətçilik baxımından bu prinsipial məqamı da özündə ehtiva edir. Çünki strateji müttəfiqliyin müəyyən həddi və sərlövhəsi olmalıdır. Onlar müttəfiqliyin mənəvi, siyasi, ideoloji bazası olan “bir millət, iki dövlət” formulunda ifadəsini tapmışdır. Şuşa Bəyannaməsi həmin əsasda müttəfiqliyin inteqrativ potensialının kriteriyalarını dəqiq əks etdirir.
Brincisi, Azərbaycan və Türkiyə müttəfiqliyi hər iki dövlətin müstəqilliyinə hörməti ifadə edir.
İkincisi, Azərbaycan və Türkiyə iki dost və qardaş dövlət kimi bir-birinin daxili işlərinə müdaxilə etmirlər.
Üçüncüsü, Azərbaycanla Türkiyənin strateji əməkdaşlığı dövləti, iqtisadi, təhlükəsizlik və sosial-mədəni fəaliyyətin bütün sferalarını əhatə edir.
Dördüncüsü, Azərbaycan və Türkiyə hər hansı birinə olası təcavüzə birlikdə müqavimət göstərirlər.
Beşincisi, Azərbaycan və Türkiyə beynəlxalq arenada daim bir-birinə dəstək verirlər.
Altıncısı, Azərbaycan və Türkiyə əməkdaşlığı daim inkişaf etdirməkdə qərarlıdırlar.
Yeddincisi, Azərbaycan və Türkiyə birlikdə Türk dünyasında əlaqələrin inkişafına və ayrıca Türk Dövlətləri Təşkilatının güclənməsinə çalışırlar.
Deməli, Şuşa Bəyannaməsi yalnız Azərbaycanla Türkiyənin əlaqələrinin gücləndirilməsi ilə məhdudlaşmır – o, daha geniş miqyasda, bütövlükdə, Türk dünyasının inteqrasiyasının mərkəzi faktoru rolunu oynayır. Bu aspektdə Şuşa Bəyannaməsi, ümumiyyətlə, regional miqyasdan multiregional miqyasa əməkdaşlıq və inteqrasiya kontekstində keçidin ilk siyasi-hüquqi nümunəsidir, həmin prosesin beynəlxalq hüquq normaları çərçivəsində sitmullaşdırıcı faktorudur!
Belə çıxır ki, Şuşa Bəyannaməsi faktiki olaraq iki funksiyanı paralel şəkildə yerinə yetirməkdədir. Bir tərəfdən, Azərbaycanla Türkiyə arasında əlaqələri siyasi-hüquqi təmin edir və onların regional və multiregional miqyaslarda münasibətlərini tənzimləyir. Digər tərəfdən isə “bir millət, iki dövlət” formulunun genişlənərək bütün Türk dünyasına təsir etməsinin istiqamətverici və stimullaşdırıcı faktoru rolunu oynayır.
2021-ci ildən bu yana baş verən hadisələr göstərir ki, Şuşa Bəyannaməsi vurğuladığımız birinci cəhətin uğurlu şəkildə həyata keçirilməsində baza rolunu oynayır. Faktlar bunu sübut edir. Belə ki, son 4 ildə Azərbaycan və Türkiyə qarşılıqlı əlaqələri sürətlə inkişaf etdirmişlər. Bütün sferalar üzrə irəliləyiş baş vermişdir və bu proses davam edir. Məsələn, ordu quruculuğu və gömrük xidmətinin inkişaf etdirilməsini göstərə bilərik.
Ordu quruculuğunda artıq iki müstəqil dövlətin bir güclü ordusu anlayışı kontekstində ciddi irəliləyişlər əldə edilmişdir. Hərbi mütəxəssislər faktiki olaraq iki müstəqil dövlətin bir ordusu modelinin reallaşdığını ifadə edirlər. Azərbacyan komandoları Türkiyə ordusudur, Türkiyə komandoları isə Azərbaycan ordusudur. Ordunu idarə etməkdə və hərbi təchizat məsələsində əməkdaşlıq tarixdə görünməmiş səviyyədə oxşardır! Bu modelin dünyada hələlik analoqu yoxdur!
Gömrük xidməti, nəqliyyat-loqistika sferasında əməkdaşlıq, informasiya təhlükəsizliyi istiqamətində ortaq fəaliyyət, enerjinin bütün növləri üzrə sıx koordinasiyalı hərəkət, xarici siyasətdə dünyanın həsəd apardığı səviyyədə birgə fəaliyyət, bir-birinə bütün məsələlərdə yüksək səviyyədə dəstək vermək, ortaq diplomatik gedişlər və başqa məqamlar göstərir ki, Şuşa Bəyannaməsi dünyada real səmərə verən siyasi-hüquqi sənədlər sırasında birinci yerdədir! Bu baxımdan Şuşa Bəyannaməsinin Cənubi Qafqazın geosiyasi mənzərəsi üçün oynadığı çox təsirli rolu da vurğulamaq lazımdır.
