Azərbaycan idmanının XX əsr intibahı

post-img

Voleybol, həndbol və su polosunun “qızıl” dövrü

İdman ictimaiyyətimizin yaşlı nümayəndələri iyirminci əsrin 60-80-ci il­lərində Bakının qadınlardan ibarət voleybol və həndbol komandalarının, Qırmızıbayraqlı Xəzər Donanmasının su polosu ustalarının Sovet İttifaqı çempionatlarında dəfələrlə uğurlu çıxışlarının şahidi olmuş və onların qələbələrini ürəkdən alqışlamışlar. O dövrdə respublikamızda idmanın bu üç növünə maraq çox böyük idi. Onların hər birində təmsilçilərimiz hətta Olimpiya oyunlarının qalib və mükafatçıları sırasında təbrikləri qə­bul etmişlər. Elə isə həmin uzaq illərdə adları idman tariximizə qızıl hərf­lərlə yazılmış çempionları növbəti, XXXIII Olimpiada ilində niyə bir daha xatırlamayaq?! Bu bir də ona görə vacibdir ki, olimpiya qəhrəmanları indiki davamçılarına nümunədirlər. 

Beynəlxalq Voleybol Federasiya­sı ekspertlərinin kubalı üçqat olimpi­ya çempionu Reqla Torresdən sonra XX əsrdə dünyanın ən yaxşı ikinci qadın voleybolçusu seçdikləri Olim­piya oyunlarının ikiqat çempionu, iki gümüş medalın sahibi İnna Rıskal və onun rəfiqəsi Vera Lantratova Azərbaycanda idmanın bu növünün tarixində xüsusi xidmətləri olan şəx­siyyətlərdir. Ölkə çempionatlarında, SSRİ xalqlarının spartakiadalarında uğurla çıxış etmiş “Neftçi”nin hər iki lideri sovet yığma kollektivi heyətində Olimpiya oyunlarının iştirakçısı ol­muşdur. Üstəlik də, İnna Valeryano­vna nə az, nə də çox, dörd Olimpia­dada meydana çıxmış, Mexiko-68 və Münhen-72-də çempionluğu bayram etmiş, Tokio-64 və Monreal-76-da isə gümüş mükafata sevinmişdir. İndi siz deyin, dünyada daha neçə voleybol­çunun bu qədər olimpiya medalı ola bilər?

“Neftçi”də, sonra da onun davam­çısı BMKZ-da (Bakı Məişət Kondisio­nerləri Zavodu) və Azərbaycan yığma komandasında yaxşı məktəb keçmiş daha bir mahir usta V.Lantratova da 1968-ci ildə Meksika səması altın­da parlamış, Olimpiya oyunlarının çempionu olmuşdur. Birdən-birə iki həmyerlimizin SSRİ yığma komanda­sında ümidləri tam doğrultması Azər­baycan voleybolunun təntənəsi idi və onun şöhrətini göylərə qaldırmışdı.

Olimpiya çempionluğu ilə yanaşı, dünya və Avropa çempionatlarının da qızıl medallarının sevincini yaşa­mış Azərbaycan voleybol məktəbi yetirmələrinin Olimpiya oyunlarında aləmə səs saldıqları o unudulmaz günlərdən artıq 56 il ötür. Üç il əvvəl 74 yaşında Sankt-Peterburqda vəfat etmiş Vera Lantratovanı hörmətlə yad edək.

Müxtəlif illərdə “Spartak”, “Avto­mobilçi”, İMF–İdman Malları Fabriki adı altında çıxış etmiş qadınlardan ibarət həndbol komandası da Azər­baycan idmanı tarixində özünə layiqli yer etmişdir. Rəfiqə Şabanova, Lüd­mila Şubina, Larisa Savkina, Elina Quseva, Esmira Əsgərova (Vahab­zadə), Marina Cəfərova və onların oyundaşları 40-50 il əvvəl dəfələrlə SSRİ çempionatlarının medallarını Bakıya gətirmişlər.

