Futbol mütəxəssisləri hesab edirlər ki, Avro-2024-ün yarımfinalçıları çox oxşar oldular - parlaq hücum komandası İspaniya və Hollandiya milliləri ilə praqmatik və qapalı Fransa və İngiltərə yığmaları. Bir çoxları kimi, biz də bu qarşıdurmaların əhatə dairəsini genişləndirməkdən, onlara müxtəlif şərhlər verməkdən çəkinmədik - futbola qarşı antifutbol, usandırıcı və cansıxıcı oyun tərzi, hətta xeyirlə şər...
Birinci cütlükdə qatı futbol azarkeşlərinin favoritləri qalib gəldi - İspaniya və onun gənclik ifadəsinin simvoluna çevrilən Lamin Yamal statuslu, Mbappe və Qrizmannın akademik Fransa millisini sındırdı. Ertəsi gün növbəti, ikinci tamaşa başladı. Əgər ispanlar və fransızlar az fərqlə bərabər rəqib sayılırdılarsa, Hollandiya ilə İngiltərə arasındakı qarşılaşmada favorit daha aydın şəkildə müəyyənləşdi. Qaret Sautgeytin komandası öz sönük, boz oyunu ilə azarkeşlərdə özlərinə nifrət yaratmasına səbəb olsa da, müdafiədə problemləri olan çılğın narıncı dəstə ilə müqayisədə daha stabil və yüksək səviyyəli komanda kimi görünürdülər.
Ronald Kuman eyni 4-2-3-1 düzülüşü ilə nəhəng rəqibin sisteminə uyğunlaşmamaq qərarına gəldi. Türkiyə ilə qarşılaşmadan fərqli olaraq, baş məşqçinin yeganə dəyişikliyi turnir boyu hücumun sağ cinahında uğursuz çıxış edən Steven Berqvayı Daniel Malenlə əzəvəzləməsi oldu. Sautgeyt turnirdə irəlilədikcə üç mərkəz müdafiəçisi düzülüşünə keçdi. İngilislər İsveçrə ilə 1/4 finalda belə oynayırdılar, hollandlarla da eyni düzülüşdə oynadılar – 3-4-2-1.
İlk dəqiqələrdə elə görünürdü ki, britaniyalılar top qovmaqla köhnə cansıxıcı oyunlarını işə salıblar. Ancaq onların yenidən köhnə "unudulmaz şou"nu təkrarlamaq planları olsa belə, Xavi Simons yerlə-yeksan etdi. Gənc yarımmüdafiəçi dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri olan Deklan Raysdan topu “oğurlayaraq”, onu heç düşünmədən cərimə meydançasının kənarından Pikfordun qapısının uzaq doqquzluğuna qovuşdurdu. Biz, Avropa çempionatında uzaqdan vurulan qolların ən təsirli silah olduğunun daha bir sübutuna şahid olduq. Həqiqətən, möhtəşəm idi və ingilisləri əsl mənada şoka saldı. Onlar qapılarında belə qolu əsla gözləmirdilər.
Qəfil belə bir sillədən sonra İngiltərə sanki ayıldı və aramsız təzyiqlər başladı. Hollandiyalılar sözün həqiqi mənasında meydanın özlərinə aid yarısında qapanıb qaldılar. Yalnız bu andan başlayaraq “şirlər” topu mərkəz müdafiəçiləri arasında yuvarlamadı, vəziyyəti gərginləşdirmək üçün kəskin hücumlar yaratmağa başladılar. Keyn cərimə meydançasının qarşısından Simonsa cavab olsun deyə, topu tora qovuşdurmağa çalışsa da, Verbruggen onun zərbəsini dəf etdi. Sonra mübahisəli epizod baş verdi - Saka driblinqlə rəqibin cərimə meydançasına şığıdı, lakin hollandlar onun vurduğu zərbəni sərt qarşıladılar. Top Keynə sıçradı və o bir andaca yaylım atəşi sürətilə onu hədəfə vurdu, amma çərçivəyə düşə bilməyib, ağır zədə almış adam kimi meydançaya sərildi.
