Yalançı bayraq altında amansız terror

post-img

“Krokus Siti Hall” terroru: versiyalar fərqlidir, bəs izlər hara aparır?

Martın 22-də axşam Rusiyanın paytaxtı Moskvada avtomatlarla silahlanmış naməlum şəxslər “Krokus Siti Hall” konsert zalına basqın edərək, amansız terror aktı törətmişlər. “Krokus Siti Hall” Moskvanın 6 min 200 tamaşaçı tutumu olan ən böyük konsert salonudur. Hadisə həmin axşam “Piknik” qrupunun konsertinin başlamasına dəqiqələr qalmış baş verib və həmin dəqiqələrdə salonda artıq 6 minə yaxın adam olub. 

Bu günə olan rəsmi məlumatlara görə, silahlı terror nəticəsində 139 nəfər həlak olub. 92 nəfər bugünədək xəstəxa­nalardadır və onlardan bir neçəsinin və­ziyyəti ağır olaraq qalır. Rusiya Fövqə­ladə Hallar Nazirliyi konsert zalındakı xilasetmə işlərini artıq başa çatdırıb. 

Hadisədən dərhal sonra Rusiyanın xüsusi xidmət orqanları silahlı basqında iştirak edən 4 nəfəri ölkəni tərk etmək istəyərkən Bryansk yaxınlığında ələ keçi­riblər. Onların 4-ü də Tacikistan Respubli­kasının vətəndaşıdır. Paytaxt məhkəmə­si terror aktının törədilməsində iştirak edən və onun təşkil edilməsində şübhəli bilinən 8 nəfər haqqında iki aylıq mü­vəqqəti həbs qəti imkan hökmü çıxarıb. 

Dünyanın əksər ölkələrinin dövlət başçılarının və xalqlarının qətiyyətlə pislədiyi “Krokus Siti Hall” qanlı terro­ru haqqında bu yığcam informasiya ilə bəlkə də kifayətlənmək olardı. Törədən­lər bəllidir və artıq həbs ediliblər. Lakin bu günədək bu qanlı və amansız hücu­mun arxasında kimlərin durduğu məlum deyil. ABŞ və digər Qərb dövlətləri İŞİD-i günahlandırır və Ukraynanın hər hansı iştirakını inkar edirlər. Lakin Rusiya tərəfi onların izahatını qəbul etmir.

Analitiklər bu hadisənin Rusiyanın xarici siyasətinə ciddi təsir göstərə bilə­cəyini və Moskvanın araşdırmasının nəticələrindən asılı olaraq, Ukrayna mü­naqişəsinin daha da genişlənməsinə sə­bəb ola biləcəyini istisna etmirlər. Onların fikrincə, terror aktında İslam Dövlətinin (İŞİD) mümkün iştirakı vəziyyəti daha da gərginləşdirir. 

Terror aktından az bir müddət son­ra konsert salonuna hücuma görə mə­suliyyəti İslam Dövlətinin bir qolu olan “İŞİD-Xorasan” öz üzərinə götürüb. Cümə günü Amerika kəşfiyyatı da “Reu­ters”ə məhz İŞİD-in bu hadisədə iştira­kını təsdiqləyib. Buna əsaslanan Ağ ev elə həmin gün əlavə edib ki, Ukraynanın Moskva vilayətində törədilən terror aktın­da əli olduğuna dair heç bir sübut görmür.

Rusiya prezidenti Vladimir Putin ba­zar günü televiziya müraciəti zamanı terror aktında iştirak edən 11 nəfərin, o cümlədən basqın edib insanlara fərq qoymadan atəş açan dörd nəfərin saxla­nıldığını bildirib. Dövlət başçısının sözlə­rinə görə, onlar gizlənməyə çalışıblar və Ukraynaya doğru hərəkət ediblər, orada “Ukrayna tərəfində onların dövlət sərhə­dini keçmələri üçün pəncərə hazırlanıb”.

Əlbəttə, ABŞ və onun NATO müttə­fiqlərinin nöqteyi-nəzərindən qeyri-insani terror hücumunda İŞİD-i günahlandırmaq asandır. Onlar uzun müddətdir ki “nizənin iti ucunu” Qərbin düşməninə yönəldirlər və Moskvada baş verən faciəyə görə, hətta hər hansı bir iddianı belə rədd edir­lər. Amma bir çox ekspertlər və politoloq­lar bu versiyanın çatışmazlıqlarını açıb göstərməkdən çəkinmirlər.

Ekspertlər ciddi şəkildə bildirirlər ki, güclü strukturun və ya şəbəkənin dəstəyi olmadan bir neçə terrorçunun təkbaşına belə bir əməliyyatı reallaşdıra biləcəyini təsəvvür etmək çətindir.Yaxalanan terror­çular ilk dindirmələrdə əslində birdəfəlik “işə götürülmüş cinayətkarlar” olduqları­nı, yəni pul üçün bu cinayətə getdiklərini etiraf ediblər. Bununla belə, terrorçular sifariş verənlər və ya müştəriləri haqqın­da hələ ki, heç bir məlumat verməyiblər, bəlkə də vermək istəməyiblər.