Komandanın liderlərinin yüksək ustalığı SSRİ yığma kollektivi məşq­çilərinin diqqətindən kənarda qalma­mışdı. Onlar 1976-cı ildə Kanada­nın Monreal şəhərində keçirilən XXI Olimpiya Oyunlarında iştirak etmək üçün heyətə Şabanova ilə Şubinanı da dəvət etmiş və seçimlərində yanıl­mamışdılar. Sovet komandası həmin Olimpiadanın qalibi oldu.

Bizim qızlar Bakıya qayıtdıqdan dərhal sonra Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev hər iki çempionumuzu, eləcə də, Olimpia­danın gümüş mükafatçısı voleybolçu İ.Rıskalı qəbul edib, onları yüksək nailiyyət münasibətilə təbrik etdi.

Monreal uğurlarından dörd il son­ra isə Moskva Olimpiadası–80-də digər həndbolçumuz fərqləndi. Larisa Savkina da adını olimpiya çempion­larının siyahısına yazdırdı. Bununla da Azərbaycan həndbolçuları üst-üstə ardıcıl iki Olimpiya oyunlarından respublikaya 3 qızıl medal gətirdilər. Elina Qusevanın 1988-ci ildə Seul Olimpiadasının bürünc mükafatçı­sı olduğunu da yada salsaq, əl topu ustalarımızın olimpiya medallarının sayı 4-ə çatmışdır–3 qızıl və 1 bü­rünc mükafat.

Qırmızıbayraqlı Xəzər Donan­masının vaterpolçuları da Olimpiya oyunlarında kəsərli sözlərini demiş­lər. Bir çox il ərzində ölkə çempio­natlarının ən güclü komandaların­dan biri olmuş QBXD kollektivinin üç oyunçusu olimpiadalarda sovet komandasının uğurlarına öz töhfələ­rini vermişlər. Yevgeni Saltsin 1960-cı ildə Roma Olimpiadasında gümüş, Nikolay Kuznetsov və Zenon Bortke­viç isə Tokio–64-də bürünc medallar qazanmışlar. 

Bu gün Azərbaycan idmanı nü­mayəndələrinin komanda növlərin­də SSRİ yığma kollektivi heyətində Olimpiya oyunlarında sahib olduq­ları mükafatları xatırlayarkən Tatya­na Şvıqanovanı da unutmuruq. Ona 1980-ci ildə Moskva Olimpiadasında iştirak etmək xoşbəxtliyi nəsib olmuş­du. Olimpiadada qazandığı bürünc medal isə sevincini ikiqat artırmışdı. 

Yeri gəlmişkən, “yaşıl hokkey” də respublikamızda kifayət qədər geniş inkişaf etmiş idman növü idi. Kişilərdən ibarət AzNKİ (Azərbaycan Neft və Kimya İnstitutu), “İnşaatçı” (Sumqayıt) kollektivləri və Bakının “Rabitəçi” qadın komandası SSRİ çempionatlarında xoş təsir bağışla­yırdılar. Bu növ üzrə respublikamızın yığma komandası isə, az qala, Pekin Olimpiadası–2008-ə lisenziya qaza­nacaqdı. On altı il əvvəl aprel ayın­da Bakıda Azərbaycan, Belarus, Çili, İspaniya, Keniya və Ukrayna koman­dalarının iştirakı ilə keçirilən Olimpiya təsnifat turnirində bunun üçün bircə qələbəmiz çatışmadı. Olimpiadaya vəsiqəyə turnirin həlledici final görü­şündə Azərbaycan kollektivinə qa­lib gələn İspaniya komandası sahib oldu. 

