Əli bəy Hüzeynzadənin skripkası və daha nələr...

post-img

Tarixi şəxsiyyətlərin həyat və mübarizə yoluna olan marağım bu dəfə məni İstiqlal Muzeyinə gətirdi. Muzeyə daxil olar-olmaz Azərbaycanın istiqlal tarixi bütövlükdə gözlərim önündə canlandı. 

Budur, sanki, Azərbaycan davası­nın, azad və müstəqil yaşam uğrundakı mücadilənin düzəngahını seyr edirəm. Burada sərgilənən Azərbaycan Xalq Cümhuriyyətinin məşhur simalarının fo­toları və Əli bəy Hüseynzadəyə aid əş­yalar məni bir nöqtədə ayaq saxlamağa vadar edir. Öyrənirəm ki, Cümhuriyyətin 106, Əli bəyin isə 160 illiyi çərçivəsində muzeydə tədbirlər keçirilib, sərgilər təşkil olunub.

İstiqlal Muzeyinin “Cümhuriyyət döv­rü” zalında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, yazıçı-publisist Əli bəy Hüseynzadəyə aid əşyalar, xü­susilə də zalın ən görünən yerində qo­yulmuş, yaşı bir əsrdən çox olan musiqi aləti – skripka diqqətimi çəkir. Sən demə, hərtərəfli istedada malik olmuş Əli bəyin musiqiyə də böyük həvəsi olub və vax­tilə bu alətdə bir-birindən gözəl nəğmələr səsləndirib. Görkəmli ziyalımız Avropa bəstəkarlarının və dahi Üzeyir Hacıbəy­linin əsərlərinə üstünlük verərmiş. Bu skripka 2016-cı ilədək Əli bəyin şəxsi kolleksiyasında saxlanılıb. Elə həmin il onun qızı Feyzavər Alpsar Turan tərəfin­dən atasına məxsus 161 ədəd əşyanın arasında Türkiyədən gətirilərək İstiqlal Muzeyinə hədiyyə edilib. 

Öyrəndim ki, musiqi alətinin bərpaya ehtiyacı olduğundan 2017-ci ildə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə verilib, işlər tamamlan­dıqdan sonra yenidən muzeyə gətirilib. Həmçinin Əli bəyə məxsus stol və stul­lar, orden və medallar, fotolar, “Həyat” qəzetinin ilk nüsxəsi, Feyzavər xanımın və oğlanları Səlim Turanın abstrakt üs­lubda çəkdiyi rəsm əsərləri və digər əş­yalar da burada göz bəbəyi kimi qorunur. 

Muzeyin direktoru Sədi Mirseyibli söylədi ki, Əli bəy Hüseynzadəyə məx­sus əşyalar 2017-ci ilin iyun ayında Mə­dəniyyət Nazirliyinin dəstəyi, İstiqlal Mu­zeyinin təşkilatçılığı ilə reallaşan tədbirdə ictimaiyyətə təqdim edilib:

– Prezident İlham Əliyev dahi şəx­siyyət Əli bəy Hüseynzadənin qızı Fey­zavər xanımı mədəniyyətə xidmətlərinə görə 2018-ci ildə “Dostluq” ordeni və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif edib. Həmin vaxt muzeyimiz Əli bəyin ideya müəllifi olduğu üçrəngli bayrağımızı Feyzəvər xanıma bağışlayıb. 2022-ci ildə İstiqlal Muzeyi tərəfindən “Əli bəy Hüseynzadənin mə­dəni irsi” adlı kitab-albomu nəşr etdirmi­şik. Kitabda Əli bəyin kolleksiyasına aid əsərlər və əşyaların fotosu öz əksini ta­pıb. 

Zalda Əli bəy Hüseynzadəyə aid ma­raqlı materiallardan biri də “Bibiheybət”in ilk orijinal eskizidir. Bu əsərin kətan üzə­rində olan orijinalı hazırda Milli İncəsənət Muzeyində saxlanılır. O illərdə Əli bəy Hüseynzadə Hacı Zeynalabdin Tağıyevin açdığı mətbəədə fəaliyyət göstərirmiş. Bir gün Hacıya məlumat çatır ki, ingilis­lər Əli bəyin bu əsərini almaq istəyirlər. Hacı onun ingilislərə satılmağına qarşı çıxır, əsəri özü alıb muzeyə hədiyyə edir və deyir ki, Əli bəy bilməsin, yoxsa o pulu götürməz...

Beləcə, Əli bəy Hüseynzadənin mi­raslarını gördükcə bir daha şahidi olduq ki, müdrikliyi, dərin fəlsəfi fikir və zəngin təfəkkür tərzi ilə böyük ziyalı imici qazan­mış bu böyük mütəfəkkir əbədi ömür qa­zanmış şəxsiyyətlərdəndir.

Ceyhun ALIŞLI

Mədəniyyət