Xarici diplomatların Gürcüstanın daxili işlərinə qarışması təzyiq və təhdiddir
Avropa İttifaqının bir çox aparıcı dövlətlərinin diplomatları hələ də bir sıra keçmiş MDB ölkələrində özlərini qeyri-adi səlahiyyət sahibləri kimi aparırlar. Onlara, nədənsə, elə gəlir ki, burada istədikləri siyasi, ictimai və hüquqi məsələlərə qarışa bilər və hətta məhkəmələri arzu etdikləri məcraya yönəldə bilərlər. Bu, əlbəttə, səhv yanaşmadır və beynəlxalq hüquqi normaların kobud surətdə pozulması deməkdir.
Qərbli siyasətçilərin “gənc demokratik ölkələrə” qarşı eqoistik yanaşma nümayiş etdirməsi həmin ölkələrin ziyalıları, elmi ictimaiyyəti, vətəndaş cəmiyyəti fəalları arasında haqlı narazılığa səbəb olur. Avropa siyasətçiləri belə bir həqiqəti unudurlar ki, böyük və kiçikliyindən asılı olmayaraq, beynəlxalq hüququn subyekti olan hər bir ölkənin vətəndaşlarının milli heysiyyətinə toxunmağa, onlara yuxarıdan aşağı baxmağa heç kimin mənəvi və hüquqi haqqı yoxdur.
Gürcüstanda bu günlərdə vətəndaşla Almaniyanın səfiri arasında baş verən qalmaqal qeyri-səmimi münasibətlərin doğurduğu fərqli mövqe və yanaşmalardan qaynaqlanır. Avropa bunun fərqində olmalıdır və bərabərhüquqlu münasibətlərin əhəmiyyətini dərk etməyə çalışmalıdır. Təəssüf ki, Qərb siyasətçiləri adi həqiqətləri belə normal qəbul edərək səhvlərini etiraf etməyi özlərinə rəva görmürlər.
İndi isə əsas mətləbə keçək. Mayın 16-da Batumi Şəhər Məhkəməsində Gürcüstanın tanınmış müxalifətçi jurnalisti və media meneceri Mzia Amağlobelinin məhkəmə prosesində birdən-birə 3 Avropa ölkəsi–Almaniya, İsveç və Estoniyanın Tbilisidəki səfirləri iştirak ediblər. Bundan əlavə, məhkəmə prosesinə Batumiyə xüsusi olaraq bu məqsədlə gəlmiş Avropa Parlamentinin Avstriyadan olan üzvü Lena Schilling də qatılıb.
Həmin gün məhkəmə gərgin keçsə də, qeyri-adi, fövqəladə bir insident baş verməyib. Lakin 2 gün sonra, yəni mayın 18-də, məhkəmənin növbəti iclasında iqtidarda olan “Gürcü arzusu” partiyasının qızğın tərəfdarı Valeri Koçiaşvili adlı bir nəfər ilə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer arasında kəskin qalmaqal yaşanıb. Belə ki, vətəndaş Almaniya səfirini ölkəsinin daxili işlərinə qarışmaqda suçlayaraq, səfirin məhkəmə zalında iştirakına qəti etirazını bildirib. Müxalifət yetkililəri belə bir məqamı da iddia edirlər ki, həmin şəxs səfirin ünvanına təhqiramiz sözlər də işlədib.
Gürcüstanın bir çox media nəşrlərinin yazdığına görə, Valeri Koçiaşvili bundan sonra özünün “TikTok” səhifəsində almaniyalı diplomatı necə təhqir etdiyini fəxrlə təsvir edən videolar yerləşdirib. O, sosial şəbəkələrdəki çıxışında da kobud ifadələr işlədib və deyib ki, “Peter Fişer Gürcüstanda aclıqdan ölməlidir”. Bu insident qonşu ölkədə geniş ictimai rezonansa səbəb olub.
Gürcüstan mətbuatı yazır ki, Qərb diplomatları Mzia Amağlobelinin məhkəmə prosesinə xüsusi maraq göstərirlər. Avropa ölkələrinin ayrı-ayrı səfirliklərinin nümayəndələri məhkəmə iclaslarına tez-tez qatılırlar. Qərbli diplomatlar bununla da məhkəmə prosesinə təsir göstərməyə çalışırlar. Həbsdə olan jurnalistin vəkili iddia edir ki, hüquqlarını müdafiə etdiyi şəxs siyasi sifarişlərlə, qanunsuz olaraq həbs edilib. Hökumət rəsmiləri bu ittihamları qətiyyətlə rədd edirlər.