Denzel Dumfries cərimə meydançası daxilindən ingilisin yaylım atəşli zərbəsini dəf etməyə çalışanda, ayağı rəqibinin zərbə endirmiş ayağına dəymişdi. Əslində, futbolçular arasında təmas Harrinin qapıya zərbəsindən sonra baş vermişdi. Top daha yüksəyə uçdu, sanki hollandiyalı müdafiəçi hücumçunun hərəkətinə heç bir təsir göstərmədi.
Hakim Feliks Svayer əvvəlcə epizoda heç bir reaksiya vermədi, yalnız Keynin mümkün zədələnməsi səbəbindən oyunu dayandırdı. Lakin bir müddət sonra baş hakim epizodun təkrarına baxmağa çağırıldı. Nəticədə Svayer penalti təyin etdi və Keyn özü bunu inamla qola çevirdi. Beləliklə, Harri Avropa çempionatının pley-off mərhələsinin tarixində ən çox qol vuran futbolçu oldu. Bu onun, Avro-2024-də 3-cü, Avropa çempionatlarında altıncı qolu idi.
İngilislərin qolu ciddi müzakirələrə səbəb oldu - çoxları epizodun 11 metrlik penaltiyə bərabər olmadığını düşünürdülər, çünki təmas Keynin zərbəsindən sonra baş vermişdi. Amma bu heç nəyi dəyişmirdi, hesab tabloda yazıldığı kimi 1:1 oldu.
Təəccüblü də görünsə, Sautgeytin komandası bundan sonra pressinqini davam etdirdi. Tezliklə Foden qol vura bilərdi, o, ağıllı ötürmədən sonra cərimə meydançasına driblinq edərək qapıçının yanından topu çərçivəyə yuvarladı. Lakin ingilislərin ilk qolunun səbəbkarı Dumfris köməyə gəldi və topu düz qapı xəttində dayandırdı. Bundan bir qədər sonra Fil daha iki dəfə qola yaxın oldu, bu dəfə cərimə meydançasının kənarından. Birinci dəfə hollandları qapı tiri, ikinci dəfə isə Verbruggen xilas etdi. Bu 45 dəqiqə, sözün əsl mənasında indiki Avropa çempionatında ingilislərin oynadığı ən canlı hissə idi.
Keynin qolundan sonra Hollandiya açıq-aydın əsəbləşdi və hədəfinə çox yaxınlaşdı. Zədəli Depayın əvəzlənməsi yəqin ki, öz təsirini göstərdi - Memfisi Vermerenlə əvəzləməli və oyunçuların ilkin mövqelərini dəyişmələri struktura müsbət təsir göstərməyə bilməzdi. Amma nadir hallarda narıncı futbolçuların ayağına top düşəndə, sanki onlar nə edəcəklərini bilmirdilər. Fasiləyə qədər yeganə şans künc zərbəsindən yaradıldı – həmin Dumfris rəqiblərini hava ötürməsində qabaqlasa da, zərbəsi qapı çatına dəydi.
Kuman nə qədər gec deyil, oyunda dəyişiklik etmək üçün tədbir görmək vaxtının gəldiyini başa düşdü və ikinci hissədə öz jokerini oyuna buraxdı - Malenin yerinə meydana iki metrlik hücumçu Vaut Verqhorst çıxdı. Sautgeyt rəqibin bu gedişinə cavab olaraq Trippieri sol cinah müdafiəçisi Şou ilə əvəz etdi. Amma bu dəyişikliklər oyunun kəskinləşməsinə təsir etmədi. Tam əksinə - ikinci hissədə əsəblərin gərginləşməsi dayandı və hər iki komanda hesaba oynamağa başladı. İngilislər topa daha çox sahib idilər və vəziyyəti gərginləşdirməyə tələsmirdilər, hollandlar isə əks-hücumlarda boşluqlar axtarmağa çalışırdılar, amma nə etdilərsə Verqhorstu oyuna qoşmaq mümkün olmadı. Onlar yalnız bir super şans yaratdılar - Verman cərimə zərbəsindən Van Deykə əla ötürmə etdi, amma Pikford qola imkan vermədi.
