Azərbaycan Hacı Əliyevdən də “Paris qızılı” gözləyir

post-img

Paris Yay Olimpiya Oyunlarına sayılı günlər qaldığı bir vaxtda bu mötəbər yarışda medal ümidlərimizdən olan güləşçilərimiz də hazırlıqlarını uğurla davam etdirirlər. Onlardan biri, güləş millimizin kapitanı və lideri Hacı Əliyev (65 kq) artıq karyerasının 3-cü olimpiadasında iştirak emək üçün Fransanın paytaxtına gedəcək.

Hacı Əliyev 1991-ci ildə Naxçıvan şəhərində güləşçi ailəsində anadan olub. Atası Azər Əliyev Naxçıvanda sərbəst güləş üzrə məşqçi kimi çalışırdı. 

Onun şəxsi məşqçisi, Əməkdar məşqçi Qırxlar Bədəlov 9 yaşlı Hacı­nın ilk məşqlərini belə xatırlayır:

– Hacının atası ilə tələbə yoldaşı, həm də dost olmuşuq. O, oğlunun da güləşçi olmasını arzulayırdı. Buna görə də Hacı qardaşı Yaşarla 2000-ci ildə Ab­şeron rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbində qrupuma yazıldılar. Hacı buna qədər gimnastika, üzgüçülüklə də bir müddət məşğul olmuşdu. Onu yaxın­dan tanıyanlar bilir ki, bir qolu uşaqlıqda qaynar suyun üstünə yıxıldığı üçün ya­nıb. Buna görə də qolu tam açılmırdı. Amma məşqlərdə əzmkarlıq göstərərək, ona verilən tapşırıqların tam öhdəsindən gəlməyə çalışırdı və buna nail olurdu. 

İdmançının zədəsi olanda, adətən federasiya kömək edir. O zaman onun hələ bir ciddi nailiyyəti yox idi, müalicəsini özümüz edirdik. İdmançıların dostu, sa­biq vitse-spiker, hazırda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin köməyi ilə əməliyyat olundu və tam gücü ilə məşqlərinə davam etdi.

Hacı Əliyevə böyük nailiyyətlər qa­zandıran onun istedadı ilə yanaşı, həm də həddindən artıq zəhmətkeş olmasıdır. Məşqlərdə 5 hərəkət tapşırığı alırdısa, onu 6-7 dəfə icra edirdi. Qardaşı Yaşar da gənclərin dünya və Avropa çempi­onatlarının mükafatçısıdır. O, hazırda məşqçi kimi çalışır. 

Məşqçisi qeyd etdi ki, Hacıda güləş­çilərə məxsus soyuqqanlılıq var ki, bu da qələbədə əsas şərtlərdən biridir. Düzdür, bəzən emosiyalar güc gəlir. Məsələn 2019-cu ildə Qazaxıstanda keçirilən dünya çempionatına lisenziya xarakterli turnirdə hakim ədalətsizliyinə qarşı çılğın reaksiya verdi. Onu az qala turnirdən qo­vacaqdılar. Amma əksər hallarda uduz­duqda belə sakitliyini saxlaya bilir. Prin­sipiallıq göstərərək növbəti qarşılaşmalar üçün rəqibini ciddi öyrənir. 

Q.Bədəlov Hacının Tokio Olimpiada­sında final görüşündən də danışdı. Qeyd etdi ki, yetirməsi Tokio Olimpiadasında finala qədər bütün qarşılaşmalarında böyük əzmkarlıq göstərdi. Həlledici qar­şılaşmada yerli idmançı ilə mübarizədə Hacının bir az taktiki gediş səhvi oldu. Burada, hakim ədalətsizliyi az da olsa rol oynadı. Hesab idmançımızın xeyrinə olanda rəqibinə dincəlmək imkanı yarat­dılar ki, o da dincəldikdən sonra Hacıya fənd tətbiq etdi. 

Paris Olimpiadasında rəqiblərin­dən söhbət açan məşqçi Hacı Əliyevin qalib olmaq şansının yetərincə oldu­ğunu dedi:

– İdmanda qalib də gəlmək, uduzmaq da olar. Paris Oyunlarında 65 kiloqram çəki dərəcəsində güclü idmançılar var. Ciddi rəqiblər arasında macarıstanlı dün­ya çempionu, ABŞ, rusiyalı, monqolus­tanlı güləşçiləri qeyd edə bilərəm. Amma Hacı güclü potensiala malik təcrübəli güləşçidir. Düşünürəm ki, onun qalib ol­maq şansı çoxdur.

Tokio Olimpiadasından ötən illər ərzində Avropa çempionatının qalibi və mükafatçısı olan 34 yaşlı güləşçinin Paris Olimpiadasına hazırlığı ilə bağlı fikir­ləri onun qələbəyə kökləndiyini göstə­rir:

– Hədəfim Olimpiya çempionluğu­dur. Əslində, Olimpiya Oyunlarının hər bir mükafatı bizim üçün önəmlidir. “Pa­ris-2024-ə hazırlıqla bağlı gərgin məşqlə­rimiz davam edir. Yorulsaq da, özümüzü yaxşı hiss edirik. İnanıram ki, güləşçilə­rimiz növbəti Oyunlarda da yüksək nəti­cələr qazanacaqlar. 

Hacı Əliyev əvvəlki müsahibələrində demişdi ki, “Tokio-2020” Yay Olimpiya Oyunlarından sonra karyerasını bitir­məyi düşünür. Lakin güləşçi bəzi məs­ləhətlərdən sonra Paris Oyunlarında da iştirak emək qərarına gəldiyini bildirdi. Bundan əvvəlki olimpiadalarda – “Rio de Janeyro-2016”da bürünc, Tokio Oyunlarında gümüş qazanan istedadlı pəhləvandan Azərbaycan bu dəfə “Paris qızılı” gözləyir. 

Leyla QURBANOVA
XQ



İdman