Xatırladaq ki, iqtidar əleyhinə kəskin siyasi baxışları ilə seçilən Mzia Amağlobeli populyar “Batumelebi” və “Netgazeti” qəzetlərinin təsisçisi və direktorudur. Bu nəşrlərdə vaxtaşırı onun iqtidar nümayəndələri barədə kəskin tənqidi yazıları dərc olunur. 4 aydan çoxdur ki, Mzia Amağlobeli həbsdədir. O, bu yaxınlarda 38 gün aclıq aksiyası keçirib.
Müxalifət iddia edir ki, Batumidəki məhkəmə insidenti “Gürcü arzusu”nun və hökumətyönlü medianın səfirə qarşı ittihamlarının artması fonunda baş verir. Səfir Peter Fişerin jurnalist Mzia Amağlobelinin məhkəmə iclaslarına gələrək “Mziaya azadlıq” şüarı fonunda müsahibə verməsi ölkə ictimaiyyətində kəskin reaksiyaya səbəb olub. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili də diplomatı Vyana Konvensiyasının qanunlarını pozmaqda ittiham edib.
Gürcüstanın artıq sabiq, 5-ci prezidenti Salome Zurabişvili Batumidə baş verən hadisəni pisləyib. O, bu günlərdə Almaniyanın səfiri ilə görüşüb və onunla həmrəy olduğunu bildirib: “Bu, təkcə səfirə qarşı deyil, bütün Gürcüstana təhqirdir. Almaniya 30 ildir ki, bizi dəstəkləyib və Gürcüstana Avropa İttifaqının üzvlüyünə namizəd ölkə statusunun verilməsində mühüm rol oynayıb. Bugünkü liderlərin çoxu Almaniyada təhsil alıblar. Batumidə səfiri müdafiə etmək üçün ayağa qalxan bütün vətəndaşlara təşəkkür edirəm. Almaniya bizim dostumuzdur və Gürcüstanın əksər vətəndaşlarına tam dəstəyimizi bildiririk”. Yeri gəlmişkən, Almaniya səfirliyi də, öz növbəsində hadisəni təsdiqləyib və diplomata dəstək verən Gürcüstan vətəndaşlarına təşəkkür edib.
Görünən budur ki, Avropanın bir çox aparıcı “sivil” dövlətlərinin postsovet məkanında həyata keçirmək istədiyi “normativ diplomatiya” – yəni siyasi islahatları təşviqi adı ilə birbaşa proseslərə müdaxilə – artıq ciddi müqavimətlə qarşılaşır.
Batumi insidenti bir daha sübut edir ki, diplomatik nəzakət və balans prinsipi pozulanda, ölkələr arsında nəinki ikitərəfli münasibətlər zədələnir, eyni zamanda, Qərbə qarşı narazılıqlar, sərt reaksiyalar artır. Bu isə regionda ictimai şüurun Qərbə münasibətinin dəyişməsi, “ikili standartlar” hissinin güclənməsi ilə nəticələnir.
Bəli, Qərb diplomatiyasının bəzi təmsilçiləri, xüsusən də Avropa İttifaqı ölkələrinin səfirləri son dövrlər Moldova, Ermənistan, Gürcüstan və bəzən də Azərbaycanda təkcə iqtisadi və mədəni deyil, həm də siyasi proseslərə aktiv şəkildə təsir göstərməyə çalışırlar. Bu, həmin dövlətlərin suveren hüquqlarına qarşı aşkar hörmətsizlikdir.
Batumi insidenti bir daha göstərdi ki, artıq Gürcüstanda da Qərbin, yumşaq desək, bu səhv, yanlış yanaşması ilə barışmayan sosial qruplar formalaşıb. Məsələ artıq təkcə iqtidarla müxalifət arasındakı mübarizə deyil. Bu, Qərbin bölgədə necə qəbul edildiyi və “dost-düşmən” anlayışlarının necə dəyişdiyini göstərən siqnaldır. Bəli, Qərb artıq özünün yalançı “dost maskası”ndan imtina edir.
Məsaim ABDULLAYEV
XQ