Hücum futbolunun “maestrosu” “kambek”lərin şahzadəsinə qarşı

post-img

İspaniya “Avro–2024”ün odu və ehtirası olsa da, İngiltərə finalın favoriti hesab edilir

Səbrsizliklə gözlədiyimiz Avropa çempionatının finalına bu gün start veriləcək. Kubok uğrunda İspaniya və ardıcıl ikinci turnirin həlledici matçına çıxan İngiltərə mübarizə aparacaq. Oyun Berlindəki “Olimpic Stadim”da keçiriləcək.

Etiraf edək ki, 2024-cü il Avropa çempionatının bu finalçıları turnir boyu çox fərqli təəssürat yaratdılar. Bir tərəf­də oyunundan möcüzələr gözlənilən İngiltərə komandasıdır. Heyətində hər oyunda ən yaxşı qolları və driblinqləri ilə diqqət çəkən məqamlar yaratma­ğa qabil bir dəstə sehrbaz var. Amma gözəl bir orkestrin ifa etdiyi möhtəşəm şou gözlədiyimiz bir məqamda, iyrənc mənzərələri izləmək məcburiyyətində qaldıq. Üstəlik də dönə-dönə söyləndik: “Daha bunun nəyi çılğın və emosional ingilis futbolu oldu ki?” Amma Hol­landiyaya qarşı ilk hissədən başlayaraq ingilislər hələ də parlaq, heyranedici fut­bol oynamağa qadir olduqlarını göstərə bildilər. Bu isə, oyun konsepsiyasının qəfil dəyişməsindən daha çox, emosi­onal partlayış idi. Etiraf edək ki, Xavi Simonsun ingilis ulduzlarını çıldıran möhtəşəm qolu olmasaydı “şirlər” qəflət yuxusundan bəlkə də ayılmayıb, elə an­ti-futbol oynamaqda davam edəcəkdilər. 

Finalın digər komandası isə, ti­ki-takadan şaquli cinah hücum futbolu­na kəskin dönüş edən İspaniya “uşaq” komandasıdır. Bəli, alman futbolunun əfsanələrindən biri Filip Lamın hələ Almaniya ilə qarşılaşmadan əvvəl X sosial şəbəkəsində ironiya ilə “uşaq ko­mandası” adlandırdığı, ancaq sonda ev sahiblərini final matçını tamaşaçı kimi izləməyə yola salan komanda. Bu heyə­tin bütün oyunlarında ehtiras, fanatlarına adrenalin yaşadan bol-bol anlar, gözəl qollar və Lamin Yamalın simasında - tə­ravət simvolu və gəncliyin mütləq ide­alları var. Bax bu heyət, ehtiraslı futbol azarkeşlərinin Avropa çempionatında oyununa köklənmək istədikləri koman­dadır.

Qərar qəbul edərkən insanlar həmişə məntiq və duyğular arasında tarazlıq ax­tarırlar. Hər kəs başındakı bu qüvvələrin fərqli inkişaf etmiş nisbətlərinə əsasla­naraq seçim edir. Emosiyalar bizi İspa­niyaya, məntiq isə İngiltərəyə üstünlük verməyə sövq edir. Burada maraqlı bir yanaşma ortaya çıxır.

Bəli, bu final həm də iki fərqli baş məşqçinin və iki fəlsəfi yanaşmanın – idealizm və praqmatizmin döyüşü ola­caq. İdealistlər hesab edirlər ki, maddi dünya şüurumuzun əksidir, düşüncələ­rimiz və baxışlarımız reallığı müəyyən edir. Beləcə, İspaniya da nəticələr tax­tında əyləncə və hissləri qoymadı. O, öz futbolunu oynadı və bunun üçün müka­fatlandırıldı. Praqmatistlər əmindirlər ki, yalnız təsirli və səmərəli cavabların ax­tarışı arzulanan məqsədə gətirib çıxara bilər. Bizim qərarlarımızı ətrafımızdakı dünya müəyyən edir. Faktlara əsaslanan plana ciddi riayət etmək uğurun açarıdır. Əsl ingilis düşüncəsi və məntiqidir. Belə ki, İngiltərə bu Avropa çempionatında qarşısında yalnız bir vəzifə görür - ku­boku qazanmaq. Tamaşaçıları əyləndir­mək, gözəl qol və kombinasiyalarla yad­da qalmaq yox, necə-olur olsun, bu ölkə millisinin futbol tarixinin uzun sürən ku­boksuz səhifəsini bağlamaq onlar üçün daha vacibdir.

