Zelenski: Rusiya növbəti sülh konfransında iştirak etməlidir

post-img

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, noyabr ayına qədər Ukrayna və müttəfiqləri Rusiyanın növbəti sülh sammitində iştirakı planını hazırlayacaqlar. Onun sözlərinə görə, planın müzakirəsi və hazırlanması Ukrayna və onun müttəfiqlərinin onun təklif etdiyi “sülh formulunun” bəndləri üzrə qarşıdakı üç görüşü zamanı baş tutacaq.

İlk iclas enerji təhlükəsizliyinə həsr olunacaq. İyulun sonu - avqustun əvvəlində Qətərdə keçirilməsi planlaşdırılır. Azov və Qara dənizlərdə gəmiçiliyin təhlükəsizliyinə həsr olunmuş ikinci iclas avqustda Türkiyədə keçiriləcək. Sentyabrda Kanadada hərbi əsirlərin mübadiləsi və ukraynalı uşaqların Rusiyadan qaytarılması ilə bağlı görüş keçiriləcək.

“İkinci sammit üçün hər şey hazır olacaq. Bu üç bəndi həyata keçirsək və bizim tərəfimizdən və tərəfdaşlarımız tərəfindən tam şəkildə plan hazırlanarsa, inanıram ki, hər şey olacaq. Biz ikinci zirvəni mümkün qədər yaxınlaşdırmağa hazır olacağıq. Mən hesab edirəm ki, ikinci sammitdə Rusiyanın nümayəndələri olmalıdır”, - deyə Ukrayna prezidenti öz ofisinin “YouTube” kanalında yayımlanan mətbuat konfransında bildirib.

Sonuncu sülh konfransı iyunun 15-dən 16-dək İsveçrədə baş tutub. İclasdan sonra 80 ölkə və 4 təşkilatın imzaladığı kommünike dərc olunub. Orada “sülh formulunun” üç bəndi var idi. Ukrayna tərəfi bir neçə dəfə Rusiya nümayəndələrinin ikinci konfransda iştirakının zəruriliyini bəyan edib. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin iyulun 11-də birinci konfransı uğursuz adlandırıb və Rusiyanın ikinci konfransda iştirak etməyəcəyini bildirib.

S.ELAY

XQ

Dünya