81-ci dəqiqədə Saka topu tora göndərdi. Amma hakimlər briqadası yenidən işə qarışdı və bu dəfə ona ötürmə edən Uokerin ofsaydda olduğunu bildirib, Kumanın komandasının xeyrinə qərar verdilər.
Sonda Sautgeyti tənqidlərdən xilas edəcək iki əvəzləməsi işə yaradı - Koul Palmer cərimə meydançasında Keyni əvəzləyən Olli Uotkinsi tapdı. “Aston Villa”nın forvardı isə uzaq küncə dəqiq zərbə endirdi. Yenə də ingilislər əlavə vaxtda nəticə əldə edirlər. Bu, bəzən darıxdırıcı, lakin inanılmaz dərəcədə usta komandanın əlaməti deyilmi?
İngilislərin bu qolundan sonra Hollandiyanın nəyisə düzəltməyə sadəcə vaxtı qalmadı. İngiltərə çox çətinlik çəkmədən müqavimət göstərdi və öz üslubu ilə məsələni məntiqi sonluqla başa çatdırdı. Ardıcıl ikinci Avropa çempionatının finalı təmin olundu, amma bu turda ona vəsiqəni antifutbol qazandırmadı. Adada isə artıq kubok gözləyirlər, lakin İspaniyanın yəqin ki, bunun üçün başqa planları var.
Bu oyunda çoxdan yaran bir suala cavab tapıldı. Futbolun vətəni İngiltərəni necə möhtəşəm və parlaq oyun nümayiş etdirməyə məcbur etmək olar? Avropa çempionatının bitməsinə dörd gün qalmış nəhayət, bəlli oldu ki, elə ilk hücumda Pikfordun qapısına erkən sürətli qol vuruldu. Hollandiya milli komandası və şəxsən Xavi Simons hər kəsi Qaret Sautqeytin sakit futbolundan qurtarmaq üçün ən yaxşı yolu işə saldılar. Amma bu onlara çox baha başa gəldi...
Bəs bu oyun futbol ictimaiyyətinə nə verdi? Birincisi, dərhal aydın oldu ki, gələcək cəngavərliyə namizədin komandası autsayderlərlə görüşlərdə nəinki minimal üstünlüyü qoruyub saxlamağı və sonda özünü xilas etməyi, həm də cəngavərliyə necə nail olmağı bilir. İkinci hissənin sonunda təzyiq, rəqibin cərimə meydançasını bombardman etmək və daim generasiya etmək. Bu, həqiqətən təhlükəli idi. Bəli, “şirlər” penaltidən hesabı bərabərləşdirdilər, lakin həlledici matçda belə bir transformasiya artıq böyük qələbədir.
Qaret Sautgeyt futbolçularının bu turnirin əvvəlində Almaniyada futbol oynamaqdan çox qorxduğunu söyləyirdi. Buna baxmayaraq, İngiltərə komandası son dərəcə təmkinlə və möhtəşəm bir şəkildə qorxudan finala qədər gəldi. Bazar günü onlar yelkənlərində külək və ürəklərində cəsarətlə Berlində İspaniya ilə qarşılaşacaqlar.
İngiltərənin “The Telegraph” nəşri komandaların son oyundakı qələbəsindən, sanki, vəcdə gələrək yazır: 'Bu çıxışdan görünür ki, futbol evə qayıdır”. Əlbəttə, futbol azarkeşi kimi onların Hollandiya ilə oynundan sonra bizdə də belə bir təəssürat yarandı ki, deyəsən, futbol öz vətəninə dönür. Əgər finalda İspaniya bu qənaətlərimizi alt-üst etməsə, bunu daha qətiyyətlə söyləmək olar. Amma...
Hazırladı:
İlqar RÜSTƏMOV
XQ