Həyatda hansı fəlsəfəyə sadiq qala­cağımıza hər birimiz özümüz qərar veri­rik. Ancaq bugünkü finalın favoritlərini qiymətləndirərkən bir çoxları faktlara etibar etməyi daha məntiqli hesab edir - start fiti səslənəndə isə emosiyalar hər şeyi arxada qoyur. Faktlar onu deməyə əsas verir ki, İngiltərə aşkar favorit ol­masa belə, sırf praktiki baxımdan uğur qazanmaq şansı daha yüksək olan ko­mandadır. Bunun bir neçə səbəbi var:

1. Sautgeytin komandası son dərəcə ehtiyatla oynayır. O, potensialının 50 faizini belə istifadə etmir. Etsə də tam sürətini yalnız situativ olaraq göstərir. Turnir boyu biz bu komandanı cansıxı­cı oyunda günahlandırırdıq, lakin hər dəfə lazım gələndə və turniri tərk et­mək təhlükəsi ortaya çıxanda ingilislər öz üslublarını tapırdılar. İspaniya bütün resurslarından istifadə edərək var gücü ilə oynayır. Bu, heyətin potensialından maksimum istifadə edən Luis de la Fu­entenin ünvanına bir tərifdir. Amma güc yetənədək oynamaq bütün turnir boyu oynamağa kifayət edəcəkmi? Xüsusən də finalda bütün 90 dəqiqə, bəlkə də 120 dəqiqə boyu tam qüvvə ilə oynamağa potensial imkan verəcəkmi?

2. İkinci məqam birincidən irəli gəlir - İngiltərə hətta rəqibdən daha pis görün­düyü matçlarda belə qalib gəlməyi baca­rıb. Onlara sadəcə malik olduqları usta­lıqları tam aktivləşdirmək, xal toplamaq və məsələni məntiqi nəticəyə çatdırmaq üçün on dəqiqə də bəs edir. Yaxud da Slovakiya və Hollandiya ilə görüşlərdə olduğu kimi son dəqiqələrdə nəticəni əldə etmək ustalığı.

3. Sırf taktiki cəhətdən ingilislərin 3-4-2-1 düzülüşü ispanların güclü tərəf­lərini zərərsizləşdirmək üçün idealdır. Cinahlarda səmərəli müdafiə yüksək sürətli və texnikalı Yamal və Uilyamsın driblinqlərinə yer qoymayasa. Mora­ta üçün isə eyni anda üç müdafiəçinin diqqətini çəkmək çətin olacaq və iki “10-luğun”- Foden və Bellingemin top­suz səmərəli və yüksək sürətli hərəkət­ləri, meydanın mərkəzini möhkəmlən­dirməklə rəqibin oyuna nəzarət etməsinə imkan verməyəcək.

Ancaq bütün bunlar rasionallıqdır və bu, Avroda tez-tez gördüyümüz kimi, emosiyalar və daxili həyəcan işə düşən­də onun qanunları qüvvəsini itirir. Futbol həyatın bu paradokslarını birbaşa müşa­hidə etmək üçün böyük bir səhnədir. Bu gecə biz idealizmin və ya praqmatizmin təntənəsini görəcəyik. Ancaq bu, böyük bir turnirdə qalib gəlmək üçün hansı üslubun daha uyğun olduğu sualına yal­nız orta bir cavab olacaq. Ümumiyyətlə hansı fəlsəfənin daha həyatqabiliyyətli olduğuna hər kəs qərar verəcək.