Rusiyada populyar olan başqa bir versiya ondan ibarətdir ki, terror aktının əsl təşəbbüskarları və təşkilatçıları Ki­yevdə axtarılmalıdır. Bu fərziyyəni mü­dafiə edənlərin fikrincə, Ukrayna Silahlı Qüvvələri döyüş meydanında Rusiyaya uduzur, münaqişənin axarını öz xeyrinə dəyişə bilmir. Terror aktı Ukrayna rəhbər­liyinin öz yanaşmasını ifadə edə biləcəyi bir neçə “asimmetrik” üsullardan biridir.

Bu versiya da inandırıcı səslənir və şübhəsiz ki, Ukraynanın beynəlxalq imi­cinə zərbə vurur. Axı niyə sonda terror­çular Rusiya-Ukrayna sərhədindən qaç­mağa çalışıblar və sərhədin təxminən 160 kilometrliyində yaxalanıblar? Belə görünür ki, hücum edənlər Ukraynaya təhlükəsiz daxil olub, orada sığınacaq tapmaq üçün ən azından ukraynalı tərəf­daşları ilə əvvəlcədən razılaşıblar.

Rusiyanın bu məsələdə maraqlı tərəf olduğunu nəzərə alıb orada irəli sürülən versiyaları bir anlıq kənara qoyaq və Qərbin özündə səslənən fikirlərə diqqət yetirək. Məsələn, keçmiş ingilis diplomatı Alister Kruk əminliklə bildirir ki, “Krokus Siti Hall”da terror törədənlər cihadçılar olmayıblar. “Judging Freedom”a müsahi­bəsində diplomat deyib: “Bu insanlar ci­hadçı deyillər. Çünki videoya baxdım və cihadçıların necə olduğunu bilirəm. Bilir­siniz, mənim işim cihadçıların ətrafında olmaq olub, ona görə də bilirəm”.

Qərbin bir çox mətbuat orqanları bu terror aktında hətta Türkiyə izinin oldu­ğuna da rəsmiləşdirməyə çalışırlar. Gö­rünür, Qərb izi azdırmaq üçün mümkün olan bütün çirkin niyyətlərə əl atmaqdan çəkinmir ki, təkcə bu qanlı ləkəni öz üs­tündən götürsün. Amma Türkiyə mətbua­tı bütün bunlara çox sərt və əsaslandırıl­mış açıqlamaları ilə cavab verməkdədir. Məsələn, “Aydinlik Gazetesi” yazır ki, “Krokus”dakı terror aktı Nulandın Putinə vəd etdiyi “sürprizdir”. Nəşrin yazdığına görə, bu, Baydenin Putinə seçkilərdəki qəti qələbəsi şərəfinə “təbrik” də ola bilər. 

Qəzet yazır: “Rusiya Putinin ətrafın­da birləşib. O, nəinki 87 faiz səs topla­yıb, həm də rəqiblərini öz tərəfinə çəkib. Dünya ölkələrinin böyük əksəriyyəti Ru­siya Federasiyasında keçirilən seçkilərin nəticələrini sevinclə qarşılayıb. Axı, Ru­siyada sabitlik hamı üçün zəmanətdir. Dünya liderlərinin əksəriyyəti Putini təbrik edərək, birgə işləməyə hazır olduqlarını bildiriblər. Yalnız Qərb və konkret olaraq ABŞ bundan heç də məmnun deyil. 

Daha sonra Moskvada terror aktı baş verir. Terrorçular fərq qoymadan atəş açır və konsert zalını yandırırlar. 130-dan çox ölü, yüzlərlə yaralı var. Bayden Pu­tini özünəməxsus şəkildə təbrik edib”, – deyə “Aydinlik Gazetesi” yazır. 

“Aydinlik Gazetesi” ilə eyni mövqe­dən çıxış edən “Yeni Şafak” nəşri də qeyd edir ki, bu əməliyyatla amerikalılar Rusi­yaya zərbə endirmək, onun İslam dünya­sı ilə münasibətlərini pozmaq, həmçinin bir çox başqa məqsədlərinə nail olmaq idi. Məqalənin müəllifi Tamer Korkmaz bu mövzuda bir çox tarixi faktlara üz tu­tur və ABŞ xüsusi xidmət orqanlarının müsəlman dünyasında törətdiyi müxtəlif qanlı təxribatları sadalayaraq sonda ya­zır: “Aydın olur ki, ABŞ-ın İŞİD-in əli ilə Moskvada həyata keçirdiyi terror aktın­da məqsədi Türkiyə ilə Rusiya arasında yaxınlaşmanı hədəfə almaqdır. Lakin Moskva bu tələyə düşmədi”.

