Çinin “Çanye-6” avtomatik enib-qalxma modulu Ayın səthindən topladığı süxur nümunələri ilə birlikdə Pekin vaxtı ilə iyunun 4-ü saat 07:38-də Yerin təbii peykinin səthindən qalxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Kosmos Administrasiyası (CNSA) məlumat yayıb. Bildirilir ki, modul 6 dəqiqəlik uçuşdan sonra Ayın orbitinə daxil olub. O, “Çanye-6” kosmik cihazı ilə birləşdikdən sonra Yerə doğru hərəkət edəcək. Bu, bəşəriyyət tarixində Ayın görünməyən tərəfindən ilk süxur toplma missiyasıdır. Bundan sonra “Çanye-6” missiyası topladığı süxur nümunələrini Yerə gətirməlidir.
Qeyd edək ki, Çinin Ayın görünməyən tərəfindən süxur toplayıb gətirmək üçün başlatdığı “Çanye-6” missiyasına mayın 3-də start verilib. CNSA missiyanın təxminən 53 gün davam edəcəyini planlaşdırıb. Enib-qalxma modulu iyunun 2-də Ayın Cənub qütbü - Eytken hövzəsinə yumşaq eniş edib. Bu, Ayın səthində, ümumilikdə Günəş sistemində krater zərbəsi nəticəsində yaranmış ən qədim, ən böyük və ən dərin hövzədir. Həmin ərazidən götürülən nümunələr Ay haqqında yeni məlumat əldə etməyə imkan verəcək.
Çinin “Çanye-5” kosmik aparatı 2020-ci ildə Ayın yaxın tərəfindən nümunələr gətirib. Çin 2030-cu ilə qədər öz astronavtlarını Aya yerləşdirməyi hədəfləyir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin