Cənubi Qafqaz ölkələri problemləri özləri həll etməlidir

post-img

“Regionda davamlı sülhə nail olmaq üçün İrəvan Bakı ilə sülh müqaviləsi bağlamalıdır. Müqavilə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlər toplusuna əsaslanmalıdır. Hazırda Moskvanın İrəvanla Bakı arasında münasibətlərin tam normallaşmasına ehtiyacı var”. 

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşündə bildirib. Onun sözlərinə görə, Cənubi Qafqazın problemləri yalnız region ölkələri və onların ən yaxın qonşuları tərəfindən həll edilməlidir: “Xarici ölkələrin region dövlətləri ilə əlaqələrini inkişaf etdirməsinə qarşı etirazımız yoxdur. Bir şərtlə ki, belə qarşılıqlı əlaqə gərginlik yaratmağa və ya xoşagəlməz nəticələrə gətirəcək geosiyasi oyunlar naminə yerli ölkələrin maraqlarına qarşı yönəlməsin”.

S.Lavrov qeyd edib ki, Rusiyanın mövqeyi səmimi və gizli motivlər olmadan işləməyə hazır olan hər kəslə əməkdaşlığa açıqdır: “Biz Rusiyanın İrəvan və Bakının sülh sazişinin bağlanması, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, həmçinin dövlət sərhədinin delimitasiyası, demarkasiyası vasitəsilə hərtərəfli sülhə, razılığa nail olmağa doğru irəliləməsinə bundan sonra da yardım etməyə hazır olduğunu təsdiqlədik”.

Beləliklə, Lavrov aydın şəkildə bildirir ki, İrəvan Bakı ilə sülh müqaviləsi imzalamalıdır və bu sənəd 2020-ci il 10 noyabr tarixli və sonrakı üçtərəfli bəyanatlara əsaslanmalıdır. Bu, Rusiyanın Cənubi Qafqazda vasitəçi rolunu davam etdirmək və prosesləri öz himayəsi altında saxlamaq niyyətini göstərir. Nazirin dediyi “xarici ölkələrin geosiyasi oyunları” ifadəsi ilə, o, Qərbin, xüsusilə də ABŞ və Fransanın bölgəyə artan təsirinə qarşı xəbərdarlıq edir. Bu, Moskvanın bölgədəki mövqeyinin zəifləməsi fonunda ölkəsinin narahatlığını əks etdirir. Lavrovun “səmimi və gizli motivlər olmadan” ifadəsi isə Moskvanın etibarlı vasitəçi imicini qorumaq cəhdidir. Amma reallıqda bu mövqe həm də Rusiyanın bölgədə maraqlarının təmin olunmasına xidmət edir.

***

Moskva həm də nəqliyyat kommunikasiyalarının açılmasında maraqlı olduğunu bildirir. Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatda və ondan sonrakı bəyanatlarda regionda kommunikasiyaların, xüsusilə, Zəngəzur dəhlizinin açılması ilə bağlı maddə əksini tapıb. Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistanın ərazisində yerləşən Zəngəzurdan Naxçıvana hərəkət maneəsiz olmalıdır. Bu dəhliz Moskva üçün strateji əhəmiyyət daşıyır. Deməli, bu, yalnız Azərbaycan üçün deyil, Cənubi Qafqazdan Türkiyəyə və Yaxın Şərqə çıxış baxımından Rusiya üçün də mühüm nəqliyyat bağlantısıdır. Bu səbəbdən Bakı və Moskva sözügedən məsələnin mümkün qədər tez həllini istəyir. Fəqət, Ermənistanın adekvat reaksiya sərgiləməməsi Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını gecikdirir. 

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Samir Vəliyev bildirdi ki, regionda kommunikasiyaların bərpası bütün ətraf ölkələr üçün böyük önəm kəsb edir: “Dəhlizin işə düşməsi ilə Naxçıvanın blokadasına son qoyulacaq. Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın əsas yolları ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm halqa olacaq. Dəhlizin açılması Ermənistan üçün də faydalıdır. Çünki bundan onlar da dividend qazanacaqlar”.

Beləliklə, mövcud reallığı nəzərə alıb dəhlizin ərazisindən açılmasına razılıq verməyəcəyi təqdirdə bundan ən çox zərər görən Ermənistan olacaq. Baş nazir Nikol Paşinyan bunu başa düşür. O, parlamentdə “hökumət saatı”nda çıxışlarından birində deyib ki, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrlə ticarət dövriyyəsinin həcmini artıracaq. Bu kimi üstünlüklərə baxmayaraq, bu gün iki ölkə arasında kommunikasiyalar bağlıdır. Görünür, Hayastana təsir göstərən xarici qüvvələr ona Zəngəzur dəhlizinin açılmasına icazə vermirlər. İstənilən halda, maneələrə baxmayaraq, dəhliz gec-tez işə düşəcək.

***

Rusiyanın baş diplomatı çıxışında onu da qeyd edib ki, Cənubi Qafqaz ölkələrini və onların ən yaxın qonşularını birləşdirən “3+3” platforması regional əməkdaşlığın inkişafı üçün ciddi potensiala malikdir: “Bu platforma uzunmüddətli sülh və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm alət olmaq, həmçinin Cənubi Qafqaz ölkələri və onların yaxın qonşuları arasında qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın, nəqliyyat əlaqələrinin və mədəni ənənələrin inkişafına töhfə vermək üçün bütün ilkin şərtlərə malikdir. ...Biz üçüncü görüşün keçiriləcəyi yer barədə müzakirə apardıq. Hesab edirəm ki, bu tədbirə evsahibliyi etmək istəyən Ermənistan və Azərbaycan öz aralarında razılığa gələ bilər”. 

Rusiya XİN rəhbərinin bu açıqlaması ilə “3+3” platformasının regionda qarşılıqlı faydalı ticari-iqtisadi əlaqələrin inkişafına töhfə verməsi, mədəni əlaqələrin gücləndirilməsi məqsədilə böyük potensiala sahib olduğunu vurğulayır, onu tərəflər arasında uzunmüddətli sülh və təhlükəsizliyin təmin edilməsi üçün yaxşı  alət olaraq görür. Rusiya, Ermənistan və Azərbaycan arasında bu platformanın növbəti görüşünün təşkilinə kömək etməyə hazır olduğunu bildirən Lavrov iki ölkənin paytaxtlarında keçiriləcək görüşlərin tərəflər üçün faydalı olacağına  ümidini ifadə edir. 

***

Oxuculara xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan etmişdi ki, Bakı sülh yolu ilə nizamlanma çərçivəsində İrəvanla bir neçə istiqamətdə işləyir, tərəflər sərhədin delimitasiyası üzrə əvvəllər başlamış təmasları davam etdirir. Azərbaycan Ermənistandan nəqliyyat dəhlizlərinin açılması ilə bağlı öhdəliklərini yerinə yetirməsini gözləyir.

Beləliklə, Rusiya Cənubi Qafqazda zəifləmiş mövqeyini gücləndirmək, Qərbin Ermənistana təsirini neytrallaşdırmaq, Azərbaycanla strateji əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. Onun bu niyyətində nə qədər səmimi olduğu isə başqa yazının mövzusudur.

Pünhan ƏFƏNDİYEV 
XQ

 

Dünya