Müəllifin yazdığına görə, “dünya ic­timaiyyətinin sionist İsrailə nifrət etdiyi bir vaxtda, ABŞ-ın bu hücumla bir daha diqqəti İslama yönəltmək və müsəlman­ları terrorçularla eyniləşdirmək istədiyini görmək çətin deyil”.

Məqalənin yekununda müəllif yazır: “Onlar həmçinin Ukrayna münaqişəsi fonunda Rusiyanın sanksiyalarla təqibi­ni dəstəkləməyən bəzi islam ölkələri ilə inkişaf edən əlverişli münasibətləri poz­maq istəyirdilər. Ancaq Moskva qarmağa düşmədi!”

Təbii ki, indi Rusiya prezidenti Putin belə hələ tam olaraq terror aktının Ukray­na tərəfindən həyata keçirildiyini demir. Ancaq Ukraynanın özündə bu qanlı ak­siyadan danışan bəzi rəsmilər çıxışların­da bu hücumun hazırlanmasında iştirak etmədiklərini deyil, daha çox iştirakçı olduqlarına işarə edir və dolayısı ilə təş­kilatçı olduqlarını gizlətmirlər. Məsələn, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk birbaşa efirdə keçmiş de­putat İlya Kiva, bloger Vladlen Tatarski, yazıçı Zaxar Prilepinə və Luqansk Xalq Respublikasının keçmiş məmurlarına qarşı sui-qəsd cəhdlərinin təfərrüatlarını açıqlayıb. 

Rusiya FTX-nin rəhbəri Aleksandr Bortnikov martın 26-da jurnalistlərə açıq­lamasında bildirib ki, “terror aktını islam­çı radikallar törədib və Ukrayna xüsusi xidmət orqanları bütün bu işlərdə onlara dəstək verib”. O qeyd edir ki, guya Ukray­na Yaxın Şərqdə yaraqlılara təlim keçib.

Bortnikov həmçinin bildirib ki, “Rusi­yaya və Rusiya vətəndaşlarına qarşı ci­nayət törədən hər kəs qanuni hədəfdir”. A.Bortnikovun sözlərinə görə, Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Buda­novun tezliklə məhv edilməsi də istisna edilmir. Jurnalistin “Niyə hələ də sağdır?” sualına isə FTX rəhbəri belə cavab verib: "Hər şey qabaqdadır".

Keçmiş həmkarlarının dəsti-xəttinə yaxşı bələd olan MKİ-nin keçmiş analitiki Larri Conson deyir ki, Amerika kəşfiyyatı Kiyevin Moskvada terror əməliyyatı keçir­məyi planlaşdırdığını bilməyə bilməzdi. Analitik “Dialogue Works” YouTube ka­nalına müsahibəsində bildirib ki, Ukray­na xüsusi xidmət orqanlarının müstəqil hərəkət etdiyini düşünsək belə, Vaşinq­ton gözlənilən təxribat barədə məluma­tı qaçırmaz. Amma bu barədə rusiyalı həmkarlarına xəbərdarlıq etməli idi.

L.Conson vurğulayıb: “Mənim fikrim­cə, ukraynalılar belə hesab ediblər ki, ABŞ-dan dəstək baxımından itirəcəkləri heç nə yoxdur. Artıq hər şeyi itiriblər. Heç kim qabağa qaçıb “gəlin onlara daha 61 milyard dollar verək!” demir.

Düşünürəm, məsələ belə olub: MKİ-nin zabitləri bu plandan, Ukraynanın nə edəcəyindən xəbər tutublar. İlk dəfə “Fi­nancial Times”a sızmanın baş verməsi­nin səbəblərindən biri də budur. Orada deyilirdi ki, “ukraynalılar özbaşına qaçıb çılğın şeylər edən bir dəstə vəhşi fillərdir və onların xeyirdən çox zərəri var”.

Bunun ardınca “OSINTdefender”dən bir tvit gəldi ki, bu, MKİ-ni sığortalamaq üçün edilmişdi, çünki bu, saxta şirkətdir və hökumət məlumatlarını yaymaq üçün əlverişli vasitə kimi istifadə edilir. O, “Fi­nancial Times”da dərc edilən məqalədəki bəzi şikayətləri təkrarladı: “ukraynalıları idarə etmək inanılmaz dərəcədə çətindir, onlar nəzarətdən çıxıblar və Vaşinqton onları cilovlamaq üçün addımlar atmağa hazırlaşır.

Ona görə də, çox güman ki, ukray­nalılar “amerikalılara məlumat vermədən bunu edəcəyik” demişlər. Amma kimsə amerikalılara xəbər verib. Onlar isə hə­min dəqiqə ukraynalıların planlarına qa­rışmayıb və deməyiblər: “Dayanın! Da­vam etsəniz, biz gedərik!” Onlar ruslara da xəbərdarlıq etməyiblər. Amma çox yəqin ki, onlar biliblər”. 

İlqar RÜSTƏMOV
XQ



Dünya