Nyu-York məhkəməsi amerikalı ermənipərəst senator Bob Menendezlə bağlı qərar çıxarıb.
AZƏRTAC-ın məlumatına görə, Münsiflər Heyəti Nyu-Cersidən olan Demokratlar Partiyasının təmsilçisini rüşvətxorluq, pul fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli bilib.
Prokurorlar sübut ediblər ki, senator Misirin hərbi maraqlarını önə çıxarmaq, cinayət təqiblərinə müdaxilə etmək və Qətər rəsmilərinin investisiyalarının təhlükəsizliyini təmin etmək üçün səlahiyyətlərindən sui-istifadə etməyə çalışıb. İddialara əsasən, Menendez və həyat yoldaşı bunun müqabilində qızıl külçələr, yüzminlərlə dollar nağd pul, avtomobil və digər formada rüşvət alıb.
Bu işdə senatorun həyat yoldaşı erməni əsilli Nadine Menendez də ittiham olunub, lakin onun məhkəməsi xəstəliyi səbəbindən hakim tərəfindən qeyri-müəyyən müddətə təxirə salınıb.
Menendezlə yanaşı, Nyu-Cersi ştatından olan iş adamları Vael Hana və Fred Daybes də onlara qarşı irəli sürülən bütün ittihamlar üzrə təqsirli biliniblər.
2006-cı ildən Nyu-Cersi ştatının senatoru olan Bob Menendez Konqresdə fəaliyyət göstərdiyi vaxtda federal agent kimi müttəhim kürsüsünə çıxarılan ilk senatordur.
Bu, Menendezin Senatın üzvü olduğu təxminən 20 il ərzində onun korrupsiya ittihamı ilə üzləşdiyi ikinci federal cinayət məhkəməsi prosesidir. Əvvəlki məhkəmə istintaqı münsiflər heyətinin hökm çıxara bilməməsi səbəbindən yanlış araşdırma ilə nəticələnib.
Senator bu ilin iyununda o Nyu-Cersi ştatından müstəqil namizəd kimi seçkilərdə iştirak etmək barədə müraciət edib.