Dünən Bakıda Beynəlxalq Əlillər Günü münasibətilə “Əlilliyi olan şəxslərin iştirakı ilə iqlim həllərinin təkmilləşdirilməsi” mövzusunda görüş keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov belə məclislərin əhəmiyyətindən danışıb. Beynəlxalq Əlillər Gününün önəmini vurğulayan nazir müavini deyib ki, bu gün Azərbaycan da bu cəmiyyətin diqqətini həssas qruplardan olan şəxslərin sosial müdafiəsinə yönəldir. Ötən ildə ölkəmizdə bu məqsədlə bir sıra layihələr həyata keçirilib. İndiyədək əlillərə verilən müavinətlər 3 dəfə, pensiyalar isə 2 dəfə artırılıb. Azərbaycanda əlilliyi olan şəxslərə dəstəyin dövlət siyasətinin əsasını təşkil etdiyini diqqətə çatdıran A. Kərimov qeyd edib ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) da əllilərlə bağlı məsələ, o cümlədən onların cəmiyyətə inteqrasiyası məsələsi müxtəlif tədbirlərlə geniş gündəmə gətirilib.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva isə noyabrın 11–24 tarixləri arasında Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29-da əlilliyi olan şəxslərin iştirakının təminatı üçün görülən işlərdən danışıb. Onun sözlərinə görə, COP29-un keçirildiyi məkanda əlilliyi olan şəxslərin konfransın işində fəal iştirakı, ehtiyac olduqda tibbi xidmətlərlə təmin olunması və zərurət yarandıqda operativ təxliyəsi üçün hər cür şərait yaradılması onlara verilən önəmin ifadəsidir.
Hazırda əlillərin planet əhalisinin 16 faizini təşkil etdiyini diqqətə çatdıran BMT rəsmisi deyib ki, onların arasında çox sayda istedadlı şəxslərin olması sevindiricidir. Qeyd olunub ki, bu il Nyu-York şəhərində “Gələcəyin Paktı” adlı sənəd qəbul olunub. “Bu sənəd statusundan asılı olmayaraq hər kəsin səsinin bütün dünyada eşidilməsinə imkan verəcək. Hesab edirəm ki, biz bu paktın icrası üçün əlimizdən gələni etməliyik”, – deyə o, əlavə edib.
Konfrans panel müzakirələrlə davam etdirilib.
Tədbirin sonunda “Əsa” teatrının kollektivinin təqdimatında insanları təbiəti qorumağa təşviq edən “Onları bağışlaya bilərikmi?” adlı tamaşa nümayiş etdirilib.