Ukraynada hərbi böhran davam edir. Kiyevə Rusiyaya qarşı dirəniş göstərmək üçün Qərbdən kifayət qədər maddi və mənəvi dəstək vəd olunur. Münaqişənin davam etməsini inadla dəstəkləyən ABŞ-də yeni prezident seçkiləri Ukraynanın taleyinə necə təsir göstərəcək?
İndi beynəlxalq aləmdə sanki bir pauza ab-havası hökm sürməkdədir. Dünya ölkələrinin, xüsusən Qərb dövlətlərinin liderləri sanki əllərini-qollarını sallayıb ABŞ prezidenti seçkilərinin nəticələrini gözləmək istəyirlər. Hamı fikirləşir ki, birdən olmadı belə, oldu elə, prezident Co Baydenin xəttini davam etdirməli olan hazırkı vitse-prezident Kamala Harris seçilə bilmədi, Ağ ev keçdi Donald Trampın əlinə. Onda necə olacaq? Ona görə də hazırda Ukraynaya vəd olunmuş 50 milyard dolların ayrılması məsələsi barədə hələ ki, sükut edilir. Yəqin ki, seçkinin nəticələrini gözləməyə dəyər. Özü də, həmin 50 milyard pulun Rusiyanın dondurulmuş aktivləri hesabına ödənilməsi nəzərdə tutulduğundan vəziyyət bir az da qəlizləşir. Tramp Rusiya ilə münasibətləri nizamlamağa çalışacaqsa, Rusiya aktivlərinə sahiblik etmək istəyənlərin aqibəti necə olacaq?
Bu yandan da, Rusiya əlləri hər şeydən üzüləndən sonra özünü və xalqını qorumaq üçün nüvə silahına əl atacağını gizlətmir. Əlbəttə, dünyada da başa düşməyə başlayıblar ki, bu boyda zarafat olmaz. Suda boğulan saman çöpündən yapışır. Moskva, doğrudan-doğruya, nüvə silahına əl ata bilər. Üstəlik, o, buna Qərb tərəfindən məcbur edildiyini bildirir. Artıq Bayden də Rusiyanın nüvə hədələrinin zarafat olmadığını anlayıb və dünən bəyan edib ki, dünyada nüvə arsenalının azaldılması ətrafında Moskva, Pekin və Pxenyanla danışıqlara hazırdır. Bayden deyib: “ABŞ nüvə təhlükəsini azaltmaq üçün ilkin şərt olmadan Rusiya, Çin və Şimali Koreya ilə danışıqlara hazırdır. Nüvə arsenallarının azaldılmasında irəliləyişə mane olmaq nə bizim ölkələrimiz, nə də dünya üçün faydalıdır”. Onun fikrincə, nüvə təhlükəsinin mövcudluğu bütün dünyanın uzun illərdən bəri kollektiv şəkildə üzərində işlədiyi norma və razılaşmaları pozur.
Təbii ki, Suriyanın, Liviyanın, müəyyən dərəcədə Misirin, onlardan əvvəl Əfqanıstan və İraqın, son vaxtlar isə Qəzzanın və Livanın viran qoyulmasından sonra Ukraynanın tam xarabalığa çevrilməsinin qarşısını almağın vacibliyini başa düşməyin özü də müsbət haldır, bəlkə də ziyanın yarısından qayıtmaqdır. Odur ki, yaxşı-yaxşı nəfəs dərməyə dəyər.
Deyəsən, elə dostumuz, Macarıstanın baş naziri Viktor Orban da elə bunu təklif edir. O, yenə də Qərbdə hamıdan qabağa düşərək, Ukraynanın qalan ərazilərinin də yerlə-yeksan edilməsinə və bu məqsədlə Kiyevə həmin 50 milyard dolların ötürülməsinə tələsməmək barədə danışıb. O, qalib gələcəyi təqdirdə bu əsnada Trampa kömək etməyə hazır olduğunu bildirib.
Artıq Rusiyada da başa düşürlər ki, ABŞ Prezidenti Co Bayden nə üçün Ukraynaya yardımla bağlı iclasda iştirak etməmək qərarına gəlib və bu, Avropa ölkələrinin Kiyevə müstəqil şəkildə yardım göstərmək istəməməsinə səbəb olacaq. Belə çıxır ki, hamı ABŞ prezidenti seçkisinin sonuna qədər nəfəs dərmək niyyətindədir.
Ukraynanın ərazisində isə müharibə bütün gücü ilə davam etməkdədir. Son 24 saat ərzində Qərb qoşun qrupunun motoatıcı bölmələri Ukrayna Silahlı Qüvvələrinin 39 dayaq məntəqəsini ələ keçirərək cəbhə xəttində vəziyyətini yaxşılaşdırıb. Bunu oktyabrın 14-də qrupun mətbuat mərkəzinin rəhbəri İvan Biqma TASS-a müsahibəsində deyib: “Artilleriyanın, ağır atəş sistemlərinin və aviasiyanın dəstəyi ilə Petropavlovsk, Kupinsk, Berestovoy, Chervona Dibrova və Qriqorovka rayonlarında Ukrayna Silahlı Qüvvələrinin 119-cu ərazi müdafiə briqadasının və 14, 30, 44 və 53-cü mexanikləşdirilmiş briqadalarının canlı qüvvə və texnikası darmadağın edilib”.
Dünən “The Wall Street Journal” yazıb ki, Ukraynada müharibənin üçüncü ili başa çatmaqda olduğu bir vaxtda Rusiya yorulmadan hücum əməliyyatlarını davam etdirir. Qərb liderləri isə münaqişənin dayandırılması üçün yollar axtarırlar. Eyni zamanda, Ukrayna Qərbin məhdud sayda və ləng şəkildə göndərdiyi silahlar fonunda çox sərt bir qışı qarşılamağa hazırlaşır. Rusiyanın raket və PUA-larının Ukraynanın energetika infrastrukturuna aramsız zərbələri qış aylarında ölkəyə işıq verilməsi ilə bağlı vəziyyəti daha da çətinləşdirir. Rus qoşunlarının bu yaxınlarda Uqledarı tutması və Pokrovsk istiqamətində irəliləməsi ukraynalı hərbçiləri bərk narahat edib.
“Bild” isə Ukrayna Silahlı Qüvvələrinin yaxın aylarda Kursku tərk edə biləcəyini qeyd edib. Çünki rus qoşunları bu istiqamətdə də hücumlarını genişləndirib və artıq bir sıra məntəqələri ələ keçirərək 13 kilometr irəliləyib. Dünən Rusiya hərbi qüvvələri Ukraynanın əlində olan Suca şəhərinə hücum edib, şəhərə gedən şosseni nəzarətə götürüblər.
ABŞ-də seçkilər isə lap yaxındadır...
Paşa ƏMİRCANOV
XQ