Onda ölkəmizin qadınlardan ibarət yığma komandası Olimpia­daya lisenziyanın bir addımlığında idisə, bu gün bizdə otüstü hokkey daha inkişaf etdirilmir. Təəssüf…

Elə qadın voleybol komandamız da Olimpiadanın qapısını açmaq im­kanı qazanmışdı. Yadımdadır, 2004-cü ildə Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində (indi Heydər Əliyev İdman Sarayı) Afina Olimpiadasına təsnifat turniri keçiri­lirdi. Həmin illərdə respublikamızda qadın voleybolunun uğurları üçün çox zəhmət çəkən və xeyli dərəcədə də məqsədinə nail olan baş məşq­çi Faiq Qarayevin komandasının Rusiya, Almaniya, Polşa yığmaları ilə ağır mübarizədə olimpiya “bileti” qazanmağa gücü çatmasa da, hər halda, bu gözəl oyunun pərəstişkar­ları istər milli komandanın, istərsə də Çempionlar Liqasında “Azərreyl”in, “Rabitə”nin oyunundan əsl zövq alır­dılar. “Azərreyl” hətta 2000-ci illərin əvvəlində Avropa Voleybol Konfede­rasiyasının “Top Komanda” kuboku turnirinin qalibi oldu. Alla Həsənova, Yelena Şabovta, İnessa Qorxmaz, Oksana Məmmədyarova, Valeriya Korotenko (Məmmədova), Yelena və Oksana Parxomenko bacıları, Nata­liya Məmmədova, Polina Rəhimova, Natəvan Qasımova, Kseniya Pozn­yak bütün Azərbaycanın sevimlisinə çevrilmişdilər.

Bu ilin əvvəlindən yenidən milli komandanın baş məşqçisi kimi fəa­liyyət göstərən hörmətli Faiq müəllim yenə mübariz və böyük qələbələrə səfərbər olan bir kollektiv yaratmaq əzmi ilə çalışır. 

İdman həvəskarlarımız Azər­baycanın kişilərdən ibarət voleybol komandasını da daim hörmətlə xa­tırlayırlar. Oqtay Ağayev, Xəyyam Zülfüqarov, Yaşar Abbasov, Həsən Ələkbərov, Xalıq Ağayev, Səlim Ağa­yev, Tofiq Kazımov, Eldar Qadaşov, Roman Eydelman, Ramiz Hismətov, Vladlen Busalayevdən ibarət kollek­tiv meydanda istənilən komandaya layiqli rəqib idi. Təkcə bir fakt bunun əyani sübutudur. 1957-ci ildə Mos­kvada keçirilən və Böyük Oktyabr sosialist inqilabının 40 illiyinə həsr edilən turnirin qalibi məhz Azərbay­can komandası olmuşdu. Onda çox nüfuzlu “Sovetski sport” qəzeti yarı­şın yekunları haqqında hesabatı bü­tün səhifə boyu “Afərin, azərbaycan­lılar!” başlığı altında dərc etmişdi.

O uzaq illər haqqında qeydləri­mizi yekunlaşdırarkən lap bu yaxın­larda aldığımız xoş xəbərə bir daha ürəkdən sevinək. Müstəqil Azərbay­can Respublikası öz tarixində ilk dəfə Olimpiya oyunlarında komanda idman növlərində təmsil olunmaq hüququ qazanmışdır. Ölkəmizə bu sevinci qadınlardan ibarət basketbol 3x3 komandası yaşatmışdır. Aprel ayında Honkonqda seçmə mərhələ yarışlarında qrupun qalibi olmuş yığ­mamız bu günlər Paris Olimpiada­sına səylə hazırlaşır. Olimpiadada səkkiz kollektivin çıxış edəcəyi turnir­də onun rəqibləri ABŞ, Çin, Fransa, Avstraliya və bir qədər sonra müəy­yənləşəcək daha üç komanda ola­caq. 

Beləliklə, qadın basketbolçula­rımız komanda növlərində olimpiya turnirlərinə (kim bilir, bəlkə elə me­dallara da) yol açmışlar. Sağ olsun­lar. Əmin ola bilərlər ki, Azərbaycanın təkcə basketbol pərəstişkarları deyil, bütün idman ictimaiyyəti onları yorul­madan, var qüvvə ilə dəstəkləməyə hazırdır.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist



İdman