İcbari tibbi sığorta ilə 182 mindən artıq doğuş aparılıb

post-img

Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar xidmət zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri sığorta hesabına göstərilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir. Habelə, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır.

Doğuşdan sonrakı dövrdə zahı qadınların və yenidoğulmuşların müşahidəsinin aparılması, ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi də ödənişsiz göstərilir.

Məlumat üçün bildirək ki, hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə 7 gəlişi tövsiyə olunur. Xidmətlər Zərfi ilə hamilə qadına arterial təzyiqin ölçülməsi, nəbzin sayılması, bədən kütləsi indeksinin, qanda şəkərin, qan qrupu, qanın klinik analizi (hemoqlobin), sidiyin ümumi analizi kimi tibbi xidmətlər göstərilir.

Həmçinin hepatit B və C, sifilis testləri, insan immunçatışmazlığı virusu (İİV), skrininq testi (rubella-məxmərək), uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi icbari tibbi sığorta təminatına daxildir.

Tibb müəssisəsində hamiləliyin 12-ci həftəsinə qədər fol turşusunun təyini, USM, doppler müayinəsi, dölün ürək döyüntülərinə qulaq asılması (kardiotokoqrafiya) və digər müayinələr də həyata keçirilir.

Hamilə qadın tibbi xidmətlərdən istifadə etmək üçün ilk növbədə yaşadığı ərazi üzrə qadın məsləhətxanasına, Ailə Sağlamlıq Mərkəzinə və ya digər ambulator tibb müəssisələrinə  yaxınlaşmalıdır.

Tibb müəssisəsi tərəfindən hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilir, hamilə doğuşun təşkili üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki müvafiq ixtisaslı dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyi tabeli Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.

Qeyd edək ki, 2022-2024-cü illər ərzində (ilk 6 ay) icbari tibbi sığorta ilə 97 278 təbii doğuş, 85 614 klasik qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. Doğuşların 1054-ü çoxdöllü hamiləlik (əkiz, üçəm, dördəm və s.) təşkil edib. 

İcbari tibbi sığorta ilə təminata alınan bir sıra tibbi xidmətlər ana və uşaq sağlamlığının müdafiəsində mühüm yer tutur.

XQ

Sosial həyat