Bunun üçün sərt tədbirlər və birgə səylər lazımdır
BMT-nin 29-cu iqlim sessiyasının bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsinin tam təsdiq edilməsi yüksək inteqrasiya olunan karbon bazarları üzrə danışıqların 10 ildən sonra uğurla başa çatması demək idi. COP29 Sədrliyinin əsas prioritetlərindən biri olan Paris Sazişi tərəflərin intensiv ikitərəfli texniki və siyasi danışıqları vasitəsilə, nəhayət, tam təsdiqini tapdı. Bununla da illərlə davam edən adıçəkilən strateji sənədin reallaşdırılmasına yol açıldı.
Xatırladaq ki, Paris Sazişinin 6-cı maddəsi iqlimlə bağlı hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarlarının gerçəkləşdirilməsi nəzərdə tutulur. Bu transsərhəd əməkdaşlıq sayəsində ölkələrin milli iqlim planlarının həyata keçirilməsi nəticəsində xərclərin ildə 250 milyard dollara qədər azalcağı gözlənilir.
COP29 Sədrliyi tərəfləri bu vəsaiti daha böyük iqlim ambisiyalarına yenidən investisiya yatırmağa təşviq edir. Gələn ilin fevral ayında təqdim ediləcəyi planlaşdırılan növbəti nəsil etibarlı və şəffaf karbon bazarlarının yaradılması dünyanın 1,5 dərəcə hədəfinə çatmaqda mühüm əhəmiyyət daşıyır.
Yeri gəlmişkən, iqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən birinin həlli sayılan 6-cı maddə üzrə razılıq kömür zavodlarının istismardan çıxarılması, külək stansiyalarının qurulması və meşələrın salınması kimi məsələləri əhatə edir. Ekspertlərin fikrincə, bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir. Eyni zamanda, həmin maddə üzrə yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünün təmin edilməsini şərtləndirir.
Bu qərarın, real, əlavə, yoxlanıla və ölçülə bilən emissiyaların azaldılması və aradan qaldırılması vasitəsilə karbon bazarlarının şəffaflığını və dayanıqlılığını təmin etməkdə, qlobal iqlim investisiyalarına təkan vermək üçün böyük potensialı üzə çıxarmaqda önəmli rol oynayacağı gözlənilir. Ümumiyyətlə, bu istiqamətdə qəbul edilmiş təlimatlar və qaydalar karbon layihələrinin praktikliyinin və inklüzivliyinin qorunub saxlanmasını təmin etmək üçün nəzərdə tutulur. Həmin təlimatlar və qaydalar elə təşkil olunub ki, onlar karbon layihələrinin öz praktikliyinin və inklüzivliyinin qorunub saxlanmasını təmin edir, insan hüquqlarına hörmət bəsləyir və davamlı inkişafa dəstək göstərir, o cümlədən ölkələrə və layihə tərtibatçılarına Paris Sazişi çərçivəsində inamla əməkdaşlıq etmək imkanı verir.
İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynovun sözlərinə görə, qlobal temperaturun artması, qütb buzlaqlarının əriməsi və ekosistemlərin dəyişməsi kimi təhlükəli təsirlərin qarşısını almaq üçün qalıq yanacaqlardan istifadən tədricən alternativ enerji mənbələrinə keçid sürətləndirilməlidir.
Bu barədə BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasında da geniş müzakirələr aparılıb. Sessiyada tullantıların idarə edilməsi, bərpaolunan enerji həlləri, ekoloji cəhətdən təmiz mobillik, istixana qazı emissiyalarının idarə edilməsi və xalis sıfır karbon emissiyasına nail olmaq səyləri müzakirə olunub. Bildirilib ki, mövcud vəziyyəti dəyişmək üçün təkcə emissiyaların azaldılması üzrə beynəlxalq təşəbbüsləri dəstəkləmək deyil, həm də qalıq yanacaqlardan asılılığın azaldılmasına yönəlmiş texnologiyaların tətbiqi zəruridir. Buraya günəş və külək kimi bərpa olunan enerji mənbələrinə sərmayə qoymaq, infrastrukturu inkişaf etdirmək, elektrik avtomobillərdən istifadəni artırmaq lazımdır.
Dünyada, o cümlədən ölkəmizdə elektrik avtomobillərdən istifadə diqqət mərkəzində saxlanılıb. Çünki elektrik avtomobillərinə keçid də istixana qazlarının emissiyasının azalmasına təsir edə bilər. Hazırda bir çox ölkələrdə elektrik avtomobilləri havanın çirklənməsini azaltmağa təsir edir. Qaz və ya dizellə işləyən avtomobillərdən əhəmiyyətli dərəcədə aşağı istixana qazı emissiyaları yaradır. Eyni zamanda, bir çox elektrik avtomobilləri hələ də qalıq yanacaqlardan istehsal olunan elektrik enerjisi ilə işləyir. Deməli, bu sahədə də külək, günəş enerjisinə keçməyin vaxtı gəlib çatıb.
Yuxarıda qeyd etdiyimiz kimi, elektrik avtomobillərinə ölkəmizdə maraq artır. Bu ilin yanvar–oktyabr aylarında Azərbaycan 2 min 592 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edib. Bundan əlavə 12 min 529 ədəd elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib. Həmçinin sözügedən dövr ərzində ölkəyə 205 milyon 693 min ABŞ dolları dəyərində 6457 ədəd elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olan daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.
Artıq evlərdə enerji mənbəyinin dəyişdirilməsinin də vaxtı çatıb. Mümkünsə, külək və ya günəş enerjisi kimi bərpa olunan enerji mənbələrinə keçilməlidir. Ev üçün müvafiq miqdarda enerji yaratmaq üçün damlara günəş panelləri quraşdırılmalıdır. Ev təsərrüfatlarının enerjisinin neft, qaz və ya kömürdən külək, eləcə də günəş kimi bərpa olunan enerji mənbələrinə keçirmək karbon qazı tulantılarını azaldır.
Bundan əlavə, ictimaiyyəti iqlim problemləri ilə bağlı müzakirələrə cəlb etmək və bütün maraqlı tərəfləri nəzərə alan strategiyalar hazırlamaq vacibdir. Amma bir faktı da unutmaq olmaz. Qalıq yanacaqların artan istehlakı əhəmiyyətli iqtisadi və sosial nəticələrə malikdir. Kömür, neft və qazdan asılı olan ölkələr enerji qiymətlərinin dəyişməsi və beynəlxalq iqlim öhdəliklərini yerinə yetirmək zərurəti ilə bağlı ciddi problemlərlə üzləşirlər. Bu, xüsusilə iqtisadiyyatın karbohidrogenlərə fokuslandığı regionlarda iqtisadi qeyri-sabitliyə və sosial iğtişaşlara səbəb ola bilər.
Pünhan ƏFƏNDİYEV
XQ