Bəs göstəricilər kimi favorit sayır? 

Əksər mütəxəssislər ispanları favo­rit hesab edirlər və bu, əbəs deyil: onlar turnirin bütün oyunlarında qalib gəliblər. Yalnız Almaniya ilə 1/4 finalda bir qə­dər çətinlik çəkiblər və onları da əlavə vaxtda məğlub ediblər. Bütün digər oyunlarda “Qırmızı furiya” rəqiblərinin öhdəsindən əsas vaxtda gəlib və 11 qol vurub: orta hesabla, hər matçda 2,2 qol. Bu da Avropa çempionatında son dərə­cə praqmatik oyun nümayiş etdirən top komandalar arasında çox nadir haldır. Məhz hücum futbolu İspaniyanı 2012-ci ildən sonra ilk dəfə böyük turnirin fina­lına çıxardı. 

Nəticənin belə olmasının səbəblərin­dən biri də Avropa çempionatının əsas ulduzlarının İspaniyada çıxış etməsidir. Amma Almaniyada parlayan ulduz Dani Olmo “qol+pas” sistemində beş məhsul­dar hərəkətlə komandaya liderlik edir. Bu gənc hücumameyilli yarımmüdafiəçi turnir ərzində cəmi iki dəfə start heyə­tində oynayıb. Olmonun dəyəri onun pley-off mərhələsində dörd məhsuldar xal qazanmasında özünü göstərir. Bu yarışda onu Fransa ilə yarımfinalın əsas qəhrəmanı Fabian Ruiz (2+2) və Lamin Yamal (1+3) təqib edir. Fransa ilə ya­rımfinal matçında 16 yaşlı hücumçu 21-ci dəqiqədə uzaq məsafədən möhtəşəm zərbə ilə hesabı bərabərləşdirərək Avro­pa çempionatları tarixinin ən gənc qol­çusu oldu. Bundan bir az əvvəl isə o, ən gənc qol ötürməsi edən futbolçu tituluna sahib olmuşdu.

Yarımfinaldan sonra fransız Antuan Qrizmann etiraf edib ki, ispanlar onlar­dan daha yaxşı oynayıblar. “Biz bilirdik ki, onlar uzaq məsafədən yaxşı zərbələr endirə bilirlər, ancaq buna imkan verdik. Laminin solaxay olduğunu bilirdik və ona sol ayağı ilə zərbə endirməyə imkan verdik. İspaniyanın ilk qolu bizi yarala­dı, dörd dəqiqə sonra vurulan ikinci qol bizi məhv etdi. Yorğunluq və ya buna bənzər bir bəhanə yoxdur, onlar da əlavə vaxt oynamışdılar. Onlar hər şeydə daha yaxşı idilər”.

İngiltərə finala o qədər də inamlı çıxmadı - qrup mərhələsində yalnız bir qələbə qazandılar. Sautgeytin koman­dası Avro tarixində, hətta 1/4 finalda və yarımfinalda oyunun gedişi zamanı uduzaraq, sonradan vəziyyəti dəyişərək finala yüksələn ilk komanda oldu. Hətta hələ 1/8 finalda "şirlər" turnirdən kənar­da qalmağa çox yaxın oldular - Slovaki­ya ilə matçda Cud Bellingem onları əsas vaxtın son dəqiqəsində məğlubiyyətdən xilas etdi. 

Britaniyalılar əsas vaxtda yalnız ya­rımfinalda qalib gəliblər: 1/8-də əlavə vaxtda, 1/4 finalda - penaltilər seriyasın­da qalib ola biliblər. Hollandlarla qarşı­laşmada isə əlavə yarım saat çox yaxın idi, amma əsas vaxtın 91-ci dəqiqəsində Olli Uotkins qələbə qolunu vurdu. Bu­nunla belə, Hollandiya ilə qarşılaşmada Qaret Sautgeytin komandası turnirdə ilk dəfə cəlbedici, əsl ingilis futbolu nüma­yiş etdirdi. 

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ



İdman