Şuşa Bəyannaməsi və Cənubi Qafqazın “geosiyasi sınma nöqtəsi”
Məsələnin bu aspekti çox aktualdır. Çünki hazırda dünyanın böyük gücləri Cənubi Qafqazı geosiyasi-hərbi və təhlükəsizlik baxımından olduqca həssas bir nöqtəyə gətirmişlər. Belə vəziyyətdə kiçik bir geosiyasi fluktuasiya (kənara çıxma) regionun tarazlığını poza bilər. Həm də ondan sonra geriyədönüş olmaya bilər. Buna politologiyada “geosiyasi sınma nöqtəsi” deyirlər. Region həmin nöqtəyə asimptotik yaxınlaşıb (ən kiçik xəta ilə həssaslıq məqamına maksimum yaxınlaşmanın riyazi ifadəsi). Məhz Şuşa Bəyannaməsi regionu həmin həssas nöqtəyə sıx yaxınlaşmağa imkan vermir. Bunun mexanizmi aydındır.
Şuşa Bəyannaməsinin müddəaları Azərbaycanla Türkiyəyə imkan verir ki, hər hansı riskli situasiyaya çevik reaksiya versinlər. Bunu dəfələrlə Qərbin bir sıra dövlətlərinin Cənubi Qafqazı tarazlıqdan çıxarmağa yönəlmiş addımlar atdığı zaman iki qardaş türk dövlətinin davranışları göstərdi. Məsələn, Fransa və Hindistan Ermənistana yeni silahlar satmaqla regionda fərqli vəziyyət yaratmağa ümid edirdilər. Azərbaycan və Türkiyə dərhal buna münasibət bildirdilər. Rəsmi Bakı bəyan etdi ki, kimin Ermənistana dəstək verməsindən asılı olmayaraq, sülh müqaviləsi Azərbaycanın verdiyi təkliflər əsasında və İrəvanın konstitusiyanın birinci maddəsini dəyişməsi halında imzalana bilər. Eyni zamanda, sülh müqaviləsinin yekunu Zəngəzur dəhlizinin açılması olmalıdır.
Azərbaycan – Türkiyə birliyinin bu mövqeyi əks tərəfi tədricən ağıllandırır. Artıq əvvəlki sərt ritorika və kor-koranə inadkarlıq hiss edilmir. Lakin hələ də Ermənistanın havadarları nəyəsə ümid edirlər. Buna baxmayaraq, Ankara və Bakı öz mövqelərində qətiyyətlə qalmaqdadırlar. Bu isə o deməkdir ki, Şuşa Bəyannaməsi öz funksiyasını real olaraq yerinə yetirir. Bu prosesdə çox maraqlı məqamlardan biri rəsmi Tehranın regional proseslərə münasibətlərində müəyyən korrektələr etməsi ilə bağlıdır. Belə ki, rəsmi Tehran Zəngəzur dəhlizi layihəsini dəstəklədiyini dilə gətirməsə də, Azərbaycan və Türkiyə ilə əlaqələrdə daha konstruktiv davranmağa meyillidir. Əlbəttə, bu prosesin hansı səviyyəyə qədər inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, lakin rəsmi Bakı və rəsmi Ankara Tehranla əlaqələrin inkişafında maraqlı olduqlarını bir daha bəyan etmişlər.
Bunların fonunda Qərbin Gürcüstana münasibətində son zamanlar müşahidə edilən dəyişikliklər Şuşa Bəyannaməsinin təsir gücünün daha da arta biləcəyi ehtimalını çoxaldır. Belə görünür ki, Gürcüstan Qərb dayaqlarını itirir. ABŞ və Avropa Birliyi Tbilisi qarşısında elə şərt qoyur ki, o, müstəqilliyi və suverenliyinə zərər verir. Gürcüstan üçün Rusiya dost dövlət deyildir və Moskva ilə əlaqələrin inkişafı ehtimalı minimumdur. İran isə çox müxtəlif səbəblərdən Gürcüstan üçün strateji müttəfiq ola bilmir. Tbilisi üçün yeganə real variant Azərbaycan – Türkiyə birliyi ilə əməkdaşlıqdır, ona arxalanmaqdır. Bu baxımdan Şuşa Bəyannaməsi Azərbaycan – Türkiyə – Gürcüstan strateji müttəfiqliyinə aid yeni bir sənəd üçün baza rolunu oynaya bilər!
Bu ehtimal indi bəlkə də mücərrəd hipoteza təsiri bağışlayır. Lakin Şuşa Byannaməsinin Cənubi Qafqazda oynadığı geosiyasi rolun yuxarıdakı təsviri göstərir ki, bu sənəd faktiki olaraq iki istiqamətdə yeni imkanlar əmələ gətirir. Onlardan biri Cənubi Qafqaz miqyasında yeni strateji müttəfiqlik nümunələrinin formalaşması ilə əlaqəlidir. Digəri isə multiregional miqyasda yeni strateji müttəfiqlik sənədlərinin hazırlanmasıdır. Sonuncunun artıq konkret nümunəsi yaranmışdır. O, Qarabağ Bəyannaməsidir!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru