TAP konsorsiumunun “qızıl” metan hədəfləri

post-img

Trans–Adriatik Boru Kəməri (TAP) konsorsiumu 2026-cı ilə qədər metan emissiyaları üzrə hesabatlılıq sahəsində qızıl standartına çatmağı hədəfləyir. Bu barədə TAP-ın icraçı direktoru Luka Skyeppati mətbuata açıqlamasında bildirib.

Metan emissiyalarının idarə olunmasının TAP-ın qlobal emissiya idarəetmə strategiyasının əsas elementi olduğunu vurğulayan icraçı direktorun sözlərinə görə, bu strategiyanın mərkəzində 2022–2025-ci illəri əhatə edən karbon idarəetmə planına daxil edilmiş metan emissiyalarını azaltma məqsədi dayanır. O deyib ki, TAP fəaliyyətə başladığı vaxtdan etibarən qeyri-mütəşəkkil metan emissiyalarının aşkarlanması və kəmiyyətcə qiymətləndirilməsi üçün bir sıra kampaniyalar həyata keçirib: “Bu tədbirlər itkilərin aşkarlanması və aradan qaldırılması kampaniyaları olaraq tanınır, Yunanıstan və Albaniyada 2021 və 2023-cü illərdə, həmçinin İtaliyada 2021, 2022 və 2023-cü illərdə əsas obyektlərdə keçirilib. Onların məqsədi təşkil olunmamış emissiyaların aşkar edilməsi, ölçülməsi və bu problemlərin həlli üzrə planın hazırlanması və həyata keçirilməsidir”.

Kampaniyalar çərçivəsində qeyri-mütəşəkkil emissiyalara məruz qalan bütün infrastruktur elementlərinin – klapanlar, birləşdiricilər, təzyiq təhlükəsizlik klapanları, ventilyasiya dəlikləri, axın ölçənlər və flanşların diqqətlə yoxlanıldığını xatırladan Luka Skyeppati deyib ki, TAP karbon izinin azaldılması istiqamətində innovativ yanaşmalar tətbiq etməyə davam edir və metan emissiyalarının idarə edilməsində şəffaflıq və məsuliyyət nümunəsi olmağı hədəfləyir.

Qeyd olunub ki, 2023-cü ilin yanvarında TAP Neft və Qaz Sənayesi üzrə Metan Tərəfdaşlığı təşəbbüsünə qoşulub. “Bu proqram BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində təşkil olunan metan emissiyalarının hesabatlılığı və azaldılması sahəsində qabaqcıl bir təşəbbüsdür. Onun məqsədi emissiyalar haqqında məlumatların dəqiqliyini və şəffaflığını artırmaqdır. TAP 2025-ci il məlumatlarına əsaslanaraq 2026-cı il hesabat dövründə qızıl standartına çatmağı hədəfləyir. Üstəlik, TAP artıq 2023-cü il məlumatları əsasında 2024-cü il hesabat dövründə qızıl standartına nail olub ki, bu da metanın effektiv idarə edilməsinə və ekoloji göstəricilərin daimi yaxşılaşdırılmasına sadiqliyimizi göstərir”, – deyə o əlavə edib.

 

Ekologiya