“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1199-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1199-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasına uyğun olaraq, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1199-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 595 (Cild I) ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”na aşağıdakı məzmunda 5.2-1-ci bənd əlavə edilsin:
5.2-1.
yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul 2024-cü il